Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar.
Ərtoğrul Cavid
Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, eyni zamanda 1937-ci il represiyası qurbanlarından olan və dünyaya gözlərini sürgündə soyuq Sibirdə yuman qocqoca ədibimiz Hüseyn Cavidin doğum günüdür.
Hüseyn Cavidin keçdiyi şərəfli ömür yolu və parlaq yaradıcılığı ilə hamımız tanışıq.
Bəs Cavid bir insan kimi, bir həyat yoldaşı, bir ata kimi ailəsində necə bir xarakterə sahib idi? Mənim üçün Cavidi daha da yüksəklərə ucaldan məhz bənzərsiz yaradıcılığı, şərəfli ömür yoluyla yanaşı, həm də onun bu yolda ailəsinə qarşı olan münsaibəti, verdiyi dəyər, göstərdiyi qayğı, xanımına savad öyrətməsidir.
Ömür gün yoldaşı Mişkinaz xanım Cavid haqqındakı xatirələrində bu barədə belə yazırdı:
“Mən Cavidin bacısı qızı ilə yaxın rəfiqə idim. Həm də qonşu idik. Cavidin bacısı həmişə öz ürəyində deyirmiş ki, kaş Hüseyn gələydi, Mişkinazı ona alaydım.”
O zaman Cavid Bakıda müəllimlik edirmiş. Cavid elə bu vaxt kitablarından bir neçəsini çapa veribmiş. Fikrində tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib sonra da evlənərəm. Sən saydığın qoy dursun, gör fələk nə sayır. Cavid bu fikirdəykən Bakını od-alov içində görür. Mətbəəni yandırırlar...
1918-ci ilin martında Cavid Təbriz mehmanxanasında yaşayırmış. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırırmışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinlərini əsir edirlər. Əsirləri indiki opera və balet teatrına aparırlar.
Cavid özü belə nəql edirdi:
“Ermənilər içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Oradakılardan biri:
Sağ qalmağa ümidin varmı? dedi.
Çıxmayan cana ümid çoxdu, dedim.
Yolun hər ayrıcında bizi aparanlar çəkilirdilər kənara və əsirləri atəşə tuturdular.
Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər çəkirdi kənara. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O biri isə deyirdi:
-Gərək bu işi başlayanlar öləydilər....
70 nəfərdən qaldıq 10 nəfər, hamısını yolda qırdılar... Heç kəsin yadına yemək düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə verib, "elə et ki, bir-neçə günə çatsın", dedim.
Bir həftədən sonra bizi azad etdilər.
Çıxdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə, dedim ki, «əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənin olsun».
O pul ilə birtəhər gəlib çıxdım Naxçıvana”.
Bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu Cavidə bildirir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa razı sala bilmir ki bilmir. Cavid şərt kəsir: Gərək özüm görəm, görməsəm «hə» deyə bilmərəm. Böyük qardaşının arvadı deyir: "- Mişkinazı çağırım gəlsin bizə, deyim, gəlsin mənim tikiş maşınıma baxsın. Sən də onu orda görərsən".
Bu isə Mişkinazın xatirələrindəndir:
“Müsahibim olmadığı üçün onlara yaxın get-gəlim yoxdu. Bir gün qardaşı arvadı bizə gəldi. Anama: -Maşınım yaxşı tikmir, olarmı Mişkinaz bizə gedib maşına baxsın? -dedi.
Getdim. Böyük bir evdi. Yarı hissəsindən o yana iki dənə böyük sandıq qoyub üstünə yük yığmışdılar. Cavid də oturmuşdu yükün arxasında. Məni də üzü yükə tərəf oturtdular. Demə, işıq dal tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmirmiş, ona görə də razılıq vermədi. Bir neçə gün götür-qoy etdilər. Axırda o qərara gəldilər ki, məni bu dəfə də bacısıgilə çağırsınlar.
... İçəri girəndə gördüm, samovarı qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturtdular. Sən demə, Cavid də o biri evdə qapının arasından baxırmış. Razılıq verdi... 1918-ci ildə evləndik.
Mən savadsız idim. Oxumaq, savad almaq çoxdankı arzum idi.
Gələndən bir neçə gün sonra Cavid mənə dərs verməyə başladı. Özü də məktəbdə müəllimlik edirdi. Bir neçə aydan sonra onu maarif idarəsi tərəfindən Bakıya göndərdilər. Oradan böyük qardaşına məktub yazdı: "Münasib bir adamla Mişkinazı göndər".
