MƏN TƏƏCÜBLƏNDİM - 2028-ci ildə Avropada ən çox milyonçu, sizcə, harada yaşayacaq? Featured

Varis, Azərbaycanın Əməkdar Jurnalisti, “Ədəbiyyat və incəsənət” üçün 

 

Gecənin gec vədələrində Euronews telekanalına baxmaqla yuxuma haram qatmağımı telekanala və onun icmalçısı Garfield Myrie’yə halal edirəm. 

Belə ki, inanılmaz mətləblərdən xəbər tutdum. 

 

Türkiyə, Rusiya və İsveç 2028-ci ilə qədər milyonçuların payının ən çox artacağı Avropa ölkələridir. Bu barədə İngiltərənin iqtisadi analitik mərkəzi olan Adam Smith İnstitutu tərəfindən edilən bir araşdırmada deyilir.

Millionaire Tracker adlı bu araşdırmada  dünya üzrə ən böyük artımın isə Tayvanda (51%) olacağı göstərilir. 

Bizsə qayıdaq xəbərin əvvəlinə - ən uğurlu Avropa ölkəsi Türkiyədir, burada nağd pul, səhmlər, daşınmaz əmlak və özəl pensiya fondları da daxil olmaqla bütün aktiv sinifləri üzrə 1 milyon dollar (915.000 avro) xalis sərvətə sahib olanların sayının 34% artacağı proqnozlaşdırılır. 

Kim bunu inanardı ki?

Bəli, Türkiyə Avropa ölkələrini qabaqlayır! 

Reytinqin tərtibində istifadə olunan UBS Global Wealth Report 2024 məlumatları çətin iqtisadi vəziyyət şəraitində Türkiyədə şəxsi rifahın əhəmiyyətli dərəcədə artmaqda olduğunu vurğulayır.

Bəlkə də, çoxunuz bunu böyük bir zümrənin hədsiz yoxsullaşması fonunda bir ovuc insanın hədsiz varlanması hesab edəcəksiniz, öz işinizdir. 

"Türkiyə 2022-2023-cü illər arasında hər bir yetkin şəxsə düşən sərvətin 157% artması ilə dünyanı təəccübləndirdi və bütün digər ölkələri geridə qoydu. Qətər və Rusiya Türkiyəyə ən yaxın ölkələrdir, onlarda artım 20% - ə yaxındır, ardınca 16% - dən bir qədər çox olan Cənubi Afrika Respublikası və 14% ilə İsrail gəlir” - hesabatda belə deyilir. 

CNBC telekanalına görə, ölkədə inflyasiyanın hazırda 72% olmasına baxmayaraq, Türkiyənin göstəriciləri artır. Yüksək inflyasiya ölkənin 85 milyonluq əhalisinin bir çoxu üçün fəlakətli oldu və onların alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaltdı. Bununla belə, daşınmaz əmlak kimi aktivlərə sahib olan türklərin sərvəti artır, çünki inflyasiya bu aktivlərin dəyərini sürətlə artırır.

Ukraynada davam edən müharibəyə və genişmiqyaslı iqtisadi sanksiyalara baxmayaraq, Rusiyanın milyonçuların sayına görə qitədə ikinci yeri tutacağı proqnozlaşdırılır - artım 23% olacaq.

İngiltərə və Hollandiya isə ən kasıb ölkələrdir, belə ki, İngiltərə və Hollandiya təhlil edilən 36 göstəricisinin ən aşağı olduğu iki ölkədir və hər ikisinin də milyonçularının sayının əhalisinə nisbətdə xeyli azalacağı proqnozlaşdırılır.

Araşdırmaya görə, İngiltərə 2028-ci ilə qədər milyonçularının 20%-ni, Hollandiya isə 5% -ni itirəcək.

Milyonçuların payının azalacağını proqnozlaşdıran başqa bir ölkə isə Səudiyyə Ərəbistanı olub, burada 3% azalma gözlənilir. Bizim həsədlə baxdığımız ərəblər, sən demə, heç də həsədlə baxılacaq deyilmişlər, belə ki, Birləşmiş Ərəb Əmirliyində də azalma gözlənilir. 

Smith İnstitutunun mütəxəssisləri hesab edirlər ki, Böyük Britaniyada milyonçiların sayının proqnozlaşdırılan azalması yüksək vergilər, o cümlədən, dondurulmuş əmlak vergisi hədləridir. 

“İqtisadi güc müvəffəqiyyətə zəmanət vermir” - Garfield Myrie’ni dinlədikcə buna əmin oldum. 

Avropa nəhəngləri Almaniya və Fransada artımın müvafiq olaraq 15% və 14% olacağı proqnozlaşdırılır ki, bu da bu ölkələri reytinqin aşağı hissəsinə aparır.

Proqnozlara görə, 2028-ci ilə qədər dünyanın qlobal iqtisadi nəhəngləri ABŞ və Çin də təvazökar artım nümayiş etdirəcəklər. Adam Smit İnstitutunun analitikləri hesab edirlər ki, ABŞ - da milyonçuların payının artımı cəmi 12%, Çində isə dünyanın ikinci ən böyük iqtisadiyyatının olmasına rəğmən, bu rəqəm cəmi 8% təşkil edəcək.

Bəli, Euronews məni təəccübləndirdi. İnanıram ki, mən də sizi təəccübləndirdim.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.