“Ən dibdən zirvəyə, zirvədən uçuruma..." - KİTAB BƏLƏDÇİSİNDƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Uzun müddət idi ki, oxumaq istədiyim əsərlərdən biri olan "Martin İden" əsərini nəhayət ki, bitirdim və istədim təəssüratlarımı sizlərlə də bölüşüm. 

 

Onu deyim ki, başlanğıcda Martinin əlyazmalarımın bu qədər rədd edilməsinə, dəfələrlə təkrar-təkrar göndərməyinə baxmayaraq o qədər əlyazmanın içərisindən birinin belə qəbul olunmamasına rəğmən onun bezib ümidsizliyə qapılmaması, vazkeçməməsi, bir an belə əsərlərindən şübhəyə düşməməsi, ümidini heç bir vəcdlə itirməməsi, əksinə hər zaman ümid dolu yaşaması, hətta bütün bunlara baxmayaraq bacaracağına əmin olması, polad iradəsi doğrudan da heyrətamiz və təqdirəlayiq idi.  Amma irəliləyən zamanlarda Martinin günlərlə ac qalmaq və əşyalarını girov qoymaq bahasna vazkeçməməsi... Bu yerdə artıq mən də deyəsən düşüncələrimdə bəzən onu qınayırdım.

(Ruf haqqında isə nəsə deməyə və ya onu qınamğa ehtiyac görmürəm, çünki nəticədə o, bir mənalı olaraq öz dünyasının, öz cəmiyyətinin, öz valideynlərinin qızı-yetirməsi idi.)

Lakin hər şeyə rəğmən Martin obrazında insana bir doğmalıq var. Bəlkə də bu onun yorulmadan, vaz keçmədən daim öz üzərində işləməsi, özünü inkişaf etdirməyə çalışması, mütaliəni-kitabları, öyrənməyi, yazmağı sevməsi, iradəsi, hər zaman bir axtarış içərisində olması, həyatın mənasını, həyatdakı yerini, mövqeyini tapmağa çalışmasından, həyatı bihudə yaşamaq istəməməsindən irəli gəlir.

Daha sonra artıq əsərin davamında biz həyatın günümüzdədə rastlaşdığımız acı reallıqlarınınmı deyim, ironiyasınınmı deyim, paradoksununmu deyim, şahidi oluruq.

Məsələn, əvvəllər Martinin yaxşı-pis bütün əlyazmalarını rədd edən redaksiyalar indi onun  bəsit  belə olsa bir yazısını dərc edə bilmək üçün ədəta ona yalvarırdılar. 

Martinin simasında rastlaşdığımız günümüzün başqa bir reallığı isə bu idi ki, Martin özünün dili ilə desək günlərlə, həftələrlə ac qalıb özü üçün, qarşısına qoyduğu məqsəd üçün çalışıb-çabaladığı bir zamanda heç kim hətta uğrunda bu qədər zəhmətə qatlaşdığı Ruf belə onun əlindən tutmadı, onu anlamadı. Heç kim bu məşəqqətli  yolda  ona dəstək olmadı, əksinə hətta onu tanımaq belə istəmədilər, ona pis baxdılar, qovdular, tərk etdilər.

Martin aclıq və hər gün artıb masanın altında qalaqlanan rədd edilmiş əlyazmaları ilə tənha qaldı.

Lakin, Martin şöhrət pillələrini 10 -10 qalxmağa başladığı gündən etibarən vaxtilə ona dəstək olmayan, hətta tanımaq belə istəməyən insanlar indi sırf Martin mənim qohumumdur, dostumdur, tanışımdır deyə öyünmək istəyirdilər və riyakarcasıma öyünürdülər də.

Əvvəllər Martinin ac qaldığı günlərdə onu yadına salmayanlar indi onu nahara dəvət edə bilməkdən ötrü əldən-ayaqdan gedirdilər.

Fəqət irəlidəki günlərdə Martini ətrafındakı insanların bu riyakarlığından daha böyük bir əzab gözləyirdi.

İnsan bəzən həddindən artıq çox sevdiyi bütün həyatını, məqsədlərini, xəyallarını bağladığı birini itirəndə həyat bütün gözəliyi ilə onun gözündə öz  mənasını itirir. Onunla birlikdə çatmaq xəyılını qurduğu məqsəd və arzular bir heç olur. İnsanın yaşamaq, yaratmaq eşqi sönür.

Və yaxud da insan bəzən bir məqsəd uğrunda bütün gücü ilə vazkeçmədən mübarizə aparır, çalışıb-çabalayır, çatmaq istədiyi bu arzunun onu xoşbəxt edəcəyini düşünür. Lakin hərdən elə olur ki, insan o məqsədə çatdığı zaman bu heç də onu düşündüyü kimi xoşbəxtlikdən havalara uçurmur.

Martin də məhz belə bir halla üz-üzə idi. O, hər şeyi Ruf üçün edirdi. Şöhrəti də pulu da sırf Rufla eyni səviyyə qalxmaqdan, onunla evlənə bilməkdən ötrü edirdi. İndi məqsədinə çatdığı bir vaxtda isə artıq Ruf yox idi. Ruf yox idisə bəs bu şanın şöhrətin, bankdakı dollarların nə önəmi var idi? O, hətta indi bu pulları nəyə-necə xərcləcəyini belə bilmirdi.

Və təəssüfki Martinin xəyal qırıqlığı bununlada bitmirdi.

Bəzən əlinin çatmayacağı qədər yüksəkdə sandıqlarının əyilməyəcəyin qədər aşağı səviyyədə olduğunu görmək misalı Martin də artıq əslində bir zamanlar bütün fərdlərinin oxumuş, ağıllı, mədəni, şərəfli, doğruçu, incəsənətdən, ədəbiyyatdan anladığını zənn etdiyi və sıralarına qoşulmaq istədiyi cəmiyyətdən üstün olduğunu anladı.

Əvvəllər qipdə etdiyi o insanların əslində öz şəxsi düşüncəsi olmayan sadəcə müəyyən bir qəlib içində yaşayan insanlar olduğunu gördü.

Bu əlində diplomu olan hər bir insanın həmişə heç də gözəl bir mənəviyyat və inkişaf etmiş bir dünya görüşünə sahib olmaması demək idi bir növ.

Və ən nəhayətində bütün bu riyakarlıq və xəyal qırıqlığı, həyatdan artıq zövq almayan, yaşamında bir məna görməyən, artıq insanlara dözə bilməyən  polad İradəli Martini məhv etdi.

Əsərdən çıxara biləcəyimiz ən böyük dərslərdən biri də həyatımızı bacardığımız qədər maddi, fani və keçici məqsədlərə və ya tək bir insana bağlamamalı olduğumuzdur.

Necə ki, quş üzərinə qonduğu budağa deyil öz qanadına güvənər hər zaman.

Məqsədimiz nə qədər ali və mənəvi olsa həyatımız da bir o qədər mənalı olar.

Özümüzə daim elə məqsədlər seçməliyik ki, onlar fani və keçici olmasın. Ondan ötrü ki, bir gün onları itirəndə uçuruma sürüklənib məhv olmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.