Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Həyatım daim səfərlərdə keçib. Belə səfərlərdə bir çox məşhurlarla tanış olmuşam, söhbətləşmişəm. Yaddaşımda ən çox iz qoyanlardan biri də ötən il təyyarədə tanış olduğum Yuliy Qusman olub.
Ya uzaq səfərə, ya da elə şəhər içərisinə çıxanda əlimi Tanrıya açıb: “Qarşıma işıqlı, nurlu insanları çıxart”- alqışını dilərəm o böyük Yaradandan. Atamdan öyrənmişəm bu alqışı və diləyi.
Ata yurdumuz Qazaxıstana bu dəfə biznes-klass salonunda uçmalı oldum. Təyyarəmiz İstanbulda eniş etməklə Astanaya uçurdu. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə yuxarı qalxandan sonra, yanımda oturan göylərdəki yol yoldaşıma bir də diqqətlə baxdım:
-Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.
-Özüdür ki var... Mən Yuliy Qusmanam.
-Ayyyy, nə gözəl, bu nə xoş təsadüfdür,- deyib sonra sevincimi izhar etdim. Hətta boynunu qucaqlamaqdan belə çəkinmədim. Belə həmsöhbətlə səssiz yol getmək günahdır.
Söhbətimiz şirin alındı desəm, inanın mənə. Dedi ki, kiçik qardaşı Mixail Qusman Şuşada keçirilən Qlobal Media Forumuna gəlib. O da fürsətdən istifadə edib, 3 günlüyə yolunu Bakıdan salıb. İndi İstanbula enəndən sonra, Amerikaya - evinə qayldacaq. Səhhətində narahatçılığı olduğundan, forumda iştirak edə bilməyib.
Söz sözü, söhbət söhbəti çəkdi. Soruşdum:
-Yuliy Solomonoviç, göyün 9-cu qatındayıq... Tanrıya, yaradana yaxınıq... Təyyarə göyə qalxanda əllərimi yenə Tanrıya açıb mən ondan diləklərimi dilədim. Bəs siz səma sərnişini ikən nə düşünürsünüz?
-Bu gün əslində hər kəs, Yaradana, göy səmaya çox yaxın olmalıdır. Çünki dünyada yaşamaq çətinləşib. Acılar, ağrılar, göz yaşları çoxalıb. Çoxdandır dünyada bu qədər göz yaşı axıdılmırdı. Lap çoxdan, 70 il idi ki, bu acılar tükənmişdi.
Acıları azaltmaq üçün müharibələrə son qoymaq lazımdır, deyilmi?
-Əlbəttə. İnsanlara gülüş, sevinc vermək lazımdır. Mən Bakıda doğulmuşam. Evimiz indiki Əlövsət Quliyev, o vaxtkı Montin küçəsində idi. Qara şəhərin yanında idi. Balaca, şəraitsiz otaqlarımız var idi. Baxmayaraq ki, atam və anam yüksək vəzifədə idilər. Atam Solomon Moyiseyeviç Qafqaz Hərbi Konfederasiyası üzrə tanınmış həkim-professor idi. Anam Lola Barsuk isə pedaqoji elmlər doktoru, professor idi. İnstitutda dərs deyirdi. Aza qane olub yaşayırdıq. Elə konfortumuz da yox idi. O vaxtlar insanlar bir-birini sevir, hörmət edirdilər. Mən sevinirəm ki, yenə də gəlib doğma Vətənimi, Bakını gördüm. Azərbaycanı çox sevirəm. Onun uğurlarına sevinirəm. Bu, bir həqiqətdir. Mən hər zaman Bakının adamları, dənizi, havası, meyvələri, mərkəzi üçün darıxıram. Bakının havasını heç nəyə dəyişmərəm. Baxırsan ki, indi şəhər dəyişib. Ürəyi, ruhu isə heç dəyişməyib. Bakı həmişə olduğu kimi qonqaqpərvər, delikat, incə və gözəldir.
Arada stüardesa xanımdan rica edirəm ki, şəklimizi çəksin. Xanım stüardesa şəklimizi çəkəndən sonra Yuliy Qusman ona təmiz bakılı ləhcəsində “Çox sağ olun...” deyir. Stuardesa xanım bizim üçün yemək gətirir.
Yeyə-yeyə həmsöhbətimin avtobioqrafiyası ilə də tanış oluram.
Yuliy Qusman 1943-cü ilin avqustunda Bakıda doğulub. İlk ali təhsilini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda alsa da, sonralar yaradıcılıq sahəsinə daha çox meyl edib. Yuliy və Mixail Qusman qardaşlarıının həm də peşəkar jurnalist istedadları olduğunu hər birimiz yaxşı bilirik.
Ona veriləcək suallarım çoxdur, müsahibə almaq məramım olduğunu deyəndə isə, o da bir az siyasi hazırlığından, bir az da jurnalist peşəkarlığından istifadə edib daha çox Bakı haqqında danışmağa üstünlük verir.
