“Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram – darıxıram

2.

Anlaşılmaz qəribə nisgillə yaşamağa hazırlaşdığımız səhərlərdən biri başını yana əyərək yavaşca, utana-utana etiraf edir: “Mən səhər deyiləm, gecəyəm” deyir.

3.

Hər bir adam öz içində istədiyi mürəkkəb melodiyanı “çala bilir”. Öz içindəki harmoniyanı qoruyub saxlayır. Amma əgər o adam haman melodiyanı “içindən buraxıb” səsli halda təqdim etmək istərsə, buna nail ola bilməyəcək. İçindən çıxdısa, səni tərk etdisə, o zaman harmoniya dağılır.

4

“ -Günahlarım ürəyimdə dağ oldu,

Sap qırıldı, mirvarilər dağıldı.

Hamısı da təkcə sənə oxşadı – birindən başqa. Sonra gördüm, yox, o da sənə oxşayır.”.

5.

Biz “şair” xalq deyilik. Biz harmoniyaya - qafiyəyə, ritmə, ölçüyə can atan xalqıq.

6.

“Ədəbiyyat xalqa yaxın olmalıdır” ideyasına şübhə ilə yanaşmaq lazımdır. Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı. Kimisə arxasınca apara bilmək üçün.

7.

“Arzuların dil açıb yalvarar ki,

 Əvvəl-axır bir oyuncaq ver mənə.

Olacağın olmağına nə var ki,

Bircə dənə olmayacaq ver mənə.”

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.