45 yaşlı kitabxana

Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. “Ədəbiyyat və incəsənət” portalının poçtuna kitabxana əməkdaşları Aysel Həsənova və Təranə Heydərovanın “45 yaşlı kitabxana” adlı yazıları daxil olub. Həmin yazını diqqətinizə çatdırırıq.


“Azərbaycan kitabxanaları xalqımızın milli-mədəni sərvəti, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan kitabxanalarının inkişaf mərhələsi XX əsrin 70-ci illərinə təsadüf edir. Məhz o zaman Azərbaycanda kitabxana şəbəkəsi genişlənmiş, yeni kitabxanalar yaradılmışdır. Bu proses Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər kitabxananı bilik, zəka mənbəyi adlandırırdı. Təhsil və mədəniyyət sahələrinin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, oradakı zəngin mədəni irsin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bu sahəni ötən əsrin çətin 90-cı illərində də daim diqqət mərkəzində saxlamış və demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

2024-cü ilin payızında Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. Bu kitabxana Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1978-ci ildə kütləvi kitabxana kimi təşkil olunmuş və 1979-cu ildə oxucuların istifadəsinə verilmişdir. 2011-ci ildə M.Ş.Vazeh adına Kütləvi Kitabxanaya Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası statusu verilmişdir.

Kitabxananın fəaliyyətinin vacib istiqamətlərindən biri oxuculara kitabxana xidmətinin təşkili olmuşdur. Bunun üçün kitabxanada oxucu sorğularını tam və düzgün ödəmək üçün müasir forma və metodlardan istifadə olunur. Kitabxanaların öhdəsinə düşən ən ümdə vəzifə informasiya cəmiyyətində  baş verən dəyişikliklərdə iştirak etmək, insanları informasiya ilə təmin etməkdir.

MKS-də həyata keçirilən informasiyalaşdırma prosesi oxuculara onların tələbatına uyğun informasiya almaq imkanı verir. Kitabxananın təşkil etdiyi tədbirlər bir çox Veb sayt və KİV-lərdə, “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “Mədəniyyət”, “Vışka”, “Yeni Təfəkkür” qəzetlərində və “Mədəniyyət.az” jurnalında işıqlandırılır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Facebook (yasamal MKS, “Sərhədsiz informasiya tribunası”), İnstagram (yasamalmks), Twitter (yasamal_MKS) sosial şəbəkələrində və YouTube kanalında səhifələri var.

Sosial şəbəkələrdə və kitabxananın YouTube kanalında oxucu kontingentinin maraq dairəsinə uyğun olan aktual mövzular, əlamətdar və tarixi günlər, kitab təbliğatı mövzusunda materiallar da əks olunur.

Kitabxananın təşkil etdiyi tədbirlərdə kitab və mütaliə, tariximiz, mədəniyyətimiz, milli adət və ənənələrimiz təbliğ olunur. Bu tədbirlər oxucuların mədəni və intellektual səviyyəsinin yüksəldilməsinə yönəldilərək, gənc nəslin torpağa, Vətənə, onun böyük şəxsiyyətlərinə məhəbbət hisslərini aşılayır, hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirir, onların asudə vaxtlarının səmərəli təşkilinə təkan verir.

Kitabxananın qarşısında duran ən vacib məsələlərdən biri uşaq ədəbiyyatının təbliğidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən Facebook sosial şəbəkəsində “Kitabsevər usaqlar” səhifəsi və eyniadlı YouTube kanalı fəaliyyət göstərir. Azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədi ilə “Kitabsevər uşaqlar” səhifəsində maraqlı nağıl, əfsanə, hekayə və şeirlər yerləşdirilir. Burada uşaqlara onların məntiqini inkişaf etdirən sual və tapşırıqlar verilir, müxtəlif müsabiqələr keçirilir.

