TƏNHA SAVAŞÇI, yaxud, sonuncu amazon Featured

İmran Verdiyev, Azərbyacan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 O, şəxsi həyatında çox əzab-əziyyətlərə qatlanmış, çox haqsızlıqlar görmüş, lakin bir amazon kimi mübarizə aparmış, öz cəsarəti, hünəri, dəyanəti, qətiyyəti və qabiliyyəti sayəsində bu günkü Nuridə (Qədirova) Atəşi olmuşdur. İndi tanınmış şair, yazıcı, tərcüməçi, jurnalist və elm adamıdır. Nəinki Azərbaycanda və Almaniyada, eləcə də Avropada öz adından söz etdirən şəxslərdəndir.

Adı Almaniyanın siyasətində, iqdisadiyyatında və mədəniyyətində aparıcı rol oynayan görkəmli insanlar haqqında hazırlanmış xüsusi ensiklopediyaya da daxil edilmişdir.

Müsahibələrinin birində deyir: “Mən ya çox xoşbəxt, ya da çox kədərli olduğum, yaxud da aşiq olduğum zamanlar daha çox yazıram. O durumlarda yaradıcılığım içimdən bir fontan kimi coşub daşır. O zaman elm çəkilir bir kənara. Həmin vaxt sırf yazıram. Bir-iki il durmadan yazıram, yaradıram. Elmlə məşğul olanda da yazıçılığım kənara çəkilir və mənə “get elmlə məşğul ol”,-deyir. Həyatın içində bir neçə həyat yaşayıram: şair, yazıcı, jurnalist, tərcüməçi, tarixçi və sənətkar həyatı…Mən bilirəm ki, Azərbaycan ədəbiyyatında qalacam. Hətta mühacir yazar olaraq  alman ədəbiyyatında da qalacam...  Şairin, yazarın, alimin qüdrəti də məhz onun qələmində, zəkasında, əsərlərindədir. Ona görə həmişə deyirəm ki, məni yüz il sonra da anlayacaqlar, yüz il sonra da dərk edəcəklər və yüz il sonra da dəyər verəcəklər”.

         Onun haqqında hələ məktəbdə oxuduğu illərdə müəllimlərindən eşitmişdim.   22 avqust 1965-ci ildə Azərbaycanın Oğuz (keçmiş Vartaşen) rayonunun Xaçmaz kəndində anadan olub. 8-9 yaşlarından şeir yazmağa başlayıb. Şeirləri ilk dəfə rayon qəzetində dərc olunub. Mərkəzi mətbuatda isə ilk şeiri 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində nəşr edilib.

Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, az bir vaxt kəndlərindəki mədəniyyət evində işləmişdir. Daha sonra 1984-1989-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq fakültəsində təhsil almışdır. Bir müddət Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır.

1995-ci ildə xəstə övladını müalicə üçün Almaniyaya aparan şairə bir daha geri qayıtmamaq qərarı verir və gələcək həyatını bu ölkə ilə bağlayır. Həmin ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bir aralar buradakı TDİ alman-türk televiziya kanalında “Körpü” və “Sevgi dünyası” proqramlarının yaradıcısı və aparıcısı olmuş, “Tühabilim” Mədəniyyət Mərkəzinə və rəqs kollektivinə rəhbərlik etmiş, “Hitit” nəşriyyatında redaktor, alman və türk dillərinin tərcüməçisi kimi çalışmışdır. 1997-ci ildə Berlində türk dilində “Avından qaçan avçı” adlı kitabı çapdan çıxmışdır. 1999-cu ildə yenə həmin şəhərdə çap olunan “Qadın xalq ozanları” antologiyasında və digər alman antologiyalarında şairənin şeirlərinə yer verilmişdir. 

2003-cü ildə Berlində N.Gəncəvi adına Mədəniyyət İnstitutunu yaratmışdır. N.Atəşi Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini vermişdir. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə etmişdir.

2008-ci ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti və digər bir çox klassik şairlərimizin əsərlərini alman dilinə tərcümə edərək şair Jan Veinard ilə birlikdə hazırladıqları "Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət poeziyası“ adlı antologiyaya daxil etmişdir. Antologiya Almaniyanın məşhur „Mattes & Setz“ nəşriyyatında nəşr edilib, Frankfurt kitab sərgisində uğurla  sərgilənmişdir. Həmin kitabla Almaniya kitab bazarına daxil olan şairənin adı bu ölkənin ədəbi aləmində alman şair-yazarlarının sırasına düşüb. Az  keçmədən daha bir görkəmli alman nəşriyyatında - “Karin Fişer”də Nuridə Atəşinin “Od qızı” adlı 15-ci kitabı nəşr edilib.

Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcüməçilik və publisistika sahələrini əhatə edir. Şeirləri çoxdan Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilmişdir.

2000-ci ildə Berlində “İnsel galeriyada” dünya qadın şairlərinin müsabiqəsində də Azərbaycanı təmsil edən Nuridə Atəşi böyük uğur qazanmışdır.

Onun şeirlərinə alman, türk və Azərbaycan bəstəkarlarının bəstələdikləri onlarla mahnı bir neçə ölkədə tanınır və sevilir. Bu mahnılar Azərbaycanda populyar müğənnilər İlhamə Quliyeva, Brilliant Dadaşova, Zaur Rzayev, Zöhrə Abdullayeva, Səməd Səmədov, Almaz Ələsgərova və digərləri tərəfindən ifa edilib və edilir. Azərbaycanın tanınmış bəstəkarı F.Sücəddinovun şairənin “Neylərsən mənə görən neylərsən?” şeirinə bəstələdiyi və müğənni İlhamə Quliyevanın ifa etdiyi "Neylərsən" mahnısı isə Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. 

N.Atəşi deyir: “Mən alman ədəbiyyatına olduğum kimi gəldim və orada da qazandım. Yəni, mən buyam. Yazdıqlarımda, düşüncələrimdə duyğularımın, hisslərimin, arzularımın, yaşantılarımın  üzərini örtə bilmirəm. Beynimdə bir şeyi düşünməkdən utanmıramsa, onu yazmaqdan heç utanmıram. Mən yazdığım zaman təmizlənirəm, saflaşıram, oxucumun önündə soyunuram, özüm oluram. Təbii ki, mələk deyiləm. Bəlkə də başqa qadınlardan fərqliliyim ondadır ki, heç vaxt  mələk rolu oynamadım. Heç vaxt “hamı məni sevsin”,- deyə bir dərdim, ehtiyacım olmadı. Mənim mən olmağa ehtiyacım var. Ona görə də hər zaman düşündüyüm kimi yazdım. İstədiklərimi, arzuladıqlarımı, bütün yaşantılarımı olduğu kimi qələmə aldım və alıram. Yazarlıq budur, məncə”. (Mənbə: https://modern.az/musahibe /319394/mene-hemise-deyirler-ki-sen-sovet-tanki-kimisen-saire-nuride-atesi-ile-msahibe/)

 Alman yazıcısı Y.Veissileder onun “Hitit” nəşriyyatında Azərbaycan dilində buraxılmış “İndi mən varam” adlı kitabına ön söz kimi verilmiş “O, alman poeziyasında duyğuların renessansını yaratdı” başlıqlı məqaləsində yazır:  “…Nuridə Alman ədəbiyyatına müxtəlif dillərdən qaynaqlanan zəngin mədəniyyət nişanələri, sənət yanğısı gətirdi. Nuridə heç bir alman şairinin cəsarət etmədiyi üsyankar bir ruhla gəldi alman ədəbiyyatına. O, sözünü cəsarətlə, vüqarla deyir və həm də elə deyir ki, hamı ona heyran qalır, hətta məftun olur. Bəli, Nuridə bir üsyankar yaradıcıdır. O, şeir-sənət dünyasının bütün sərhədlərini qırır, aşır, yıxır. O, qəfil gəlişi ilə alman poeziyasında duyğuların, hisslərin ondan gözlənilən renessansını yaratdı”. Rotsdan Dövlət Universitetinin professoru, doktor V.Furhmann isə Nuridə xanımın 2006-cı ildə Bakıda “Nurlan” nəşriyyatında çap olunmuş “Gəl günaha bataq” kitabındakı “Sonuncu Amazon” məqaləsində belə yazır: “…Bəli, biz onun Almaniyada varlığı ilə fəxr edirik. O, bizim üçün, bizim ölkəmiz  üçün əsil tapıntıdır…O, həyatın içində ərimir, həyatı öz içində əridir. Selin əksinə üzür, savaş meydanına atılır, Almaniyanı fəth edir. Almaniya da onu kəşf edir, təhna savaşçı olaraq Avropada parlayan bir şərq ulduzu kimi yenidən onu ölkəsinə təqdim edir”.

