Avropanın ən xoşbəxt yeniyetmələri hansı ölkələrdə yaşayır? XEYİR, HEÇ DƏ VARLI ÖLKƏLƏRDƏ DEYİL! Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Avropanın ən xoşbəxt yeniyetmələri hansı ölkələrdə yaşayır? Təbii ki, belə bir sıralanmada sizi ilk əvvəl öz azərbaycanlılarımız maraqlandırır, ancaq bəri başdan deyim ki, Azərbaycan coğrafiyası söz açacağım araşdırmanın əhatə etdiyi məkana aid deyil, odur ki, marağınızı boğmalı olacaqsınız.

 

Gənclərin xoşbəxtliyi üçün nə lazımdır? “2024 Good Childhood Peport”un hesabatı barədə bir neçə azərbaycanlı yeniyetməyə müraciət edib mövzu ilə bağlı  onların da fikrini aldıq. Cavabları sonda qeyd edəcəyəm.

İndi isə mövzuya qayıdıram. Euronews kanalı ilə bazar günü axşam izlədiyim proqramın məğzi o idi ki, sən demə ən xoşbəxt gənclər heç də ən varlı ölkələrdə yaşamırlar.

Avropa dünyanın ən firavan regionu hesab edilir, amma nisbətdə burada da daha varlı və daha kasıb ölkələr vardır. Məsələn, Böyük Britaniya, Fransa, Almaniya kimi üç hegemon, Skandinav ölkələri kimi əhalisinin ən təminatlı olanları, Yunanıstan, Albaniya, Balkan ölkələri kimi kasıblar da vardır. Britaniyanın Children’s Society xeyriyyə təşkilatı qitə gənclərinin rifahı barədə dərc etdiyi hesabat  adamda fərqli düşüncələr yaradır. “2024 Good Childhood Peport” adlı hesabatda qeyd edilir ki, avropalı yeniyetmələrin cəmi 16,6 faizi öz həyatlarından narazıdır. Ölkələr üzrə götürəndə isə ən narazı bilirsiniz hansı ölkənin təmsilçiləridirlər? Məhz qitənin ən varlı ölkəsinin – Böyük Britaniyanın.

Avropanın 27 ölkəsində 15 yaşlı yeniyetmələr arasında keçirilən rəy sorğusuna görə ən az narazı isə Niderlandda yaşayır.

 

1.Niderland     6,7

2.Finlandiya    10,8

3.Danimarka    11,3

4.Rumıniya       11,4

5.Portuqaliya     11,6

6.Xorvatiya     12,3

7.Macarıstan   12,6

8.İsveçrə         13,6

9.Litva            14,1

10.İspaniya     14, 6

---------------------

25. Malta         23,6

26.Polşa           24,4

27.B.Britaniya  25,2

 

Qitənin yeniyetmələrini əsas narazı salan cəhət qiymətlərin baha olması, valideyin mühafizəkarlığı, qadcetlərin real ünsiyyətə xələl gətirməsi, narkomaniyanın tüğyan etməsi, epidemiyaların, təbii fəlakətlərin və müharibələrin tüğyan etməsidir.

İndi isə öz yeniyetmələrimizə qayıdaq. Sorğu 15 yaşlılar arasında keçirilib deyə biz də məhz bu yaşda olan səkkiz yeniyetmə arasında sorğu apardıq.

Sizi nə xoşbəxt edər?

Anar, Elşən, Dadaş, Səbinə və Renat dedilər çoxlu pul. Pərviz və Məryəm dedilər ali məktəbə qəbul olmaq. Tariyel dedi xarici ölkədə yaşamaq.

Sizi nə narazı salır sualına isə cavablar belə oldu:

Anar, Səbinə, Pərviz – təhsilin səviyyəsi.

Elşən, Dadaş, Tariyel – bahaçılıq.

Renat -valideyinlərin ipoteka və kredit öhtəlikləri.

Məryəm – valideyinlərin sərt nəzarəti.

Ümumilikdə isə bizim 8 yeniyetmədən cəmi biri özünü bədbəxt sandığını söylədi, digərləri xoşbəxt olduqlarını bildirdilər, bu xoşbəxtliyin əsas səbəbi isə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər, 2023-cü ildə suverenliyinin bərpa etməsidir. Demək, buradan belə nəticə çıxır ki, bizdə çox vətənpərvər bir nəsil yetişir, rəy sorğusuna Azərbaycan da daxil edilsəydi, biz ön sıralarda qərarlaşar, heç də Britaniyaya yoldaş olmazdıq.

 

Şəkildə: britaniyalı yeniyetmələr.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.