"Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir" -ÖMƏR FAİQ NEMANZADƏNİN ANIM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün milli mətbuatımızın görkəmli nümayəndəsi, böyük maarifçi, publisist, pedaqoq, ictimai xadim Ömər Faiq Nemanzadənin anım günüdür.

Ömər Faiq Nemanzadə 24 dekabr 1872-ci ildə Gürcüstanın məshəti türklərinin yaşadığı Axalsıx qəzasında, kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getmiş, amma dinə maraq göstərməmiş və yeni açılmış rus məktəbinə daxil olmuşdur. 1882-ci ildə anasının təkidi ilə İstanbulda "Fateh" məktəbində təhsil almışdır. Lakin o, burda da dinin əsaslarını öyrənməkdən, cansıxıcı tədris üsulundan imtina etmiş, nisbətən dünyəvi elmlərə meylli olan "Darüş-şəfəq" adlı yetimlər məktəbində təhsilini davam etdirmişdir.

Ömər Faiq Nemanzadə 1891-ci ildə İstanbulda təhsilini başa vuraraq Qalata poçtxanasında işləməyə başlamışdır. Bu vaxtdan etibarən o, inqilabçı gənclərə qoşulmuş, bir müddət onlarla əməkdaşlıq etmiş, onların gizli fəaliyyətinin üstü açıldıqdan sonra çətinliklə qaçıb vətənə gəlmişdir. Azərbaycanın demokratik ruhlu vətənpərvər ziyalılarından biri olan Ömər Faiq Nemanzadə 1892-ci ildən ömrünün sonuna qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəyə yönəltmişdir.

O, 1894-cü ildə bir müddət Şəkidə təzə açılmış ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş, şəhərin ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Eyni zamanda yeni milli məktəbin açılması, şagirdlərin yeni ruhda tərbiyə olunması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Ömər Faiq Nemanzadə həmçinin camaatı yeniliyə alışdırmaq, onları qəflət yuxusundan oyatmaq məqsədi ilə mədəni tədbirlərin təşkilinə teatr tamaşalarından başlamışdır. Xüsusən M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşası bu mənada böyük müvəffəqiyyət qazanmışdır.

O, daha sonralar fəaliyyətini Şamaxı, Bakı və Gəncə şəhərlərində davam etdirmişdir. Ömər Faiq Nemanzadə 1903-cü ildə Azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanı olan "Şərqi-Rus" qəzetinin redaksiyasında Cəlil Məmmədquluzadə ilə tanış olmuşdur. Bu dövrdə qəzeti Mirzə Cəlil idarə edirdi və qəzetdə Ömər Faiq Nemanzadənin imzalı və imzasız bir çox məqalə, şeir və hekayələri dərc olunurdu. Ömər Faiq bu yazılarında maarifçi kimi çıxış edir, köhnəliyə, dini təəssübkeşliyə, "ikiüzlü, pula satılan" ziyalılara qarşı çıxır, milli dərdləri, milli ehtiyacları və onların aradan qaldırılması yollarını öz dünyagörüşü dairəsində göstərməyə cəhd edirdi. 1905-ci ilin yanvarında qəzet borca düşüb bağlanır və Ömər Faiqlə Mirzə Cəlilin birgə fəaliyyətinin yeni mərhələsi – “Molla Nəsrəddin dövrü başlayır. Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycanın ədəbi-mədəni həyatında yeni bir mərhələ başlayır. Molla Nəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz “Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. Mətbəə geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və 1906-cı ilin aprel ayının 7-də Azərbaycanda məktəb yaratmış ilk satirik jurnal olan "Molla Nəsrəddin” jurnalının nəşrinə nail olmuşdular. Jurnalın rəsmi redaktoru Mirzə Cəlil, əsas yazarı isə Ömər Faiq Nemanzadə olmuşdur.