N.Atəşinin 2003-cü ildə Berlinin Radisson otelində “Yaşanmamış qadınlıq”   kitabının təqdimat mərasimi zamanı Azərbaycanın Xalq şairi M.Araz da ona təbrik məktubu göndərmiş və Azərbaycan oxucusunu N.Atəşinin qeyri-adi poeziyasını qəbul etməyə və sevməyə çağırmışdır.

 2006-cı ildə Bakıda “Gəl, günaha bataq” kitabının Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat mərasimində AYB-nin sədri Xalq yazıcısı Anar N.Atəşini istedadlı şair, cəsur insan kimi dəyərləndirməklə yanaşı, onun Almaniyada azərbaycançılıq baxımından çox əhəmiyyətli işlər gördüyünü bildirmişdir.

 Şairlik, jurnalistlik və tərcüməçilik fəaliyyəti ilə yanaşı, Nuridə Atəşi elmi tədqiqatla da məşğuldur, alimdir – tarix elmləri doktorudur.

 O, məşhur Azərbaycan-alman yazarı Əsəd Bəyin – Qurban Səidin (1905-1942) yaradıcılığını uzun illər araşdırmış, müəllifin arxiv sənədlərini Almaniyadan, İtaliyadan, İsveçrədən, Azərbaycan və Gürcüstandan toplamışdır. Eyni zamanda onun sonuncu əlyazması olan „Sevgidən bixəbər kişi“ adlı romanından bir parçanı dünya mətbuatında ilk dəfə olaraq „Yüz ilin sirrləri“ adlı kitabında nəşr etdirmişdir. Berlin “UM WELT FILM”in istehsal etdiyi „Əsəd Bəyin əzabları“ adlı sənədli filmdə Nuridə Atəşi əsas protoqonistlərdən biri olaraq çəkilmişdir. O, həmçinin Berlində Əsəd bəyin yaşadığı evin qarşısında onun barelyefini qoydurmuş, ədibin İtaliyanın Pozinato şəhərindəki məzar daşını onun vəsiyyətinə uyğun olaraq üzü qibləyə çevirtdirmişdir.

Nuridə Atəşi 1997-ci ildən Qafqazın qədim tarixi və eyni zamanda „Qafqaz amazonları“nın tədqiqatı ilə məşğul olub. 2011-ci ildə AMEA Nuridə Atəşinin tədqiqatlarının nəticələrini „Qafqaz amazonları“ adı altında alman, ingilis, rus və Azərbaycan dillərində Almaniyada nəşr etdirmişdir.

O, 2010-2016-cı illərdə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı kimi „Azərbaycanın hərb sənətində qadının rolu“ mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır.

Özü söyləyir ki, “...ilk təhsilim mədəniyyətşünaslıq olduğu üçün sonradan fərq imtahanı verib, ixtisasımı tarix elminə dəyişdim. Son 15 ildə 6 dildə  (Azərbaycan, rus, türk, alman, ingilis və fransız), 6 ölkədə (Azərbaycan, Gürcüstan, Rusiya, Avstriya, Almaniya və  Fransa) tarixi-arxeoloji tətqiqatlar, araşdırmalar apardım. Bütün bu dillərdə yazılan ədəbiyyatları müqayisə elədim. Nə qədər elmi yenilikər ortaya çıxartdım. Azərbaycanlı alimlərin, arxeoloqların gedib işləmək, tətqiq eləmək imkanı olmayan Avropa muzeylərinin, arxivlərinin materiallarını  gətirdim. Xocalı-Gədəbəy mədəniyyətinin beynəlxalq tədqiqatlarını başlatdım. Son on ildə 50-dən artıq elmi məqalələr çap elədim. Bunların əksəriyyəti Tomson Roytersin indeksli Avropa nəşrlərində - Almaniya, Avstriya, Fransa, Brüsseldə dəfələrlə dərc olundu. Onlarla beynəlxalq konfranslara, konqreslərə dəvət edildim,  Cənubi Qafqazın, Azərbaycanın, Qarabağın tarixini, Xocalı-Gədəbəy mədəniyyətinin tarixini elmi diskussiyalara çıxartdım… Avropanın ən mötəbər 4-5 universitetindən mənə dəvətlər gəldi ki, gəlin bizim universitetimizdə dissertasiyanızı  müdafiə edin. Onların arasından Fransanın Lyon 2 Universitetini seçdim. Bu universitet Avropada Qafqazşünaslıq üçün çox işlər görüb. Yeganə şərtləri o idi ki, fransız dilində müdafiə edim. 6 dil öyrənməyimə rəğmən, 55 yaşımda fransız dilini öyrənməyə başladım. İnsanın iradəsi, qətiyyəti olunca hər şey əldə edə bilir. Özümə qarşı olan ədalətsizliklərin cavabını verməli və mənə olunan etimadı doğrultmalı idim.  Avropa elmində ən yüksək diplom sayılan “Habilitation de Direction Recherches” adlı elmi dərəcəni qazandım.  Avropada Qarabağın, Xocalı-Gədəbəy mədəniyyətinin tarixini tanıtdım. Mənim bu səssiz cavabım Azərbaycan elmini, mədəniyyətini dünyaya rəzil edən qaragüruhçu danosçuların üzünə vurulan sərt bir şillə idi əslində”. (Mənbə: https://modern.az/musahibe/319394/mene-hemise-deyirler-ki-sen-sovet-tanki-kimisen-saire-nuride-atesi-ile-msahibe/)

