Bu günə - yanvarın 28-nə təsadüf edən əsas tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portal olaraq diqqətinizə çatdırırıq:
Antarktidanın kəşfi günü
Antarktida sözünün mənası bilirsinizmi nədir? “Ayının əks tərəfində”dir. Qədim yunanlar buzlu şimalı Böyük Ayı qübbəsinin şərəfinə Arktikos adlandırıblar, amma bura çox soyuq olduğundan orda əsl ayılar yaşamırlar. Antarktida da yunancada Arktikanın əksi mənasını bildirir.
1820-ci ilin 28 yanvarında “Vostok” və “Mirnıy” adlı iki gəmi ilə ruslar Bellinsqauzenin və Lazarevin başçılığı altında bu sirli materiki – sonuncu, altıncı materiki kəşf ediblər. Bu gün Antarktida heç bir ölkəyə aid deyil, ərazisi 13, 6 milyon kilometrə bərabərdir. Bura planetin ən soyuq və ən quru zonasıdır. Burda illik yağıntı cəmi 10 santimetrə bərabərdir. Planetin içməli su ehtiyatının 70 faizi Antarktidadadır.
Mütəxəssislər buranın iqlimini Marsın iqlimi ilə eyniləşdirirlər, təsadüfi deyil ki, NASA kosmik sınaqları burada həyata keçirir. Antarktidada ən soyuq hava 91,2 dərəcə şaxtanın qeydə alınması ilə müəyyənləşib, yayda burada 30-50 dərəcə şaxta olur. Burada cəmi iki bitki var – Kolobantuskito və Antarktida çəmənliyi. Heyvanlardan isə burada yalnız pinqvinlər yaşayırlar.
Qitə beynəlxalq qoruq hesab edilir.
Ciddi sözümdür, elə arzulayıram ki, kaş Antarktidada bir metereoloji stansiya qurulaydı, onu işlətməyi də mənə həvalə edəydilər. Pinqvinlərlə, kolobantuskito ilə yoldaşlıq edə-edə oradaca yaşayaydım.
Beynəlxalq Personal məlumatların qorunması günü
İnsanların konfidensial məlumatlarının qorunması, xüsusən indiki İKT-nin hədsiz yüksəlişi, robot casusların, dinlənmə aparatlarının, video kameraların tüğyan etdiyi zamanda vacib hesab edilir. Data Privacy Day – 1981-ci ildən etibarən 27 Avropa ölkəsində, ABŞ və Kanadada qeyd edilir, Avropada bu gün İnformasiyanın müdafiəsi günü adlanır.
Hər bir insan izlənilməməyə, gizlin məlumatlar saxlama hüququna malikdir, amma çox təəssüf ki, bu qaydalara əksərən əməl olunmur. Nə isə.
Ukraynada Dövlət bayrağının təsdiqlənməsi günü
Ukraynanın Ali Radası 1992-ci ilin bu günündə sarı-göy bayrağı rəsmi olaraq təsdiqləyib, odur ki, bu gün qardaş ölkədə Dövlət Bayrağının təsdiqlənməsi günü kimi qeyd ediləcək. Hər ilin 23 avqust tarixi isə Ukraynada Dövlət basyrağı günü kimi qeyd edilir.
Sovet imperiyasından qopan bütün xalqlar eyni acılar yaşayıblar, müstəqillik onlar üçün ağır itkilər bahasına başa gəlib. İndi bu xalqlar öz müqəddəs bayraqlarına sarılaraq müstəqilliklərini qorumaq uğrunda çabalar göstərməkdədirlər. Bu ukraynalılar üçün müqəddəs gündə hər bir ukraynalını, eləcə də Azərbaycan – Ukrayna dostluq və qardaşlığına töhfələr verən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladıslav Kanevskini təbrik edir, jovto-siniy (sarı-göy) bayrağın daim dalğalanmasını arzu edirik.
Kazu günü
Amerikalıların bu nəfəs çalğı aləti 1840-cı ilin bu günündə kəşf edilib, dünya musiqisinə möhkəm daxil olub, xüsusi skiffl stili məhz bu alətlə yaranıb.
Odur ki, təqvimə ayrıca Kazu gününü salmaqla bu alətə rəğbət izhar edilir. Adi hakim fitinin böyüyünü xatırladan kazu ilə bağlı amerikalıların böyük planları var, yeni dünyanın özünəməxsus nələrisə çox az olduğundan, onlara dəyər verməyi vacib bilirlər.