Son 6 ildə Mərkəzi Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Tarix yazan igid veteran və qazilərimiz”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”, “Nəşrə hazırladığımız kitablar”, “Kitabxananın Beynəlxalq əlaqələri”, “Təbiətə valeh olanlar”, “Mədəniyyətimizin incisi – Şuşa” davamlı sosial layihələr həyata keçirilmişdir. “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində kitabxana MDB kitabxanaları ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə interaktiv plakatlar hazırlanır, Blaqoveşensk şəhər kitabxanası ilə təcrübə mübadiləsi aparılır. S.Vurğun adına Kiyev Şəhər Kütləvi Kitabxanasında, Udmurd və Saxa Respublikasının Milli Kitabxanalarında Azərbaycan guşəsi yaradılmışdır. “Tarix yazan igid veteran və qazilərimiz” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, Vətəni canından artıq sevən Azərbaycanın igid oğul və qızlarının həyatı, döyüş yolu haqqında məlumat verilir. Kitabxananın İkinci Qarabağ müharibəsi qazisi Kənan Cabbarlı, müharibə veteranı, qazi, Xocalı soyqırımının şahidi Valeh Hüseynovla keçirdiyi görüşlər bu qəbildəndir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatında işğaldan azad olundu. Bununla əlaqədar, Mərkəzi Kitabxana “Azad olmuş şəhərlərimiz” layihəsi çərçivəsində tədbirlər keçirmiş, videoçarxlar hazırlanmışdır.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” Beynəlxalq layihəyə start verildi. Layihə çərçivəsində Mərkəzi Kitabxananın fəxri oxucuları olan şair və yazıçılar, ziyalılar Şuşa haqqında yazdıqları şeir, hekayə, əfsanə, nağıl, esse və s. oxuculara təqdim edirlər. “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” Beynəlxalq layihə həyata keçirilir. Layihə çərçivəsində təqdim olunan əsərlədə təbiəti qorumaq, ətraf mühitə qayğı göstərmək, sağlam gələcək naminə yaşıl dünyamızı qorumaq tovsiyə olunur. Layihəyə informasiya dəstəyini “Вышка” qəzeti verir. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində yubileyləri olan tanınmış şəxsiyyətlər, yazıçılar, şairlər, mədəniyyət və elm xadimləri, Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər  haqqında 50-ə yaxın videoçarx, videoməlumatlar, informasiya məktubları hazırlanmış və tədbirlər keçirilmişdir. “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində Mərkəzi Kitabxananın 45-dən çox Fəxri oxucusu mütəmadi olaraq yeni əsərlərini kitabxanaya təqdim edirlər. “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində oxucular, ziyalılar, yazıçılar, şairlər yazdıqları kitabları və şəxsi kitabxanalarından olan kitabları kitabxanaya hədiyyə edirlər.

Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ilə birgə hələ 2018-ci ildə həyata keçirdiyi bilinqivistik layihə əsasında “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı nəşrə hazırlanmışdır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə əlaqədar və böyük Zəfərimizə həsr olunan yazar qadınların “60 çiçək – bir çələng” ədəbi almanaxı, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar aforizm və sitatlarından ibarət “Azərbaycanın zəngin mədəniyyəti var” kitabları da nəşrə hazırlanmışdır.

Kitabxanada “Zəfərin mübarək, Azərbaycan!”, “Uşaqlar Tanrının səltənətidir. Дети – сокровище Творца” adlı elektron toplular və şair Qadir Hüseynovun “Mənim dünyam...” adlı elektron kitabı hazırlanıb.

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatına həsr olunan şair, yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əsanələri” və yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabı kitabxana ilə birgə hazırlamışdır.

2018-ci ildə M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Fəxri oxucu institutu yaradılıb. Tanınmış şair və yazıçılar, ziyalılar – Milli Məclisin deputatları Aydın Mirzəzadə və Cavanşir Feyziyev, Xalq şairi Vahid Əziz, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, nasir, şair, tərcüməçi, kinodramaturq, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, şair, bəstəkar Xanım İsmayılqızı, yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli, uşaq yazıçısı, şair Gülzar İbrahimova, şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı, publisist Reyhan Mirzəzadə və b. kitabxananın Fəxri oxucularıdırlar.

Kitabxanada kitab təqdimatları, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya tədbirləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar, vətənpərvərlik tədbirləri, kitab sərgiləri və s. keçirilir. Kitabxanada mütaliə günləri, şeir və qiraət müsabiqələri, nağıl və rəsm saatları, kitab sərgiləri təşkil olunur. Videoçarxlar hazırlanır, sosial şəbəkələrdə paylaşımlar edilir, şair və yazıçıların kitabları təbliğ edilir, ən çox sevilən yazıçı və şairlərlə görüşlər təşkil edilir. Son 6 ildə kitabxanada 250-ə qədər videoçarx, 1000-dən çox kitab sərgisi, 50-ə qədər fotostend, 40 informasiya məktubu, 4 elektron (virtual) sərgi hazırlanmışdır.