Onu da qeyd edək ki, Nuridə xanım Fransanın Lion 2 Universitetində fransız dilində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən ilk qafqazlıdır (2018-ci ildə) .

 Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə, arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19-dan çox ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılmışdır.

2007-ci ildə Nuridə Atəşi işıq üzü görən 6 kitabının əlyazmasını, fotoşəkilləri və 200-ə yaxın müxtəlif sənədləri Bakıda muzeyə təhvil verib. Bu sənədlərin arasında dünyanın 27 dilinə tərcümə olunan “Əli və Nino” romanı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC-ADR) süqutundan sonra xaricdə yaşayan Azərbaycan mühacirləri haqqında bir sıra məlumatlar yer alıb.

“Hər zaman mənə qucaq açan yeganə isti bir yuvamdır Azərbaycan”,- deyən Nuridə xanımın ürəyi daim Azərbaycanla döyünür. Fəaliyyətə başladığı ilk gündən Avropa elmində, mətbuatında, dərsliklərində, tarix və ədəbiyyatında Azərbaycan, Qarabağ həqiqətlərinin birtərəfli işıqlandırılmasına qarşı ölkənin bütün dairələrinə etirazlarını bildirmiş, bu həqiqətlərin ört-basdır və təhrif edilməsinə qarşı mübarizəyə qalxmışdır. 1997-ci ildə Berlində Nuridə Atəşinin “Qarabağımız qara bağrımız”, 2007-ci ildə isə „Qarabağ uğrunda savaş (Kampf um Berg- Karabach)” kitabları çap olunmuşdur.   ”Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb”,- deyə bəyanat verən N.Atəşi həmin yalanları tarixi faktlarla ifşa etmiş, alman elmində Qarabağla bağlı bu günə qədər obyektiv tədqiqat aparılmamasını pisləmişdir. Oz bəyanatında bildirmişdir ki, “İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməli və bu səhvlər düzəldilməlidir”.

O, həm də Almaniyada coğrafiya dərsliklərində Azərbaycanın xəritəsinin təhrif olunmasını, vətənimizin ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının Ermənistana aid edilməsini aşkara çıxarmış, onların aradan qaldırılmasına nail olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi N.Atəşi Cənubi Qafqazın, Qarabağın və Xocalı-Gədəbəy mədəniyyətinin tarixini elmi diskussiyalara çıxarmış və əsl həqiqəti bütün Avropaya çatdırmışdır. İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatı aparılan dövrlərdə bütün imkanları ilə çalışmışdır. Zəfər Qələbəsindən  sonra o sevinclə, qürurla söyləyirdi: “…Həmişə deyirdim ki, Təbrizi, Göyçəni, Dərbəndi itirmişik. Onların davasını kim çəkdi ki? 50 ildən sonra unudulub getdi. Qarabağa qayıtmaq ümidini də itirmişdim. Bu qayıdışdan sonra isə dövlətə, Prezidentə olan sevgim, inamım daha da artıb. O, bunların hamısına layiqdir. Bu çox böyük bir hadisədir. Əzilmiş, məğlub millət olmaqdan qurtulduq”.

 O, Azərbaycanla Almaniya arasında mədəniyyət körpüsü quranlardandır. Azərbaycanın Almaniyada və Avropada təmsilçisi olan Nuridə Atəşi 2012-ci ildən Əsəd Bəydən sonra ikinci azərbaycanlı yazar olaraq Almaniya Yazarlar Birliyinin üzvüdür. 2011-ci ildən isə PEN beynəlxalq yazarlar Mərkəzinin üzvü və Almaniya Jurnalistlər Birliyinin Berlin bərabər imkanlar komitəsinin sədr müavinidir. Berlin Qafqaz İnstitutunun direktoru, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədridir.