-Mən indi Bakıya baxıram və düşünürəm ki, bu şəhəri başqa necə gözəlləşdirmək olardı ki? Bakı həmişə gözəl olub. Yenə yaraşıqlıdır, yenə gözəldir. Dostlarımı gözəllik görmək üçün həmişə Bakıya dəvət etmişəm. Uşaqlığımın yaddaşında bir Qara şəhər vardır. Montinin uşaqları ilə - məhəllə uşaqları ilə biz oranın plyajına çimməyə gedirdik. (Onun uşaqlıq dostları, məhlə uşaqları Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Elmar Məmmədyarov... və digərləri olub). Mənim yaddaşımın Nizami parkı, neft emal edən zavodları var. Külək bərk əsəndə Qara şəhərdən Bakının içərisinə neft qoxusu gəlirdi. Baxmayaraq ki, şəhəri elə tikmişdilər ki, küləklər neft qoxusunu şəhərə az yaysın. Lakin külək elə küləkdir də... Ona biz yol göstərə bilmərik ki...
İndi Qara Şəhər dönüb olub Ağ Şəhər. Port Bakı tərəfdən şəhərin içərisinə gələndə şəhərin yeni görkəmi, dənizkənarı Bulvarın görüntüsü adamı valeh edir.
Yuliy Qusman elə danışır ki, mənə sual verməyə imkan olmasın. Mən də nəzakət xatirinə sözünü kəsmirəm.
- Mən rəhmətlik Heydər Əliyevlə çox yaxın dost idim. Fəxr edirəm ki, onunla dost olmuşam. Çox maraqlıdır ki, bu il onun 100 illik yubileyi oldu, mənim isə avqustun 8-də 80 yaşım tamam olur. Bu il bizim yubileylərimizin ilidir.
- Səkkizinci ayın səkkizində səksən yaş. Nə gözəl rəqəm sıralamasıdır. Bu ilin oktyabrında da mənim 60 yaşım tamam olacaq. Yubileyimdir.
-Sən hələ cavan qızsan.
Ürəkdən gülürəm Fikirləşirəm ki, bakılı oğlanın komplimenti lap əla oldu.
-Sözüm ondadır ki, mən o vaxtlar da Heydər Əliyevin ölkəni necə inkişaf etdirdiyinin şahidi olmuşam. İndi isə belə düşünürəm ki, İlham Əliyev də, Mehriban xanım da Azərbaycanı, Bakını gözəlləşdirmək üçün əllərindən gələni edirlər. “Qorxma, mən səninləyəm” filminin bir hissəsini İlisuda çəkirdim. O zaman İlisuya gedən yollar bərbad gündə idi. İllər keçəndən sonra “Qorxma, mən səniləyəm” filminin ikinci hissəsini də yenə orada çəkməli oldum. İndi başqa bir İlisu var idi. Hər tərəf işıqlı, yollar abad, gözəl şərait... O enli küçələri, meydanları tanımadım. Hara baxsan göz oxşayır. Bu inkişaf məni çox sevindirir, qürur duyuram.
-Nəinki İlisu, Azərbaycanın hər yeri, Bakı elə gözəlləşib ki... Bakının gözəl keçmişi olduğu kimi, gələcəyi də çox gözəl olacaq. Buna adım kimi əminəm.
-Dünyanın ən dadlı ənciri avqust ayının sonu, sentyabrın əvəvlində Bakıda yetişir. Doğrudur, indi Xəzər dənizi bir az geri çəkilib. Lakin nə fərqi var, Bakıdan çıxıb gedən deyil ki, yenə də bizimdir. Ümumiyyətlə, Bakının sakinləri, azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Mənim doğma Vətənimə yersiz hücumlar başlayanda, onun haqqında xoagəlməyən şayiələr yayılanda çox incimişəm. İndi də bu məni incidir. Mən həmin adamlara oxuduğum 160 saylı məktəbdən danışıram. Deyirəm ki, bizim sinifdə 19 millətin nümayəndəsi oxuyubdur. Lakin biz heç vaxt kimin hansı millətdən olduğunun fərqinə varmamışıq. Bizim sinifdə altı şagird Qızıl medal almağa iddialı idi. Mən, iki nəfər azərbaycanlı, bir rus, iki nəfər də erməni: Saaakyan və Sarkisov. Bax, medalı sonda məhz o iki erməni aldı. Bakı üçün uydurulan erməni miflərinin hamısı yalandır. Bakı həmişə beynəlmiləl şəhər olub. Doğulandan 40 il müddətində hər zaman Bakıda yaşadım. Bu şəhərdə mən insanların necə xoşbəxt və mehriban bir ailə kimi yaşadıqlarının şahidi oldum. Heç bir millət, xalq haqqında yaman söz eşitmədim, burada heç kim sıxışdırılmadı.
Azacıq susub əlavə edir:
-Bax, indi Şuşada (19 iyul 2023 – red.) Media Forumu keçirilir. Səhhətimlə əlaqədar mən o forumda iştirak edə bilmirəm. Lakin qardaşım Mixail Qusman Forumun qonaqlarındandır. Bütün bu Zəfər Azərbaycanın və onun xalqının , onun rəhbəri İlham Əliyevin xidmətidir.
