“Ölümün ömrü insanın ömrü qədərdir” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

.Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Nələr arzuladıq, nələr qazandıq?!

Hələ nələri də itirəcəyik.

 Yollara sarılıb biz də uzandıq,

 Hara gəlib çatdıq belə tələsik?!”

2.

Həyatın boyu ona-buna çox söz deyə bilərsən və deyirsən də. Amma həyatın boyu bir dəfə Söz demək imkanın olur. Bəzən onu demirsən.

3.

P.Çaadayev: “Xalqını sevənə eşq olsun. Həqiqəti sevənə ikiqat eşq olsun.”

Bu sözlər adamı ancaq və ancaq edam kürsüsünə apara bilər.

4.

“ Qovaq bir dərəyə sehrbazları,

Dərəyə onların adını verək.

Əridək buzları, salxım buzları,

Sehrlər tökülsün ləçək-ləçək...”

5.

Deyirlər ki, ölüm ani bir duyumdur. Belə deyil. Ölümün ömrü insanın ömrü qədərdir. Eyni yolumuzun tən ortasında üz-üzə gəlirik.

6.

“ Baxma belə yad-yad, dönük-dönük,

Uzun yola baxma belə - birdən gələni olar.”

7.

İki üstəgəl iki həmişə dörd olmur. Onun beş olduğu o qədər gözəl və qəribə məkanlar var ki...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.