Erməni ordusu
Nə deyirsiz deyin, amma bədxah qonşularımız bu gün Ordu gününü heç də alnıaçıq və üzüağ keçirə bilməyəcəklər. 44 günlük müharibədə onların ordusu necə pazlanıbsa, hələ də “dadı damaqlarından” getməyib.
Bolqarlarda bu gün Qavril Lesnovskinin xatirəsi günüdür. 11-ci əsrin məşhur din xadimi, Lesnovski məbədinin yaradıcısı olub bu şəxs.
ABŞ bu gün işdə şənlənmək gününü qeyd edəcək. Hamı iş yerində şənlənir, deyib gülürlər, yeyib içirlər. Burun sallayan əsla ola bilməz. Maraqlı təyinatdır, eləmi? Bu gün Amerikada həm də Milli Pediatr günüdür. Bəs mətbəx? Sualınız aydındır. Təqvimin hər gününə bir mətbəx bayramı salan amerikalılar bu gün də boş dayanmayacaqlar. Bu gün onlarda həm də Milli qarağatlı oladi günüdür.
Zəfər Tağı
1986-cı ilin 28 yanvarında havaya uçmasının 73-cü saniyəsində canlı yayımda Kanaveral burnu üzərində Amerikanın “Çellincer” kosmik gəmisi partlayıb. 1958-ci ildə Lego kompaniyası öz konstruktorunu üzə çıxarıb, hazırda dünya uşaqlarının bir nömrəli oyuncağıdır Lego konstruktorları. 1921-ci ildə Parisdə 1-ci dünya müharibəsində həlak olmuş naməlum əsgərə qoyulmuş abidənin açılışı olub. Bu abidə məşhur Zəfər Tağı adlanır. 1906-ci ildə Rusiya İmperiyasında qadınlar üçün ilk ali texniki məktəb – Sankt Peterburq qadın politexnik kursları yaradılıb.
Bu sonetlər əsla unudulmaz
1978-ci ilin 28 yanvarında biri İtaliyanın Toskana şəhərində, biri Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dünyaya gəlib, birincisi dünya futbol tarixində ən dahi qapıçı kimi ad çıxarmış Canluicci Buffon, digəri Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi tənqidinə layiqli töhfələr vermiş Elnarə Akimovadır.
1952-ci ilin bu günündə müğənni, xalq artisti Zaur Rzayev doğulub. Onun barəsində ayrıca yazı gedib.
1925-ci ilin 28 yanvarı Azərbaycan şairi, sonetləri ilə məşhur olan Adil Babayevin doğum günüdür. İllər ötsə də bu sonetlər sanki indi yazılıbmış kimi canlıdırlar, ruh oxşayırlar, bu, fenomenal haldır.
Qoy yapışsın əlimdən günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfiqləri,
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün,
Yurduma gərək olan söz üçün, sənət üçün,
Ömürdən doymamışam, həyatdan doymamışam.
Bu cür yazırdı Adil Babayev. Ruhu şad olsun!
1912-ci ildə abstrakt ekspressionizmin ilk görkəmli nümayəndəsi olan Amerika rəssamı Cekson Pollak, 1884-cü ildə isveçrəli alim, stratostat və batiskafları kəşf edən Oqyüst Pikar, 1706-cı ildə ingilis çapçısı, adına şrift olan Con Baskervill, 1693-cü ildə rus çaritsası Anna İvanovna, 1611-ci ildə Ayın ilk xəritəsinin müəllifi, polyak astronomu Yan Qaveliy dünyaya gəliblər.
İosif Brodskidən 1-ci Pyotradək
2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlunu itirdik. Şairin xatirəsinə ayrıca yazı vermişik.
2010-cu ilin 28 yanvarında yazıçı Sabir Azəri, 2002-ci ilin 28 yanvarında “Balaca və Damda yaşayan Karlsson” və “Uzuncorab Peppi” kimi uşaqlar üçün şedevrlər yaratmış isveç yazıçısı Astrid Lindqren, 1996-cı ildə Nobel mükafatçısı, yəhudi əsilli şair, esseist İosif Brodski, 1980-ci ildə Azərbaycan peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı, 1944-cü ildə görkəmli maarifçi Qantəmir, 1725-ci ildə rus imperatoru 1-ci Pyotr vəfat ediblər.