1990-cı ilin 20 yanvarında baş verən qətliamı təbii ki, Azərbaycan xalqı heç zaman unutmayacaq. Hər şey yaddaşlara həkk olunub, üstəlik, ədəbiyyatımızda, musiqimizdə, kinematoqrafiyamızda, rəngkarlığımızda əbədiləşdirilib. “Ədəbiyyat və incəsənət” portalı 20 yanvar faciəsinə həsr edilmiş bəzi sənət əsərlərini diqqətinizə çatdırır:
Kino
Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunmuşdur. Qeyd edək ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Son illər studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkilmişlər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.
Musiqi
20 Yanvar faciəsinə həsr olunmuş musiqi əsərləri də şəhidlərin xatirəsinin yad edilməsində önəmli rola malikdir. Son illər ərzində Qanlı Yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq musiqi əsəri yazılmışdır. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədovun solist və xalq çalğı alətləri orkestri üçün “Əlimdə sazım ağlar” poeması (1991), Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adıgözəlovun ”Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Qanlı tarixdən keçən 32 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəyə sənət dili ilə yanaşmalar nümayiş etdirilib.
Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunmuş musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya” əsərini qeyd etmək olar.
Rəssamlıq
Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir.
Xalq rəssamı Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu əks olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.
Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.
Qrafika ustaları Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir.
Xalçaçılıq
20 Yanvar hadisələri ilə bağlı xalçaçı rəssam Fəxrəddin Əli “Şəhidlər” adlı iri həcmli xalçanı araya-ərsəyə gətirib. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhid ruhları ifadəsini tapıb. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. 1991-ci ilin 20 Yanvarında bu xalça-əsər ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi Şəhidlər xiyabanının girişindən asılmışdır. Bir neçə gün ərzində xalça orada qaldı, sonra Milli Azərbaycan Tarix Muzeyinə təhvil verildi. Hazırda həmin əsər orada saxlanılır.
Ədəbiyyat
Bədii ədəbiyyata gəlincə, 20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. 90-cı ilin əvvəllərində Qabilin «Mərsiyə» şeiri dillər əzbəri idi. Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənib. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini unutmaq olmaz.
20 Yanvar faciəsinin ən klassik nümunəsini xalq şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin «Şənbə gecəsinə gedən yol» publisistik əsərində 20 Yanvar faciəsinin yaranmasının səbəbləri, mahiyyəti əks olundu. Şairin «Şəhidlər» poemasının alternativi yoxdur. Hələ bu mövzuda elə bir sanballı əsər meydana çıxmayıb ki, bu poemadakı fikirləri həm xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi kimi əks etdirsin.
Ortada Sabir Əhmədlinin «20 Yanvar» hekayələri, Arif Abdullazadənin «Qanlı yaddaş» romanı, İsi Məlikzadənin povesti var.
Rafiq Səməndərin məşhur “Şəhidlər” kitabını xüsusi olaraq qeyd etmək istəyərdik. Kitab 20 yanvar şəhidlərinin hər biri barədə təsirli bir sənədli hekayət toplusudur.
Yazıçı Sadıq Elcanlının “Qarğa-quzğun meydanı” romanı da 20 yanvar həqiqətlərindən, xalqımızın milli-azadlıq hərəkatından bəhs edir.