“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
Direktor:
Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.
Şagird:
Mən Qənizadə Zəhra Anar qızı, hal-hazırda 53N-li tam orta məktəbin Azərbaycan bölməsinin 9-cu sinfində təhsil alıram. Bu zamana qədər bir çox uğurlara imza atmışam. 2023-ci ildə Kenquru beynəlxalq olimpiadasında məktəb 3-cüsü olmuşam. Yasamal rayonu Gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən inşa yazı və bədii qiraət müsabiqələrində bir neçə dəfə 1-ci və 2-ci yerlərə layiq görülmüşəm. 2022-ci ildə keçirilən "Könlüm keçir Qarabağdan" və həmin ildə keçirilən "Mənim bayrağım" bədii qiraət müsabiqəsində 1ci yerə layiq görülmüşəm. 2023-cü ildə keçirilən Rayonlararası yekun qiraət müsabiqəsində məktəbimizin adını layiqincə təmsil edərək 2-ci yeri qazanmışam. Dəfələrlə inşa müsabiqələrində fəxri fərman ilə təltif olunmuşam. Ötən tədris ilində RFO olimpiadasında fəal iştirak etmişəm. Builki hədəfim həmin olimpiadanın birincisi olmaqdır.
Boş vaxtlarımda tarixi filmlər izləmək, 2-ci Qarabağ müharibəsi haqqında məqalələr oxumaq ən sevdiyim məşğuliyyətlərdəndir.
Əlavə olaraq poeziya ilə maraqlanıram. Ali baş komandan və biləyi bükülməz, mərd igidlərimizin son illərdəki şücaətindən ilhamlanaraq vətənpərvərlik mövzusunda şeirlər də yazıram.
Arzum gələcəkdə diplomat olmaqdır. Çünki, beynəlxalq tribunalarda vətənimi onun mənafeyinə zidd olan əsassız ittihamlardan qorumağı , bədxahlara layiqli cavabı verməyi özümün əsas hədəfim hesab edirəm.
Buna görə də, hal-hazırda vətənimin tarixini, ədəbiyyatını, mədəniyyətini mənimsəmək mənim üçün əsas prioritet məsələlərindəndir.
Esse:
Təbəssümün rəngi
Hərdən elə düşünürəm ki, bəyazdır təbəssümün rəngi, bəmbəyaz. Mən birinci dəfə bunu göyərçinin lələyində gördüm. Azad, arxayın vətənimin göylərində süzərkən gördüm. Bəmbəyazdır təbəssümün rəngi. Çünki yaraları saran sarğının rəngi də bəyazdır. İllərdir həsrətdən inildəyən qanadı qırılmış qartalın yaralarını saran tənzifin rəngindədir təbəssüm.
Bəmbəyazdır təbəssümün rəngi, bunu qalib bir ölkənin qürurla dayanan Şəhid analarının təzəcə dən düşmüş saçlarında gördüm. Yox, bu rəng övlad acısının rəngi deyildi, alınıaçıq, məğrur bir qadının təbəssümünün rəngi idi. Saçlarına yansımışdı elə bil. Bəmbəyazdır təbəssümün rəngi. Bunu bu yaz Şuşada, Laçında, Kəlbəcərdə tumurcuqlayan ağacların çiçəklərində gördüm. Sanki daha bəyaz idi, bəmbəyaz, daha fərqli, təmtəraqlı qoxusu var idi o ağacların. Yox bu mənə elə gəlmirdi. Bilirsiniz, təbəssümün qoxusu da var - yağışdan sonra daha çox hiss edilən torpaq qoxusu verir təbəssüm. Bunu Şuşada əlimə bir ovuc torpaq alıb qoxulayanda doydum, ətirli idi, təbəssüm ətirli idi torpaq.
Mən son vaxtlar Şəhidlər xiyabanını ziyarət edəndə də artıq bu qoxunu duyuram - təbəssümün qoxusunu. Elə bil mərmər baş daşlarından mənə baxan Şəhid gözlərində də təbəssüm vardı. Yox, mən əminəm ki, bu mənə elə gəlmirdi, Şəhidlər, həqiqətən də, mənə gülümsünürdü axırıncı dəfə. Qeyri-adi bir rahatlıq da hiss etdim, hüzur duydum orda sanki. Səma da başımın üstündə mənə təbəssüm bəxş edirdi...
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)