Kafedranın qapısı ağzında gözləyirdilər ki, görsünlər İsmayıl müəllim haçan otaqdan çıxacaq… - XATİRƏLƏR Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Xalq yazıcısı İsmayıl Şıxlının təqdimata, həm də mənim təqdimatıma heç ehtuyacı yoxdur. “Dəli Kür” onu lazım olan səviyyədə və kifayət qədər təqdim edir. Mən sadəcə olaraq, bu böyük insanla bağlı kiçicik xatirələrimi sizlərlə bölüşmək istəyirəm.

 

1975-ci il idi. O vaxtkı APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdum. Sentyabr ayının ilk günləri idi. Dərslər təzəcə başlamışdı. Yenicə tanış olduğum tələbə yoldaşlarım dedilər ki, “Dəli Kür”ün müəllifi İsmayıl Şıxlı da bu fakültədə dərs deyir. Onu görmək, tanımaq üçün xarici ölkələr ədəbiyyatı kafedrasının qapısının qarşısına toplaşıb gözləyirdik ki, görək İsmayıl müəllim haçan otaqdan çıxacaq. Gözümüz qapıda idi. Birdən uşaqlardan kimsə: “Baxın, baxın, İsmayıl Şıxlı gəlir,”- dedi. Gələn ucaboy, şax duruşlu, qarayanız bir şəxs idi. O, bizə yaxınlaşıb həlim səslə salam verib, ötüb getdi. Bu mənim o görkəmli insanla “ilk tanışlığım” oldu. 

Biz - 115-ci qrupun bütün uşaqları arzulayırdıq ki, kaş  İsmayıl müəllim bizim qrupa da dərs keçsin. Amma bizə tamam başqa bir müəllim dərs dedi.

Buna baxmayaraq, günümüz İsmayıl müəllimin mühazirələrində keçdi. Düzünü deyim ki, görkəmli yazıcımız heç vaxt bizim onun mühazirələrində iştirak etməyimizə etiraz etməzdi. O, əsl pedaqoq idi. Öz əzəməti, ədəb-ərkanı, mənəvi dünyası, nitqi, pedaqoji etikası ilə şəxsən məni valeh edirdi. Onu dinləməkdən yorulmazdım. Tez-tez deyərdi ki, yaxşı oxuyun, müəllimliyi və şagirdlərinizi sevin. Unutmayın ki, sizin səhviniz və savadsızlığınız bütöv bir nəsli şikəst edə bilər. 

İsmayıl müəllim öz tələblərinə qarşı o qədər səmimi və mehriban idi ki. Biz - bir qrup oğlan tələbələr İsmayıl müəllimin söhbət və zarafatlarını dinləmək üçün qəsdən tənəffüslərdə xarici ölkələr ədəbiyyatı kafedrasının qapısının qarşısına toplaşıb, guya “söhbət edərdik”. Amma hamımızın gözü qapıda olardı ki, görək İsmayıl müəllim nə vaxt koridora çıxacaq. İsmayıl müəllim də artıq işi başa düşmüşdü, koridora çıxan kimi özü bizə yaxınlaşar və həmişəki kimi “Hə kişilər, nə var, nə yox?”- deyərdi. Sonra qısa maraqlı söhbətlər başlanardı. Zəng çalınan kimi də “Hə, uşaqlar, getdik”,- deyib ayrılardı.

1978-ci ilin aprel ayı (günü yadımda qalmayıb) idi. İndiki Heydər Əliyev Sarayının qarşısında İsmayıl müəllimlə rastlaşdıq. O, işə, mən dərsə gedirdim. (O vaxt bizim fakültə Getsxoveli küçəsindəki 102 saylı binada yerləşirdi.) Özümü toplayıb ona salam verdim. İrəli buraxdım. Amma İsmayıl müəllim ləngiyib, mənlə söhbətə başladı. Hansı rayondan olduğumu, neçənci kursda və qrupda oxuduğumu, vəziyyətimi, çətinliklərimi soruşdu. Öz tövsiyələrini verdi. Böyük şairimiz Səməd Vurğunun dəfələrlə Oğuz (o vaxt adı Vartaşen idi) meşələrində öv etdiyini, yeganə və böyük qardaşı Mehdixan Vəkilovun bir müddət indiki Oğuzda müəllim işlədiyini də ilk dəfə məhz İsmayıl müəllimdən eşitdim.

Oğlanlara zarafatla deyərdi ki, bax, çalışın yaxşı müəllim olun ki, sizə qız istəmək üçün elçiliyə gedən adamlarınıza “hə” desinlər. Sizin özünüzə kiminsə elçiliyinə getməyinizi xahiş edəndə isə bilin ki, artıq hörmət-izzət sahibi olmuşunuz. 

İ.Şıxlı öz əsərlərindən başqa, həm Azərbaycan, həm də xarici ölkə yazıcılarının əsərlərini mütaliə etməyi tələb edərdi. Öz əsərlərini heç vaxt təbliğ etməzdi. Amma fakültədə onun çap olunmuş əsərlərini oxumayan tələbə, demək olar ki, yox idi. Bir dəfə qrup yoldaşım rəhmətlik Etibar ona bir sual vermişdi ki, “İsmayıl müəllim, nə üşün Cahandar ağa evli bir qadını qaçırdı?” İsmayıl müəllim zarafatla cavab vermişdi ki, bunu Cahandar ağadan soruşmaq lazımdır. Bu, əslində mütaliəyə və əsərlərin müazakirəsinə təşviq etmək idi. 

1979-cu il gəlib çatmışdı. Diplomları almışdıq. Artıq təyinat yerlərimiz də məlum idi. Bir qrup tələbə yoldaşlarımızla İsmayıl müəllimlə vidalaşmaq üçün onun yanına getdik. Bizə uğurlar arzuladı. Təxminən belə dedi: “Baxın, dediklərim yadınızdan çıxmasın, yaxşı müəllim olun. Bu iş asan deyil, çox məsuliyyətli işdir. Kimin müəllimlik etməyə meyli yoxdursa, elə indidən başqa işlə məşğul olsun”.

Bu gün tam qətiyyətlə deyirəm ki, İsmayıl müəllimin fəaliyyəti, pedaqoji görüşləri pedaqoji fikir tariximizin ən dəyərli mənbələrindəndir. Mənim müəllim kimi yetişməyimdə bu böyük şəxsiyyətin də müstəsna rolu olub. O, mənim ruhumun memarlarından oldu. Düz 44 il sinif otaqlarına İsmayıl müəllim kimi daxil oldum, İsmayıl müəllim kimi sinifdən çıxdım. Onun ürəyində mənim gəncliyim, mənim ürəyimdə onun müdrik qocalığı, xatirələri yaşadı. 

Allah rəhmət eləsin. AMEA-nın həqiqi üzvü Nizami Cəfərovun yazdığı kimi, “İllər keçəcək, nəsillər dəyişəcək, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam"ın... ölməz müəllifi, böyük yazıçı, böyük Adam, böyük Müəllim İsmayıl Şıxlı heç vaxt unudulmayacaq”. 

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.