Bundan sonra Ömər Faiq Nemanzadənin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Ömər Faiq yazılarında 40-dan çox gizli imzadan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin ən geniş və sərbəst meydanı olan "Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. Amma indi tam inamla və cəsarətlə deyə bilərik ki, məşhur "Erməni və müsəlman övrətləri", "Qafqaz Şeyxülislamına iki dənə açıq məktub" kimi mühüm əhəmiyyətə malik yazılar Ömər Faiqindir. Ömər Faiq həm karikaturalarda, həm də yazılarda ictimai, sinfi ziddiyyətlərə xüsusi fikir vermişdir. O, "Lağlağı", "Mozalan", "Dərdmənd", "Çəhrəçi xala", "Dəli", "Çoban", "Ömər Faiq Nemanzadə", "Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi" və s. imzalarla külli miqdarda felyeton yazmışdır. Onun jurnalda dərc olunan bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyatısa da, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı böyük rəğbət yaratmışdı. Onun "Bilməli xəbərlər", "Cavablar", "Fatma xala", "Xortdana məktub", "Məktub", "Məktəb", "Qorxuram", "Axır çərşənbə", "Sirkə", "Nə deyim", "Təşəkkür", "Bir neçə günlüyə" və digər felyetonları qadın azadlığı, təhsilsizlik, cahillik, dini gerilik, sinfi ziddiyyət kimi ictimai-sosial mövzularda həsr olunmuş və insanları düşünməyə vadar etmişdir. Təbii ki, Ömər Faiqin publisistik fəaliyyəti təkcə "Şərqi-Rus" və "Molla Nəsrəddin” jurnalları ilə məhdudlaşmamış, dövrünün ən nüfuzlu jurnallarında tez-rez onun məqalələri dərc olunmuşdur. Bu məqalələrdə o, bir sıra ictimai-siyasi və milli məsələləri aydın şəkildə şərh edir, özünün demokratik fikirlərini yayırdı. "Şərqi-Rus"dan sonra ilk tutarlı çıxışlarından biri 1906-cı ildə Əbuturab Axundoğlunun "Həyat" qəzetində dərc etdirdiyi "Bizə hansı elmlər lazımdır?" məqaləsi ilə əlaqədar yazılmışdır. Əbuturab bu məqalədə hər kəsi inandırmağa çalışırdı ki, müsəlmanlara dünyəvi elmlər yox, ancaq şəriət elmləri lazımdır. C.Məmmədquluzadə, Ə.Hüseynzadə və Ö.F.Nemanzadənin ona yazdığı cavablar axundun məqaləsi ilə bir yerdə 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab şəklində çap olunaraq "Molla Nəsrəddinə əlavə kimi abunəçilərə göndərilmişdir. Əbuturab dünyəvi elmləri oxuyanları yoldan azmış, pozğun, millətinə düşmən hesab etdiyi halda, Ömər Faiq göstərirdi ki, o adam ki, dünya elmlərinə maraq göstərir, ona yiyələnir, bəşəriyyət üçün ondan istifadə edir o, ən kamil insandır.

Bu illərdə siyasi toqquşmalarda şəxsən iştirak edən, siyasi təbliğatlar aparan Ömər Faiqi Gürcüstan hökumətinin rəhbərləri aradan götürmək üçün müxtəlif fitnə- fəsadlardan istifadə edirdilər. Onlar 1918-ci ildə kəndlilər arasında siyasi təbliğat üstündə onu üç dəfə həbs etmiş, Tiflisin mərkəzi qazamatında saxlamış, olmazın əzablar vermiş, yalnız ictimaiyyətin, xüsusən Gəncə və Tiflis ziyalılarının mətbu etirazından sonra həbsdən buraxmağa məcbur olmuşdurlar.

Ömər Faiq Nemanzadə 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, daha sonra "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan inqilab komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir. 1920-ci illərin sonlarında Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində işləmişdir. O, xalq maarifinin yenidən qurulmasında, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında fəal iştirak etmişdir.

1927-ci ildə Ömər Faiq Nemanzdənin xəstəliyi və xidmətləri nəzərə alınaraq ona ömürlük təqaüd kəsilmişdir. Lakin, o, yenə də boş dayanmamış, ara-sıra mətbuatda məqalələrlə çıxış etmiş, xalq maarifinin inkişafına yardım göstərmiş və yeni dərsliklərin hazırlanmasında iştirak etmişdir.

 O, ömrünün son illərini xatirələri üzərində işləmiş, XIX əsrin 80-ci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdir. Buna baxmayaraq "Xatirələrim" iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum hadisələrin açılmasına kömək edir. Təəsüf ki, Ömər Faiq xatirələrini bitirməyə macal tapmamışdır. 1937-ci ilin yayında Axalsıxdə öz ata yurdunda dincəlirmiş, iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə böyük ziyalı həbs olunmuş, üç ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "üçlüyün" qərarı ilə güllələnmişdir.

Yalnız 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət vermişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.