Respublika Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar hazırlanıb.

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoruprofessorAzərbaycan Respublikasının əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 75 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin yubileyi münasibətilə "Akademik İsa Həbibbəyli - 75 " adlı elektron məlumat bazası hazırlanıb.

 

Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Akademik_Isa_Hebibbeyli_el_melumat_bazasi/index.html yerləşdirilib. Məlumat bazası akademikin zəngin elmi, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Prezident İlham Əliyev tərəfindən akademik İsa Həbibbəylinin layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzaladığı rəsmi sənədlər, akademikə həsr edilən professor Rüstəm Kamalın “Elm tale kimi”, filologiya elmləri doktoru Lyudmila Səmədovanın “Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi, akademik İsa Həbibbəyli” AYB-nin üzvü Məmməd Tahirin “Mənim tanıdığım İsa Həbibbəyli Azərbaycan elminə misilsiz töhfələr vermiş görkəmli alim yüksək mənəvi keyfiyyətləri ilə də müstəsna şəxsiyyətdir” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İsa Həbibbəylinin müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, ssenari və tərcümələri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada akademikın kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.

Kitabxanada akademik İsa Həbibbəylinin yubileyi ilə əlaqədar məlumatlar, elmi araşdırmalar ilə zəngin olan həyat yolunu əks etdirən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/isa-hebibbeyli-75 yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “Diplomatik görüşlərdən xatirələr” kimi bölmələrlə yanaşı İsa Həbibbəylinin müəllifi olduğu “Kitabi Dədə Qorqud eposu. Heydər Əliyevdən İlham Əliyevə”, “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Arpaçay mahnısı”, “Qabdulla Tukay və Azərbaycan” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.