“Şübhə etməkdə həqlidir insan...” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“Qarşı yatan Ala dağ” – hərəkətdə olan zamanla hərəkətsiz məkanın mifoloji təsəvvürdə birləşdirilməsi cəhdi.

 

2.

Hüseyn Cavid:

“Şübhədir hər həqiqətin anası,

 Şübhədir əhli-hikmətin atası

Şübhə etməkdə həqlidir insan...”

Qeyri-səlis düşüncə tərzi, əlbəttə ki, şübhə ilə başlayır

 

3.

“...Bu dənizin sularını balıqlarından başqa içən olmadı”

 

4.

Axundovun gənc bəyləri qaçaq mala (olduğu kimi desək - oğurluğa!) gedəndə gizlətmirdilər ki, hara və niyə gedirlər. Bunu bu gün təsəvvür etmək belə mümkün deyil, göydəki ulduzları saymaq kimidir.

 

5.

Qapısı olmayan otaqda heç bir şey görmürsənsə, bu o demək deyil ki, otaqda heç nə yoxdur. Biz bunu belə də deyə bilərik: otaqda heç nə var.

 

6.

“ - Qurban olum, axı mənəm.

Aç qapını, bax, mənəm.

Qayıtmışam sağ, mənəm,

 Əvvəlki mən deyildim.

 

Xəyal kimi gərilmisən,

 sən o xəyal deyilmisən?!

Yorulmusan, yol gəlmisən,

Keç içəri, dincini al.”

 

7.

Şah İsmayıl dövründə qoşuna adam yığmaq şüarı: “Əgər yataqda tərləyib ölmək istəmirsənsə, əlində qılınc şəhid olub cənnətin qapısına gəlib dayanmaq niyyətin varsa, qoşul bizə!”

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.