Tam xoşbəxtlik nədir? - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanınəsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Hacı Mir Həsən ağa Səyyah, mənim başqa bir adım:
“Ölməkdən əvvəl ölməyə həvəsim yoxdur.”
2.
Kamyunun ölümə məhkum edilmiş qəhrəmanından soruşanda ki, sən o biri dünyanı necə təsəvvür edirsən, belə cavab verir: “Elə təsəvvür edirəm ki, mən orada bu dünyanı xatırlaya bilim.”
Gözəl arzudu. Bu həqiqətən belə olsaydı, ölməyə nə vardı?
3.
“Yollar getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox...”
4.
“Filan ildə ölkənin şahı öldü. Bundan bir il sonra şahın arvadı öldü.” Bu iki cümlə tarixi əks etdirir. Bu cümlələri tarixi faktdan ədəbi fakta çevirmək üçün ikincisinə bircə söz əlavə etmək kifayətdir: “Filan ildə ölkənin şahı öldü. Bundan bir il sonra şahın arvadı qüssədən öldü.”
5.
“Kitabi-Dədə Qorqud” XVI əsr kəsiyində yazıya alınsa belə əsl tarixi romandır. Cismi ilə (ilk növbədə dili ilə) XVI əsrdə, ruhu ilə daha qədim dövrlərdədir. Bu dastanın cismi ilə ruhu bir-birinə uyğun gəlmir.
6.
Mifoloji təfəkkür birmənalı şəkildə dediyinə inanır. Siz bu gün dilimizin dərinliklərinə nə qədər ensəniz, bir o qədər dediklərinizə inanmayacaqsınız. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” deyən Füzuli haqlı idi.
7.
“Kimi” qoşması Koroğlunun tüfənglə bağlı dediyini xatırladır. Bu dil vahidi ortaya çıxdımı, dilin mif dövrü (mərdlik dövrü - !) bitir. Və yeni yazı dövrünün (poetik dövrün) təntənəsi başlayır.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)