“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
ŞAGİRD:
Mən, Quluzadə Zeynəb Anar qızı 2008-ci ildə Bakı şəhərində doğulmuşam. 2014-cü ildə Xətai rayonunda 254 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2022-ci ildən isə təhsilimi 261 nömrəli məktəb-liseydə davam etdirirəm. Hazırda 11-ci sinif şagirdiyəm. 8 yaşımdan rəsmlə məşğulam. 2022-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimlərinin təşkilatçılığı ilə “ArtAccent” tərəfindən keçirilən “Yay məktəbi”ni müvəffəqiyyətlə bitirmiş, 2024-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən İ.Repin adına İncəsənət Akademiyasının “Yay məktəbi”nə qəbul almış və məktəbi müvəffəqiyyətlə bitirmişəm. Müxtəlif qurumlar tərəfindən keçirilən müsabiqələrdə sertifikat və diplomlar almış, o cümlədən 261 nömrəli məktəb- liseyin 2023-cü ildə keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisində I yerə layiq görülmüşəm. Bundan əlavə, Hindistan, Qazaxıstan kimi ölkələrin, Meksika, Mərakeş və Rusiyanın Azərbaycandakı səfirliklərinin təşkil etdiyi rəsm müsabiqələrində müxtəlif yerlər qazanmış və sertifikatlarla təltif olunmuşam. İlk sərgim 2023-cü ildə 261 nömrəli məktəb-liseydə təşkil olunmuşdur. Həmçinin 2022-ci ildə “Ustad” jurnalında köməkçi rəssam kimi fəaliyyət göstərmişəm. 2023-cü ildə “Balabilgə” nəşrlərində çapdan çıxmış Sevinc Elsevərin “Döyüş iti” və Həmid Piriyevin “Balaca delfinin macəraları – Xərçəngin xəzinəsi” uşaq hekayələrinin illüstrasiyalarını çəkmişəm.
ESSE:
Müasir dövrdə kosmopolit olmağa çalışan, özünü “dünya vətəndaşı” elan edən və öz köklərindən qopduğunu zənn edən insanların sayı bütün dünyada artır. Lakin onların əksəriyyəti müəyyən məqamda necə bir qəflətə qapıldığını anlayır. Çünki əngin səhrada bircə qum dənəsi kimi itib yox olmamaq üçün insanın köməyinə onun kökləri, milli kimliyi, qanı və canı ilə bağlı olduğu Vətəni gəlir.
Düz 33 ildir ki, hər bir azərbaycanlı müstəqil Azərbaycanın vətəndaşı olduğunu bütün dünyada rahatlıqla dilə gətirir və düz 4 ildir ki, hər bir azərbaycanlı əzəli torpaqlarının qaytarılması ilə yaşadığı sevinc və fərəh hisslərini bütün dünyaya hayqırır. 4 ildir ki, hər bir vətəndaşımız 44 rəqəminin sehrinə qapılıb. Çünki 4 il əvvəl məhz cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin tarixində əhəmiyyətli bir addım atdı – Azərbaycan son 200 il ərzində ilk dəfə öz torpaqlarını qaytarmağa müvəffəq oldu. I Qarabağ müharibəsində itirdiyimiz torpaqlar II Qarabağ müharibəsində onun əzəli sakinlərinin – azərbaycanlıların qələbə qazanması ilə qaytarıldı, milyonlarla insan bu tarixi anın şahidi oldu, viran edilmiş o torpaqlarda quruculuq-bərpa işləri aparıldı, neçə-neçə hava limanı, məktəb, bağça, yaşayış evi, hotel, idarə açıldı, yollar salındı, məscidlər bərpa olundu, tarixi abidələrin qorunub saxlanılması üçün müvafiq addımlar atıldı. Ən əsası, gəncliyimizin təhsili yönündə əhəmiyyətli bir iş görüldü, belə ki, Qarabağ Universiteti açıldı və fəaliyyətə başladı.
Düzdür, bu yolda verdiyimiz qurbanlar da oldu. 3000-ə yaxın şəhid Qarabağda Vətən uğrunda gedən döyüşlərdə öz canını itirdi, lakin onların öz qarşısına qoyduğu hədəfə nail olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın qaytarılması onların ruhuna ən gözəl müjdə oldu.
Az qala, bütün dəyərlərin itirildiyi, əxlaq kodekslərinin pozulduğu və çoxunun yalnız öz rifahı üçün çalışdığı bu dünyada yox olmamağın, milyardlarla insanın içində itib-getməməyin tək yolu milli kimliyini dərk etmək və Vətənin naminə əlindən gələn hər şeyi etməkdir. Bir azərbaycanlı olaraq, hamımızın borcu o 44 gündə göstərdiyimiz şücaəti ömrümüz boyunca göstərməkdir.
Biz məktəblilərin göstərə biləcəyi şücaət isə oxumaq, layiqli vətəndaş kimi yetişmək, öz ölkəmizin inkişafı üçün çalışmaq və dünyanın harasında olmağımızdan asılı olmayaraq, Vətən sevgisinə sadiq qalmaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)