-Demək Qarabağ Azərbaycandır!
-Əlbəttə, elədir!
-Sizə bayaq içki təklif etdilər. Dediniz ki, içmirsiniz.
-Tələbəlik illərində içirdim. Sonra ara verdim. Qardaşım Mişa daha yaxşı içir. Mən tək-tək hallarda ya Novruz bayramında, ya da Yeni il şənliyində bir badə içərəm. Mənim temperamentim elədir ki, içkisiz də şənlənməyi bacarıram. Şərabı ona görə içirlər ki, əhval-ruhiyyə yüksək olsun. Ümumiyyətlə isə Azərbaycan şərablarını çox sevirəm. Keçmişdə Azərbaycanın şərab sənayesi “Ağ süfrə”, “Dəllər”, “Ağdam” şərabları ilə məşhur idi. İndi isə çoxdur yaxşı şərablar... Növləri də çoxalıb.
-Deyirsiniz ki, Bakı Şərq gözəlidir...
-Ümumiyyətlə, Bakı bu gün həm möhtəşəm Şərq şəhəridir, həm Avrasiyanın möhtəşəm şəhəridir, həm də Avropanın. Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində Bakı doğrudan da cazibədar görünür. Bu mədəniyyətlər Bakının küləkləri kimi bir birinə qarışaraq Səba Yeli yaradır. Mən bu doğma şəhərimi öyməkdən heç vaxt yorulmuram. Bakı nefti ilə Böyük Vətən Müharibəsi qələbəsi qazanıldı. İndi isə neftdən gələn gəlir vətənimin çiçəklənməsinə sərf olunur, ölkəyə gələn valyuta ciblərə deyil, Vətənin çiçəklənməsinə sərf edilir. Mənim 5 nəsil şəcərəm Bakıda yaşayıb. 1835-ci ildə Qusman ailəsi neft mütəxəsisi kimi buraya yerləşib. Ailədə nənə -babadan başqa 12 oğlan və iki qız olub. Ulu nənəmin məzarı da Bakıdadır. Uaşqlarıma da, nəvələrimə də hər zaman Bakıdan, onun inasanlarından, havasından, meyvəsindən, suyundan, qumundan, meynəsindən, əncirindən danışıram ki, unutmasınlar. Dünyanın ən dadlı albalısı Argentinada yetişir. Ən dadlı qarpız Sabirabadda və Həştərxanda bitir. Ən şirin əncir və üzüm isə Bakıdadır.
-Deməli, siz uzun illərdir ki, yəni Amerikada yaşayandan Bakı əncirinin dadmırsınız...
-Əncirin mürəbbəsini tapırıq. Lakin təzə əncir və xar tutu buradan Amerikaya göndərmək olmur. Yəni istəsən də gəlib ora çıxan deyil. Bakı ənciri heç yerdə bitmir. Bakı ola bilər ki, Dubaydan, Abi Dabidən, Nitsadan, Türkiyənin bahalı kurortlarından geri qalsın, lakin Bakının insanlarından heç yerdə yoxdur. Onların koloriti başqadır. Ona görə də bizim ailənin bütün üzvləri ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını, suyunu dadaq, ruhunu könlümüzə köçürək.
-Yuliy Solomonoviç, deyirsiniz ki, 80 yaşınız tamam olur. Nədir sizi belə cavan saxlayan?
- İnsan gərək pislik etməsin, xəbis olmasın, xəyanət etməsin... Bacarırsa yaxşılıq etsin. Onun qəlbinin rahatlığının işığı üzə nur verəcək.
- Maşallah olsun, lakin bu görəkəminizi, bu yaşamaq və yaratmaq həvəsinizi görəndə sizə heç 80 yaşı vermək olmur.
-Heç siz də pis görünmürsünüz, elə bil ki, 40-45 yaşınız var...
-Yuli Solomonoviç, daha sizə sözüm yoxdur...
-Gəlin elə burada da müsahibəni bitirək...
-Əlbəttə, siz necə istəyirsinizsə, eləcə də olsun!
Sonra uçuşumuzu sakitcə davam etdiririk. Bu müdrik insan nələrsə düşünür. Mənsə Yuliy Qusmanın özüylə tanış olduğumun, şəxsən özündən müsahibə götürdüyümün sevincini yaşayıram.
Bakıya qayıtdıqda bu yazını hazırlayıb məhz avqustun 8-də “Ədəbiyyat və incəsənət” portalında dərc etdirəcəyimə qərar verirəm. Və yazı dərcə gedəndə xəbər alırıq ki, 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Yuliy Qusmanı “Şöhrət” oredeni ilə təltif edib.
Sevinirəm. Bəlkə də səma yol yoldaşımın özü qədər sevinirəm.
“Ədəbiyyat və incəsənət”
(20.09.2024)