“Qadir Tanrı! Haqq adına bağışla bizi” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“Biləmmədim, harda itir izlərin,

Biləmmədim, hara gedir yolların.

Səni necə gizlədir gözlərin,

Səni necə qoruyur qolların...”

2.

Roman dili bu gün hamının yaralı yeridir. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha ucadan danışır

3.

Azərbaycan ədəbiyyatının iki ən böyük ölməz surəti aferist surətidir. Bunların biri Hacı İbrahimxəlil kimyagər, o biri Şeyx Nəsrullahdır. Onların arxasından isə məzlum və nadanlar ordusu məlul-məlul boylanır.

4

Fransa kralı XIV Lüdovikə yazdığı növbəti zəif şeirindən sonra saraydakılar belə yarınırlar: - Həqiqətən, Əlahəzrət üçün imkansız heç nə yoxdur. Siz istəmisiniz ki, zəif bir sonet yazasınız, siz də onu yazmısınız.

5.

Ustad Azad Mirzəcanzadə söylədiyi dərin, müdrik bir fikrin müsahibinə çatıb-çatmamasını bu cür yoxlayırdı - gözlərini qıyıb “deyə bildim?!” soruşurdu. Onun bu ifadəsi bu gün belə çoxlarını sadəlik və təvazökarlıq rəmzi kimi “hayıl-mayıl” etməkdədir. Amma sadə görünüşlü “deyə bildim?” ifadəsində yuxarıdan aşağı baxmaq kimi gizli, bir qədər hiyləgər iddia da yox deyildi. O da var ki, Azad Mirzəcanzadənin buna haqqı çatırdı.

6.

“Bu gün də düzüldü təsbehə, nə birinci oldu, nə də sonuncu...”

7.

“Qadir Tanrı! Haqq adına

bağışla, bağışla bizi –

Bir içim suya bağışla.

Uzaqdadı, əlçatmazdı,

Ulduza, aya bağışla.”

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.