Sirrin yayılması onun qorunmasından başlar - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Elə bir zamandayıq ki, nəinki irəlidə olacaqları bilmək üçün, hətta keçmişdə baş verənlərdən xəbərdar olmaq üçün rəml atmaq lazım gəlir.

2.

“Biz onları gül-çiçəklə qarşıladıq, onlar bizi süngülərə keçirdilər.”

3.

“Sər verərəm, sirr vermərəm!” Orta əsrlərdə sirr saxlamağına inanan ər igidlər belə deyirdilər. Amma sirr ki, başladı qorunmağa, deməli, həm də başladı yayılmağa. Sirrin yayılması onun qorunmasından başlar.

4.

A .Bakıxanov: “Yaxşı əməldən iki dəfə ləzzət alırsan. Birini o işi edən vaxtda, birini də o işin səmərəsi sənə yetişən zaman.” Bu, əsl maarifçi yanaşma idi.

5.

Yaşadığımız həyat və yaşaya biləcəyimiz həyat! Yaşaya biləcəyimiz həyatın ilğımı. Əsl ədəbiyyat elə bu zaman başlayır.

6.

Ş.Bodler “Şair kimdir?” sualına özünün “Albatros” adlı şeirilə cavab vermişdi. Onun nəhəng albatrosu ildırımların, tufanların, şimşəklərin arasıyla qorxulu göylərdə qorxmadan pərvaz edib uçur. Elə ki, bu quş gəmi göyərtə[1]sinə, dənizçilərin arasına düşür, yekə qanadları ona mane olur və o, yanını basa-basa göyərtə[1]də güclə yeriyə bilir. Və dənizçilər hamısı onun yerişinə gülərək tənə edir. Bu zaman Bodlerin səsi ucalır. O, şairə belə deyir: “Sən busan, şair! Göylərdə pərvaz edib yer üzündə gəzə bilməyən məxluq!”

7.

“Sirr nə vaxtsa açılacaq sirdisə, Heç əvvəldən yaranmayıb sirr kimi...”

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.