Cavidin kiçik qardaşı ilə, onun ailəsi də bizimlə bir yerdə, Bakıya gəldik. Necə gəldik? Naxçıvandan Tiflisə dörd- beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdı. Üç günlük yolu bir həftəyə gəlib çıxdıq Bakıya. Kiçicik bir ev kirələdik. Evdə heç bir şey yoxdu. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey gətirə bilməmişdik... Cavid orta məktəbdə dərs deyirdi. Axır vaxtlar isə dərsi çox azaldı, vəziyyətimiz günü-gündən ağırlaşdı.
Bir dəfə evdə oturmuşdum. Gəlib gördü ki, bikefəm. Dedi: -Bax, əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdı.
- Canın sağ olsun. Həmişə belə olmayacaq ki..., - dedim.
"Qaçqın" şeirini o vaxt yazmışdı.
Maarif idarəsi tərəfindən guya nəzərə alaraq ona qız məktəbində əlavə dərs verdilər. Molla oğluydu deyə, şəriət müəllimi təyin etdilər. Buna çox əsəbiləşdi. Ona baxmayaraq, dərs deməyə getdi. Getməmək mümkün deyildi. Heç yerdən bir gəlir yox idi...”
Cavid yazır:
“Sinifə girdim. Dedim, qızlar. Məni sizə şəriət dərsi demək üçün molla göndəriblər. Ancaq mən molla deyiləm.
Qızlardan biri: -Yox, biz istərdik ki, siz bizə ədəbiyyatdan dərs verəsiniz, - dedi.
Mən də o fikirdəyəm, - dedim.
Bir neçə gün belə dərs dedim...
Bir gün müdir məni çağırdı:
- Cavid əfəndi, bu necə dərs verməkdi?
-Mənim şəriət dərsim budu.
O gündən dərs kəsildi”.
Mişkinazın xatirələrindən:
“1920-ci ildə xəstələndim. Bir gün kitablarından bir neçəsini ayırdı. Soruşdum:-Onları neynirsən?
-Bir nəfər istəyib, ona verəcəm,- dedi.
Kitabları götürüb getdi. Bir neçə saatdan sonra gəldi.
Mənim dərmanımı, qənd, çay, çörək, ət... alıb gətirdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim. Amma çox fikirliydi. Çünki hər kitabı bir neçə dəfə əlinə alıb yerə qoyurdu. Ağladım. Məni ağlayan görüb: -Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki - dedi.
Sən darıxdığın üçün ağladım.., -dedim.
-Keçib gedər, darıxma. Dar günün ömrü az, acısı çox olar, - dedi.
Amma özü daha çox qəmgin idi.
Bir azdan uşaq da xəstələndi. Ağ yun parçadan kostyumu vardı. Onu istədi:
-Verim satsınlar... Ancaq daha ağlamayasan.
-Yox, daha ağlamaram. Uşaq xəstədi. Ona xüsusi yemək, dərman lazımdı.
Uşağın biri öldü. Belə ağır bir vəziyyətdə Cavid üçün işləmək çox çətin idi. O ərəfədə yazdığı bir əsərini cırıb atdı: “Belə bir ovqatda yazılan əsər heç nəyə yaramaz”, dedi.
Xeyli əziyyətlərdən sonra onu Darülmüəlliminə müəllim təyin etdilər. Get-gedə vəziyyət dəyişdi.
Cavid sənətini çox sevirdi. Bir əsərinin üzünü dönə- dönə köçürərdi. Özü istədiyi kimi tamam hazır olmayınca üzə çıxarmazdı. Əl yazısı nə qədər qatmaqarışıq olurdusa, üzünü köçürəndə o qədər təmiz, o qədər səliqəli olardı ki, elə bil çapdan çıxıb. Dəftərin üstünə suçəkən kağız qoyardı ki, ləkə düşməsin. Əksərən gecələr işlər, gündüzlər üzünü köçürərdi... Yazı masası o biri evə keçən qapının yanındaydı. Evin quruluşunu dəyişmək mümkün deyildi. Ona görə də işlədiyi vaxt çox gir-çıx etməzdim. Uşaqları ona mane olmağa, səs salmağa qoymazdım.
Bir gecə uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Bir az sonra durub o biri evə keçmək istədim. Baxıb gördüm elə məşğuldu ki, keçmək mümkün deyil. Nə qədər yavaş keçsəm yenə fikri dağılacaq... Əl hərəkətləri ilə kiminləsə danışırmış kimi hərəkətlər edirdi. Qayıdıb yerimdə oturdum. Kitabın vərəqini çevirməyə də ehtiyat edirdim ki, birdən fikri dağılar. Bir xeyli sonra ayağa qalxdı. Gördü ki, oturmuşam. Soruşdu: - Sən yuxusuz qaldın, niyə gedib yatmadın?
-Qıymadım. Sənin fikrini dağıtmaq istəmədim, -dedim.
-Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun. Sənə qurban olum, sən olmasan mən ölərəm, - dedi.
