Satqın dostlardan kişi düşmənlərə qədər hər kəsi gördük - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Başqasının üzərinə kölgə salmaq istəyən göy qübbəsinin altına girən Atlant kimi gün işığının altına girib onu çiyinlərinə almalıdır.

2.

Həyatda görmədiklərimiz qaldımı?! Satqın dostlardan kişi düşmənlərə qədər hər kəsi gördük.

3.

“...Gözündən görürəm, bu dost itəcək. Yalın ayağıma batmaq istəyib Yolun ortasında tikan bitəcək – İzindən görürəm, bu dost itəcək.”

4.

“Yolla gedən olmasa, bilinməz, Bilinməz gəlir bu yol, ya gedir?! Bir dünyaya sal məni, İlahi, İki üstəgəl iki beş edir.”

5.

Kiplinq: “Şərq Şərqdir, Qərb Qərbdir və onlar heç zaman birləşməyəcəklər.” Bu misralar ilə başlayan balladasının sonunda Kiplinq qərbli və şərqli iki sevgilini onların faciəli məhvindən sonra birləşdirir. Bir ballada boyda huşsuzluq böyük bir dünyanın hər şeyə rəğmən bütövlüyünün etirafına dönür.

6.

“Ölən öldü, gedən getdi, qalan – heç... Bacarırsan bu qıl körpü – gəl, keç. Üç alma var, öz payına birin seç, Hər şey bitir bu dünyada beləcə, Bu da sənə min bir gecə...”

7.

Rəsul Rzanın “Mənim fikrimcə...” kitabına cavab olaraq Məmməd Rahim “Xalqın istəyincə” kitabını yazdı. Amma farslar demiş, “an koca, in koca?” Cavidin “İblis” pyesinə Səməd Vurğun “İnsan” pyesini cavab kimi yazdı. Yenə də o fars deyimi yada düşür. Cavab kimi yazanda alınmır.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.