Şopenin yağış valsı üçün bir İMPROVİZASİYA Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən musiqiçi deyiləm, lakin bu gün, payızın ilk nəfəslərinin duyulduğu bir zamanda cəsarət edib Şopenin yağış valsını təhlil etmək istəyirəm. Bu haqda məhz bu gün danışmaq istəməyim də hər halda heç də təsadüf deyil.

 

Notlara uyğun olaraq pianinonun ağ-qara dillərinə toxunub musiqi ifa edən barmaqlara bənzəyirdi sanki yağış damlaları. Hər bir yağış damlası

qırılmış mirvari boyunbağının çilənib ətrafa dağılan muncuqları kimi torpağa toxunub halələr yaradır, ətrafa sıçradıqca ruha huzur verən möhtəşəm bir melodiya əmələ gətirirdi.

Yağış damlaları eyni zamanda həm barmaqlar kimi ifa edir, həm də öz toxunuşları ilə yaratdıqları bu musiqi sədası altında tempə uyğun olaraq teatr səhnəsində piano ifasının müşayəti ilə süzən bir balerin tək rəqs edirdilər. 

Torpağa toxunan hər bir damla öz toxunuşu ilə digərlərini də yerindən sıçradıb təbiətdə bənzərsiz bir kampozisiya, bir harmoniya yaradırdı. Gözlərini yumub saatlarca dinləmək olardı ruha rahatlıq bəxş edən bu musiqini. Hələ hər bir yağış damlası torpağın canına qarışdıqca ətrafa yayılan o xoş qoxunu demirəm. Kim bilir ki, bəlkə də yağış damlalarının torpağa qarışması bir-birinə aşiq, amma heç bir zaman qovuşa bilməyən yerlə göyün qovuşması anı kimi idi. Və bu qovuşma anının gətirdiyi vüsalın qoxusu idi  elə bəlkə də ətrafa yayılan o torpaq qoxusu. Yerlə göyün həsrəti səmada buludlarda toplanıb böyüdükcə yağışa çevrilir, yağış damlaları ilə torpağa qarışıb, sonra da günəşin şuaları ilə yenidən buxara çevrilib göy üzünə qayıdırdı.

Beləcə intizar, həsrət dövr edib yer üzünün hər yerini, hər qarışını sarırdı. 

Gah buludlarda böyüyürdü, gah qəlblərdə. Gah yağışla  torpağa qarışırdı, gah göz yaşıyla yanaqlara axırdı...

Bəli, mən sizə Şopenin yağış valsını təhlil edəcəm demişdim, lakin təbii ki öz təbirimcə...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.