Akademik Nizami Cəfərovun 65 illik yubileyi şərəfinə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ədəbiyyatşünaslığında, Azərbaycan dilçiliyində, türkçülükdə bir ad var ki, daim səslənir və səsləndikcə də bu sahələlərə misilsiz töhfələr verir. Bu ad Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun adıdır.

Nizami Cəfərovun 65 illiyi əlbəttə ki, ən müxtəlif səviyyələrdə qeyd olunacaq. Biz ənənəvi məkana - Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına üz tutub oradakı yeniliklərlə tanış olarkən gözümüzə Nizami Cəfərovun anadan olmasının 65 illiyi münasibətilə "Nizami Cəfərov-65" adlı virtual kitab sərgisi sataşdı.

Akademikin zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən bəhs edən virtual sərgidə akademikin Ulu Öndər Heydər Əliyev tərəfindən Atatürk Mərkəzinə rəhbər təyin edilməsinə dair imzaladığı və Prezident İlham Əliyevin  Nizami Cəfərovu “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamların tam mətni, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər öz əksini tapıb. Virtual sərgidə akademikin dilçilik və filolgiya elminin nəzəri və praktik sahəsindəki əvəzsiz xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə verdiyi töhfələrdən, geniş ictimai-siyasi fəaliyyətindən, 500-dən çox elmi əsərin və monoqrafiyanın müəllifi olmasından bəhs olunur. Materialda professorun həyat və yaradıcılığından bəhs edən və özünün müəllifi olduğu “Ümummilli lider: Azərbaycandan Türk dünyasına”, “Sözümüzün ali Baş Komandanı”, “Mir Cəlalın milli ideyaları”, “Türkologiyanın müasir problemləri”, “Səməd Vurğun və Səmədoğlular”, “Ədəbiyyatdan siyasətə”, “Professor Nizami Cəfərovun kitab dünyası”, “Nizami: müasirim haqqında poema”, “Nizami Cəfərovla Türk dünyasına səyahət” kimi 20-ə yaxın kitabın biblioqrafik təsviri təqdim edilir.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda akademikin ədəbiyyat, dilçilik, mədəniyyət haqqında söylədiyi fikirlər, müxtəlif telekanallarda verdiyi müsahibələrdən fraqmentlər, fotoqalereyasından görüntülər də yer alır.

Akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/nizami-ceferov-65 yerləşdirilmişdir.  

Doğum gününüz mübarək, gözəl ziyalımız Nizami müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.