Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, Kamal Abdulladan hər gün 7 qranula:
1.
“Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi, qurtardı, yox oldu, getdi?!
Bu da bir həyatdı - oynadıq onu,
Bu da bir oyundu - yaşadıq bitdi.”
2.
Taleyində olan həyatında olmaya bilər.
3.
“Mənə deyən gərək nə olub axı
Nə çabalayırsan, söylə nə xəbər?!
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.
4.
Əvvəlki an olmamışdır və sonrakı an olmayacaqdır. Həm indini, həm sabahı, həm keçmişi öz içinə yağan bir vahid an var. Dolğun an!
5.
“Kitabi-Dədə Qorqud” başdan-başa mağara dərsləridir. “Nəyi etmək olar?!”dan “nəyi etmək olmaz!”a qədər geniş bir didaktik yelpazə Dədə Qorqudun mağara dərslərinin əsas mövzusudur.
6.
Quru çay ola. Üstündən sınıq bir körpü salasan. Keçəndən üç axça, keçməyəndən döyə-döyə dörd axça alasan. Bunu ancaq Dəli Domrul edə bilərdi.
7.
Bəzi adamların tam xoşbəxt olmaları üçün vacib deyil ki, onların bütün arzuları yerinə yetsin. Tam xoşbəxtlik üçün bu adamların qonşuları da gərək bədbəxt olsun.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)