Həmişə belə deyərdi. Hər gün nahardan sonra bir-iki saat yatardı. İşləməyə başlamazdan əvvəl arada bir fincan tünd qəhvə içərdi, ayaqlarını isti suya qoymağı çox sevərdi. Özünün xəbəri olmadan hazır edərdim, əziyyət olmasın deyə, razı olmazdı. O gün də belə etmişdim. Həmişə çalışardım ki, o rahat olsun. İşləyən vaxt heç kim ona mane olmasın.
Çox əsəbiydi. Deyərdi ki, sənin iki yox, üç uşağın var, özünə işarə edərdi, biri lap cəncəl, nadincdi.
Bir qonaqlığa, ya bir toya gedəndə deyərdi:
-Gec gedib, tez gələk. Adam da dörd-beş saat bir yerdə otura bilər?
Amma işlədiyi vaxt nəinki üç-dörd saat, ondan da çox oturduğu vaxtlar olurdu.
İstirahətə və sağlamlığa fikir verərdi. Deyərdi: "Sağlam bədəndə sağlam fikir olar. Çürük ağacın çürük də meyvəsi olar. Geyimin sadə olmasının eybi yoxdu, mümkün qədər o da yerində olsa daha yaxşı".
Bir dəfə ayaqqabısı və kostyumu çox köhnəydi. Ha fikirləşirdim, necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyəndə cavab verirdi ki, özün bil, ancaq bazardan kəsmə, bir az gözlə.
Bir qədər sonra gedib bir cüt ayaqqabı aldım. Sabahı gün geyib getdi. Evə gələn kimi dedi:
- Sağ ol ki, bu ayaqqabını aldın. Bu gün bir neçəsi dedi ki, bax, Cavid Əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?
Mərdiməzarlara, evyıxanlara lənət. Zaman gəldi, həmin ayaqqabıya da pənah gətirdim.
Yay mövsümündə, bağda üzümü dənəli, qabıqlı yeməyə qoymazdı. Deyərdi: «Sıxın, suyunu için». Bir də görürdün, qollarını çirmələyib üzümü yığıb çilovsüzənə, ləyəni qoyub altına sıxır və deyir: "Tənbəllik içinizi alıb, hər gün belə etmək lazımdı".
Qəndlə şəkərə fərq qoyardı. Deyərdi: "Bəzən şəkər təmiz olmur. İmkan daxilində qənd al"
"Mümkünüm olaydı, bütün ehtiyacı olanlara kömək edə biləydim. Ən çətin iş odur ki, ürəyindən keçə, imkanın olmaya".
Bu da onun sözləridir.
Cavidin bacısı deyirdi:
“Hüseyn uşaq vaxtı çox nadincdi. Məktəbə gedəndə qonşu arvadların hamısı deyirdilər: "Heç olmasa, gündə uşaqlarımız bir neçə saat rahat olarlar". (Sakit oturduğu vaxtlar anası onu belə əzizləyərmiş: "Ay qara Hüseyn, göy Hüseyn, uşaqları döy Hüseyn").
O nadincliyindən yenə də qalmırdı. Gecə vaxtı bir yerdən gələndə, tanış bir qapıdan keçəndə qapını döyərdi. Uşaqlar nadinclik edəndə deyərdi: "Darıxma, nadinc uşaq yaxşıdı. Ziyanəvər, mərdiməzar yox, ağıllı, xeyirxah olmalı".
Mişkinaz xanımın xatirələrindən:
“Cavid ən dəyərli, qayğıkeş, qədirbilən bir ailə başçısıydı. Yadıma gəlmir ki, mən səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durar, onların çay-çörəklərini verib yola salardı...”
Və sonda sizə Mişkinaz xanımın xatirələrində qeyd etdiyi həmin "Qaçqın" şeirini təqdim etmək istəyirəm.
Örtünmə, dur! Kimsən, nerəlisən sən,
Gözəl qaçqın, başı bəlalı qaçqın!
Gülümsə nur saçılsın üz gözündən,
Ey hər halı mələk ədalı qaçqın!...
Zülfünü qoynunda bəsləmış gecə,
Süzgün gözlərin, gül üzün pək incə,
Künül məst olur sən gülümsədikcə,
Ey nazlı dağların maralı qaçqın!
Mən istərəm ömrüm səninlə gülsün,
Söylə, nə dərdin varsa anlat bütün;
Aman, nə oldu ki, sən böylə düşdün
Yurdundan, elindən aralı qaçqın!
Ah, səni gördümdə dağıldı huşum,
Vuruldum sənə sanki bir sərxoşam,
Mən də sənin kimi qərib bir quşam,
Gəl mənə, ey könlü yaralı qaçqın!...
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)