Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Şübhə eləmək üçün gərək haqq qazanasan, gərək buna səlahiyyətin ola.
2.
Bir var, həyatının elə bir vaxtına gəlib çatasan ki, qayıtmaq istəyəsən. Elə istəyəsən ki, dözə bilməyəsən bu istəyin ağrısına. Qayıdıb bu yolu təzədən gəlmək üçün yanıb-yanıb qovrulasan. Bir də var, sənə qayıtmaq imkanı verələr və sən başlayasan yolu təzədən geri gəlməyə. Gələsən, gələsən və birdən ayılıb görəsən ki, yenə də həmin yolla gəlib həmin yerə çıxmısan.
3.
Səməd Vurğun: “Şair, hökmdarın hüzurundasan!”
Şair və hökmdar! Kimdir haqlı, kimdir haqsız?!
Şair və hökmdar! Kimdir güclü, kimdir gücsüz?!
Şair və hökmdar! Kimdir şair, kimdir hökmdar?!
4.
Gözlərindən doğmalıq çıxdı. Elə bil, havada üşüyən kimi oldu. Qayıtmaq istədi gəldiyi yerə. Sonra nə fikirləşdisə, ətrafa oğrun-oğrun baxıb tez-tələsik gözlərimə girdi.
5.
Füzuli səni sevməyə, daxilən azad olmağa... çağırmır. Füzuli səni buna səsləyir.
6.
Qarabağ sevgisi, Qarabağ həsrəti Elçində olan kimi heç kimdə bu qədər təsirli deyil. Hətta onun Bakı kəndləri mövzusunda yazdıqlarından da Qarabağ rayihəsi gəlir.
7.
“Allah, bizi bağışladı, yəni, verdi cəzamızı.”
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)