Kitabxana Yasamal rayon Heydər Əliyev Mərkəzi, Gəncə şəhər, Quba, Ucar rayon MKS-ləri ilə əməkdaşlıq edir.

Kitabxanada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbirlər, “İnsan Hüquqları Aylığı” çərçivəsində və uşaq hüquqları dair müxtəlif tədbirlər həyata keçirilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik, akademik Zərifə Əliyevanın 100 illik, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyləri qeyd olunmuşdur. Kitabxana Mirzə Şəfi Vazehin 225 və 230 illik yubileyi, İmadəddin Nəsiminin 650 və 655 illik yubileyi, A.A.Bakıxanovun 225 və 230 illik yubileyi, dramaturq Cəfər Cabbarlının 120 və 125 illik yubileyi, rus şairi M.Y.Lermontovun 210 illik yubileyi, Məhəmmədhüseyn Şəhriyarın 110 və 115 illik, istiqlal şairi, tərcüməçi Əhməd Cavadın 130 illik, böyük dramaturq Hüseyn Cavidin 135 və 140 illik, Aşıq Ələsgərin 200 illik, şair, yazıçı Əli Tudənin 100 illik, nasir, dramaturq İlyas Əfəndiyevin 110 illik, yazıçı, publisist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 və 105 illik və b. yubileylərini keçirmişdir.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxana şair, yazıçı Pərixanım Mikayılqızının (Muradova) 70 illik yubileyi, uşaq yazıçısı və şair Gülzar İbrahimovanın 60 və 65 illik yubileyləri, tanımış yazıçı, publisist Nüşabə Məmmədlinin 70 illik yubileyi, yazıçı, publisist Gülarə Munisin 70 illik yubileylərini, AYB-nin üzvü, “Qızıl qələm” və Mahmud Kaşğari mükafatları laureatı, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun, yazıçı-publisist Mənzər Niyarlının və digər yazıçıların, şairlərin yaradıcılıq gecələrini təşkil etmişdir.

Kitabxana şair, publisist Sevinc ağa Xəlilqızının, yazıçı Mircəfər Seyidovun, yazıçı, publisist Nüşabə Məmmədlinin, Pərixanım Mikayılqızının, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin, Esmira Günəşin və digər şair və yazıçılarının kitablarının təqdimatlarını keçirmişdir. “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birlikdə hazırladığı “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitabının, “60 çiçək – bir çələng” adlı Zəfər almanaxının da təqdimatları oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsini də təşkil etmişdir.

 

Kitabxana cəmiyyətdə sosial reabilitasiyaya və uyğunlaşmaya ehtiyacı olan sağlamlıq imkanları məhdud insanlara məlumat əldə etmək, onların asudə vaxtlarının təşkilinə dəstək vermişdir.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası və “Mədəniyyət Nazirliyinin gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar maraqlı tədbirlər həyata keçirilir.

Mərkəzi Kitabxanada İRBİS 64 (AKİS) proqramı əsasında Elektron kataloq yaradılıb.

Mərkəzi Kitabxananın təşkil etdiyi tədbirlərdə gənclərin iştirakına böyük önəm verilir. Onlar könüllülər qismində tədbirlərdə, ekskursiyalarda  iştirak edirlər. Mərkəzi Kitabxanada və Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin bədii hissəsində gənc və istedadlı oxucuların çıxışları maraqla qarşılanır.

MKS-nin direktoru Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Beynəlxalq konfranslarda (Moskva, Sankt-Peterburq, İjevsk) iştirak və çıxış edərək, kitabxananın iş təcrübəsi haqqında danışır. O, bir çox aktual məsələlərlə bağlı Beynəlxalq onlayn konfranslarda və dövri mətbuatda da çıxış edir.

Əziz, sevimli, fəxri və fəal oxucularımız! 45 yaşlı kitabxanamız zəngin fondu, ənənəvi və elektron xidmətləri, maraqlı tədbirləri, peşəkar kitabxanaçıları ilə daim sizin xidmətinizdədir. 

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.