“Gözəl qadın milli nailiyyət kimidir” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Hər şey itirdi sehrini,

İtirdi ilk qəlibini.

Kim kimə saldı mehrini,

Kim kimə satdı qəlbini?!”

2.

Gözəl qadın milli nailiyyət kimidir.

3.

“Odu, göylər lap yaxındı,

Göylər ulduz-ulduzdu.

Səsim üzünə toxundu

 üzün yenə məyusdu.”

4.

Höte: “Hamlet büllur qaba əkilmiş nəhəng bir palıd ağacıdır.” Palıd ağacı böyüdüsə, əkildiyi qabı dağıdacaq.

5.

“Ol zamanlar” və “indiki zamanlar”...

 Ədəbiyyatımızın mayasında “qayıdış” ideyası durur. Bu, “ol zamanlar”a qayıdışdır. Niyə? Nə üçün? “Ol zamanlar” göylər daha yaxın idi.

6.

“Hamı bir-birinə oxşayır necə

Sözlər də, üzlər də eynən həməndir.

Necə də səhərə oxşayır gecə

Necə də göy üzü həmən həməndir.”

7.

Yağışlı bir payız havası olaydı. Duman ya vaş-yavaş dağ ətəyindən dağ başına çəkiləydi. Uzaqdan havada əriyən səslər gələydi. Ürəyin az qala yerindən çıxmaq istəyəydi. Göylərdən bir arzun varsa, yerinə yetirək, deyəydilər. Beynin dən bütün həyatın ildırım sürətilə keçəydi. Bu həyatın heç bir məqamını saxlamaq, geri qay tarmaq istəməyəydin. Sadəcə, ürəyindən bir arzu boylanaydı: yağışlı, çiskinli bir gün olaydı, yavaş-yavaş dağ ətəyindən dağ başına yol alan duman olaydı, bir də havada əriyən uzaq səslər...

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.