“Ədəbiyyatın mayasında qan durur” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Tarixsizlik dövründən, başqa sözlə, mifoloji tarixdən real tarixə keçid zamanı üç əhəmiyyətli məkan özünü büruzə verir: mağara, alaçıq, ev.

 

2.

Ədəbiyyatın mayasında qan durur. Troya müharibəsini yada salmaq kifayətdir.

 

3.

“Mən öz üfüqümə çatdım bu səhər.

 Üfüq məndən qaçmadı,

Məndən uzaqlaşmadı.

Üfüq mənə başladı

Dərdini danışmağa.”

 

4.

Abdulla Şaiq: “Həpimiz bir günəşin zərrəsiyik...”

Füzuli: “Həm ver mənə qəm yemək kəmali, həm aləmi qəmdən eylə xali.”

Mirzə Cəlilin “Kamança”sında ermənilər tərəfindən ailəsi məhv edilən yüzbaşının ermənini azad edib evinə buraxması. Cavidin “Qızlar məktəbində” anasını, babasını, müəllimini, bir də bütün insanları sevən Gülbahar... Azərbaycan multikulturalizminin əzəmətli binası bu nəhəng, dev əsərlərin üzərindən əzəmətlə yüksəlir.

 

5.

Folkner haqlı olaraq düşünürdü ki, məqsədin böyüklüyü və ona çatma dərəcəsi arasında həmişə fərq olmalıdır. Düşünülmüşlə əldə edilmiş arasındakı fərqin ortaya çıxması - Folknerin “Hay-küy və hiddət” romanı ilə bağlı dediyi ən gözəl və ən böyük məğlubiyyət bu idi

 

6.

“De görüm, nə deyirsən?!” Dilimizin bəlkə də ən qədim mifoloji deyimi! Mən desəm, sən mənim dediyimi necə görə bilərsən?! Amma bəlkə də… o uzaq mifoloji dövrdə deyilən sözü həm də görürlərmiş. İspan mütəfəkkiri Orteqa i-Qasset nahaqdan demirdi: “Söz ibtidai insan üçün əşya kimi bir şeydir.”

 

7.

A.Veselovski: “Öz-özlüyündə hər bir söz nə zamansa metafora olmuşdur.” Dil tarixinə inanılmaz bədii baxış!..

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.