“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
Direktor:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Şagird:
Mən, Pirverdizadə Sadiq Feyyaz oğlu 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Xətai rayonu 261 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuşam. Hazırda 11-ci sinif şagirdiyəm. Kiçik yaşlarımdan riyaziyyatla məşğulam. Hələ 3-cü sinifdə oxuyarkən məktəbdə keçirilən riyaziyyat fənni üzrə yarışda birinci yerə layiq görülməyim mənim riyaziyyata olan sevgimin daha da artmasına səbəb olub. Sonrakı illərdə müxtəlif yerli və beynəlxalq riyaziyyat müsabiqələrində iştirak etmişəm. Kenken olimpiadasında həvəsləndirici yerə, Hədəf kurslarının təşkilatçılığı ilə Şəhid müəllim Qoşqar Ömərovun adına keçirilən yarışda 10-cu yerə, Kenquru olimpiadasında bürünc medala, TİMO olimpiadasında gümüş medala, SASMO Beynəlxalq Riyaziyyat olimpiadasında qızıl medala layiq görülmüşəm. 8-ci sinifdə respublika fənn olimpiadasında yarımfinal, 10-cu sinifdə final mərhələsinə qədər yüksəlmişəm. Ümid edirəm ki, gələcəkdə də uğurlarımla ailəmi və müəllimlərimi sevindirməyə davam edərəm.
Esse:
Özümü tanıyandan bəri cəmiyyətdə hər kəsin uğurdan, uğurlu olmaqdan, uğur qazanmaqdan danışdığını eşidirəm. Hər kəs uğur qazanmağa can atır, uğur əldə etmək üçün əlləşir, uğurdolu həyat arzulayır özünə. Bəs, uğurlu olmaq, uğur əldə etmək, uğur qazanmaq nədir? Ümumiyyətlə, uğurdolu həyat necə bir həyatdır?
Ətrafa baxsanız, insanları dinləsəniz, cəmiyyətin dediklərini meyar kimi düşünsəniz, uğur keyfiyyətli orta təhsil almaqdır, qabaqcıl ixtisaslar üzrə universitet bitirməkdir, iş, ev və maşın sahibi olmaqdır. Bununla yanaşı, uğur həm də yüksək statusa, şöhrətə və hörmətə, medallara, ordenlərə, müxtəlif mükafatlara sahib olmaqdır cəmiyyətin nəzərində. Diqqət etsəniz, bütün sadalanan şeylərdə adətən insanın özünün əldə edə biləcəyi maddi və mənəvi mənfəətlər nəzərə çarpır. İstisnalar hər zaman mövcuddur, əlbəttə, amma çoxu bunların dalınca qaçır ömür boyunca. Və nə olursa, elə bunların dalınca qaçarkən olur.
Bir gənc kimi mənimçün də təhsil almaq ən ümdə arzularımdan və planlarımdan biridir. Amma mənimçün uğur yuxarıda sadalanan maddi-mənəvi mənfəətlər, parlaq nailiyyətlər, cəzbedici mükafatlar deyil. Mənimçün uğur bunları əldə etməyə çalışarkən dünyanın qaranlığında boğulmamaq, çirkabında kirlənməməkdir. Mənimçün uğur nələrəsə nail olmağa çalışarkən kiminsə ayağına basmamaq, kiminsə göz yaşına səbəb olmamaq, kiminsə haqqına girməməkdir. Mənimçün uğur dünyanın mənim ətrafımda dönmədiyini anlayıb məsuliyyətli yaşamaqdır. Mənimçün uğur bu dünyaya gəldiyim andakı qədər saf və təmiz şəkildə həyata davam etməkdir. Əks halda, cəmiyyətin bizə təlqin etdiyi uğurların hamısı sadəcə öz maraqlarımıza xidmət etməkdən, eqoist yanaşmadan ibarətdir.
Bəli, uğur sadəcə bir nailiyyətdən ibarət olmamalıdır. Əldə etdiyin uğura layiq ola bilməkdir uğur!
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)