“Sevgi ayrılıqdan güclüdür, vallah...” - UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Baba Vəziroğludandlr. Sevgi ayrılıqdan güclüdür, vallah... - deyir şair və buna inandırır. 

Xoş mütaliələr! 

 

Mən uzaq səfərə yol alan gəmi,

Səni tərk edirəm bir liman kimi.

Qorxma ayrılıqdan, burax əlimi,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Dünyada nə qədər sevgi var, bil ki,

Sən mənim dilimin əzəli, ilki.

Qorxma ayrılıqdan, ölüm deyil ki,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Sən hələ bilmirsən ayrılıq nədir,

Hər səfər könlünü sıxır, inlədir.

Ayrılan cisimdir, ruh səninlədir,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Sənsiz həyat deyil ömür, gün mənə,

Tək sənsən ürəkdən yanan, sən mənə.

Qorxma ayrılıqdan, inan sən mənə,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Qorxu, intizar var ağlar gözündə,

Neçə yalvarış var bircə sözündə.

Bir gün biləcəksən elə özün də

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Çağır, qanad taxıb uçub gələrəm,

Neçə ayrılıqdan keçib gələrəm,

Ölümün əlindən qaçıb gələrəm,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Nə fərqi yaxınam, ya da uzağam,

Hələ ki səninəm, nə qədər sağam,

Ölsəm, o dünyadan qayıdacağam,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Göz yaşı əbəsdir, çıxıb gedəcəm,

Könlümü odlara yaxıb gedəcəm,

Mən sənə, hamıya sübüt edəcəm,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.