Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Avtomobildə gedərkən radioda, lap elə evdə əyləşib televizora baxarkən təsadüfən efirə gedən mahnılarını demirəm, şüurlu şəkildə, bilə-bilə heç Şövkət Ələkbərovanın mahnılarını səsləndirib dinləmisinizmi?..
Haradansa səs gəlir: “Sizi Şövkət Ələkbərovanın ifasında “Dərələr” mahnısını dinləməyə dəvət edirik. Musiqisi Emin Sabitoğlunun, sözləri Nəbi Xəzrinindir.”
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
Yaşıl-yaşıl dərələr
Sizlərə vurğunam mən
Bəzəyiniz şəfəqdən
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr,
Dərələr, dərələr, dərələr
Ovuc, ovuc zər ələr
Quş kimi üstünüzdə
Qanad çalım dərələr
Şamlıqda bir axşamlıq
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr.
Sizlərdən yollar keçər
Siz yaxşı ki, varsınız
Zirvələrə açılan,
Geniş qapılarsınız.
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr...
Bəli, dünən - oktyabrın 20-si unudulmaz sənətkar Şövkət Ələkbərovanın doğum günü idi.
1922-ci ildə Bakıda dünyaya gəlmişdi. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirmişdi. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdu. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti idi.
Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdi. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyaraq, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdu. Və bu müsabiqə ilə də Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsası qoyuldu...
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi...
İndi Bərzəxdə nə etdiyini bilmirəm, amma bu dünyada hələ də onun yeri görünür. Mövludu mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)