Təsadüfi deyildir ki, „Who is who“ Hübner nəşriyyatının AFR-nın birləşməsinin 20 illiyi münasibətilə çap etdirdiyi Almaniyanın aparıcı kişi və qadınlarından ibarət xüsusi yubiley ensklopediyasında ölkənin siyasətində, iqdisadiyyatında, mədəniyyətində görkəmli yer tutan 22.200 nəfər aparıcı şəxslərin sırasında həmyerlimiz N.Atəşinin bioqrafiyasına da yer verilmişdir. Onu mədəniyyət xadimi, yazıçı, şairə, alim və Almaniyada fəaliyyət göstərən N.Gəncəvi İnstitutunun direktoru kimi ensklopediyaya daxil etmişlər.

Nuridə (Qədirova) Atəşi həmçinin “Qran Pri”, “Qızıl qələm”, Golden Award, S.Əsgərova adına və digər mükafatların sahibidir.  

Həhayət, tənha savaşçı və sonuncu amazon barədə yazıya nöqtə qoyuruq. Sonda onun bir neçə şeirini sizlərə təqdim edirik:

 

Neylərsən, mənə görən, neylərsən?                                                                                                                                                                                                                                                                                                                                                            

 

Ürəyimi sənə açsam,              

Dərdlərimi sənə danışsam,

Neylərsən mənə görən, neylərsən?

                                     

Yarama məlhəm istəsəm,

Səndən imdad diləsəm,

Neylərsən mənə görən, neylərsən?

 

Qarşını kəsib ağlasam,

Qapını döyüb yalvarsam,

Neylərsən mənə görən, neylərsən?

 

Sənsiz ölərəm desəm,

Sənə səninəm desəm,

Səni sevirəm desəm,

Neylərsən mənə görən, neylərsən?

 

 

Hələ ki, yaşaya bilirəm sənsiz…

 

Elə bilmə, dünyam sənsiz daralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

Elə bilmə, günüm sənsiz qaralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

 

Çatmasa da sənə ünüm,

Görməsə də,  səni gözüm,

Qəmdən saralsa da, üzüm,

Hələ ki, yaşaya bilirəm sənsiz.

 

Dayana bilməsəm, sənsiz,

Dünyam onda dağılacaq.

Yaşaya bilməsəm, sənsiz,

Evim onda yıxılacaq…

Hələ ki, yaşaya bilirəm sənsiz

 

 

Mənimlə bir dil tap

 

Qürrələnirsən ki,

"Neçə dil bilirsən!"

Amma mənimlə danışmağa bir dil tapmırsan.

 

Heç bir dildə bircə misra,

Bircə kəlmə belə olsa yazmırsan mənə!

Nə dillər tapardım,

Hansı dili desən öyrənərdim sənə görə!

 

Gəl mənimlə bir dil tap,

Şeir dili, səssiz haykıran bir ruhun dili,

Lap həsrətin dili olsun bu dil.

Ya da sevən qəlbin sözsüz nəğmələrini oxusun.

Bu qədər incitmə məni,

Gəl mənimlə bir dil tap!

 

 

Heç bir qadın

 

Heç bir  qadın belə gözəl "Yox" eşitməyib,

Heç bir qadın belə asan tərki-silah edilməyib.

Heç bir sevgini belə mehriban rədd etməyiblər,

Heç bir qadını belə səmimi ağlatmayıblar.

 

Heç demədi məni sevə bilməyəcək,

Heç demədi mənə ümid verməyəcək,

Heç demədi bir daha gəlməyəcək,

Heç bir  qadın belə gözəl tərk edilməyib.

 

Hər gün məktublarımı oxuyub, susdu,

Ah- naləmi duyub da, çarəsiz durdu,

Bir gün sözarası yazdı sevgilisi olduğunu,

Heç bir qadın qəlbinə belə xəncər saplanmayıb.

 

Hansı qadın belə qəlbən  rədd edilib?.

Hansı qadın belə içdən etiraz görüb?

Hansı qadın ürəyinə belə məğlub edilib?

Heç bir qadın!

Heç bir qadın belə gözəl "Yox"eşitməyib!

 

 

Bir gün

 

Bir gün mənimlə görüşsən,

Bütün dünya mənim olacaq.

Görəsən heç bağışlayarsanmı ki,

Bu boyda dünyanı birdən-birə mənə sən?!

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.