“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
ŞAGİRD
Mən, Əliyev Camal Sabit oğlu 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Xətai rayonu 261 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuşam. Hazırda 11-ci sinif şagirdiyəm. Kiçik yaşlarımdan riyaziyyat və informatika ilə məşğulam. Hələ 3-cü və 4 -cü siniflərdə oxuyarkən informatika fənni üzrə keçirilən BEBRAS olimpiadasında sertifikata və mükafata layiq görülmüşəm. Sonrakı illərdə müxtəlif yerli və beynəlxalq riyaziyyat müsabiqələrində də iştirak etmişəm. AİMO olimpiadasında qızıl medala, FİSO olimpiadasında gümüş medala layiq görülmüşəm. 9-cu sinifdə respublika fənn olimpiadasında informatika fənni üzrə yarımfinal mərhələsinə qədər yüksəlmişəm. "Əlaçı" verilişində məktəbimizi təmsil etmişəm. Hər zaman uğurlarımla ailəmi və müəllimlərimi sevindirməyə çalışacağam.
ESSE
“İnternetin xeyiri və ziyanı barədə”
Bildiyimiz kimi, XXI əsr elm və texnologiya əsridir. Elm və texnologiyanın inkişaf etməsinin başlıca səbəbi də internet olmuşdur. İnternet milyonlarla istifadəçini birləşdirən dünyanın ən böyük vasitəçisi hesab olunur.
İnternet məkan və zamandan asılı olmayaraq insanlarla əlaqə qurmağımıza, xəbər almağımıza və sürətli məlumat göndərməyimizə imkan verir. İnternet faydalı məlumatlarla zəngindir. Bu, öyrənmək, inkişaf etmək istəyən hər bir insan üçün böyük nemətdir.
Müasir dövrdə uşaqdan böyüyə hər kəsdə internet asılılığı yaranıb. Məncə, internetdən asılılıq onun təklif etdiyi bir çox üstünlüklərlə bağlıdır. Məsələn, iş stresini azaltmaq, evdə rahat oturaraq dünyanın müxtəlif yerlərində yaşayan insanlarla ünsiyyət qurmaq, dünyada baş verən hadisələrdən xəbərdar olmaq kimi üstünlüklər. Əgər internet olmasaydı, müxtəlif fikir və ideyaları dünyaya çatdırmaq sadəcə bir xəyal olardı.
İnternetin bir üstünlüyü də distant təhsildir. Pandemiya dövründə internet ənənəvi təhsil sistemini əvəz etmək üçün alternativ bir yol oldu. Onun sayəsində şagirdlər və tələbələr məkanddan asılı olmayaraq təhsil ala bildilər. Təhsillə bağlı əlavə resurslardan geniş şəkildə istifadə etdilər.
İnternetin faydalarını tək-tək yazmaq mümkün deyildir. Bununla belə, internetin zərərli tərəfləri də vardır. İnternet qarşısında çox vaxt keçirmək insanların həyatında və iş fəaliyyətində müəyyən çətinliklər yaradır. Biz ancaq ondan səmərəli şəkildə istifadə etməliyik. Azyaşlı uşaqların internetdən istifadəsinə isə xüsusi ilə diqqət etməliyik.
İnternet ağıllı insanlar üçün faydalı və əvəzolunmaz bir vasitədir. Əgər biz ondan doğru istifadə etsək, bilikli, bacarıqlı və həyatda uğur qazanmış bir insan ola bilərik. Belə insan olmaq bizim öz əlimizdədir. Unutmayaq ki, hətta suyun da çox içilməsi insan üçün ziyandır.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)