Necə xoşbəxt olmaq olar? Featured

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Əslində, uğur qazanmaq, hədəf vurmaq, lider olmaq, məqsədə çatmaq kimi bütün ifadələr cəmi bir ifadənin məna çalarlarıdır. Çünki bütün bunların arxasında insan məfhumunun həyatda can atdığı və ona qovuşmaq üçün çabalar göstərdiyi xoşbəxtlik adlı ünvan dayanır.

 

Ümumiyyətlə götürdükdə, xoşbəxtlik – insanın arzulara qovuşması, məqsədlərə yetişməsi anlamını bildirir. Hər kəs bir başqa cür xoşbəxtdir, amma ümumən götürdükdə, statistik xoşbəxtliyin sxemi təqribən bu cürdür:

 

 - sağlamlıq; özünü ifadə edə bilmək qabiliyyəti; uğurlu sevgi; uğurlu  ailə; uğurlu karyera.

 

Bəşər yaranandan insanlar xoşbəxtlik axtarışında olublar və xoşbəxtliyi, adətən, insanlar iki qismə bölünərək axtarıblar: onu maddi dünyada axtaranlar, bir də onu mənəvi dünyada axtaranlar.

 

Bizim kitab boyu bəhs etdiyimiz «uğur zirvəsini fəth etmək», «liderə çevrilə bilmək» məziyyətləri məhz maddi dünyada xoşbəxt ola bilmək istəyindən qaynaqlanır. Kifayət qədər kapital toplamaq, gözəl karyera qura bilmək, nümunəvi ailəyə sahib olmaq, bu və ya digər daşınar və daşınmaz əmlak əldə etmək... Bu punktların hər birinə nail olanda insan özünü xoşbəxt hiss edir. Amma bu hissiyyatın ömrü yalnız yeni xoşbəxtliyin axtarışına qədər olur.

 

Xoşbəxtliyi mənəvi dünyada axtaranlar isə axtarışı öz içlərinə yönəldirlər. Öz daxili dünyalarını həyat ritminə kökləmək, harmoniya, balans, daxili sakitçilik əldə etmək belə insanların başlıca məqsədi olur. Və istədiklərinə nail olmaq onlara həyatdan dərin məmnunluq hissləri gətirir. Bu insanlara çox adi və sadə nəsnələr də xoşbəxtlik bəxş edə bilir.

 

Ümumiyyətlə isə, bütün psixoloqlar xoşbəxtliyi ani, müvəqqəti an hesab ediblər. Bu keçəri bir şeydir və mütləq olaraq heç bir insan həm dünənində, həm bugünündə xoşbəxt olmayıb və sabahı üçün də xoşbəxtliyini təmin etməyib.

 

Biz azərbaycanlılarda yeni ailə quranları «xoşbəxt olun» deyə alqış eləyirlər. Bu, xoşbəxt ailə qurulması anlamı verir, ailə quranlara qarşılıqlı anlayış, gözəl güzəran və oğullu-uşaqlı olmaq arzularını ifadə edir. Ailə quranların xoşbəxtliyi yalnız bu 3 şərt daxilində mümkündür. Bu da məhz elə «uğurlu ailə» qurmaq anlamı ilə eyniyyət təşkil edir.

 

«Çox xoşbəxtik, prinsipial matçda rəqibi məğlub edə bildik, çempionluğu təmin etdik», - mətbuat konfransında tanınmış futbol məşqçisi fərəhlə açıqlama verir.

 

«Çox xoşbəxtəm, axır ki, arzuladığım avtomobili aldım», - sosial şəbəkədə yeni aldığı qırmızı «Ferrari» avtomobili ilə çəkdirdiyi şəklə ulduz müğənni bu cür alt yazısı yazır.

 

«Xoşbəxtəm, illər uzunu can atdığım hədəfə çatdım», - Nobel mükafatının təqdimetmə mərasimində məşhur alim nitqində bu cür sözlərdən istifadə edir.

 

Elə bir saat əvvəl «Facebook» şəbəkəsindən G.Günel adlı bir xanımın «CA-15-3 xərçəng antigeni neqativ çıxdı. Çox xoşbəxtəm, çox! Sabah nə olacaq, bilmirəm, ancaq bu gün xoşbəxtəm» statusunu oxudum.

 

Xoşbəxtlik görürsünüzmü, necə rəngarəngdir?

 

Məni uşaq vaxtı şıdırğı yağışın yağması, göyün ənginliklərində qartalın qanad çalması, rəngbərəng göy qurşağı xoşbəxt edərdi. Sonradan həyata keçirdiyim böyük biznes layihələrinin uğurlu sonucu, çapdan çıxan kitablarım, ehtiyacı olan insanlara sevinc gətirən humanitar yardımlar etməyim, gəzib gördüyüm dünyanın ən möcüzəli yerləri mənə xoşbəxtlik gətirməyə başladı. Məncə də xoşbəxtlik ani məfhumdur, gəlir və gedir. Sonra bir daha, bir daha gəlir və bir daha, bir daha da gedir.

 

Eynən bədbəxtlik kimi. Bədbəxtliyi də bizə taleyin qəzavü-qədəri gətirir, uğursuzluqları, xəstəlikləri gətirir. Amma bədbəxtliklərdən də qurtula bilirik.

 

«İnsan nəyi düşünürsə, o da baş verir» postulatına riayət edərək, adi həyat epizodlarında özünü xoşbəxt hiss etməyin, xoşbəxtlik imitasiyasının necə gözəl effekt verəcəyini öz təcrübəmə istinadən iddia edirəm. Yəni, həyata daim sevinə bilmək hissləri insana xoşbəxtçilik, həyatı kədər içində keçirmək hissləri isə bədbəxtçilik gətirir.

 

42 illik həyatım boyu gəldiyim əsas qənaət budur ki, insanın özünü xoşbəxt hiss edə bilməsi aşağıdakı şərtlər daxilində mümkün ola bilər:

 

 - Bəd fikirlərdən mütləq uzaq olmalısınız (Bədbinlik sizi yalnız pis şeylərin ola biləcəyinə kökləyir, sizin müsbət enerjinizi əlinizdən alır);

 

 - Paxıllıqdan qaçmalısınız (Paxıllaq xərçəng kimi insanı içindən yeyir. Dost-tanışın uğurundan ürəktutması keçirməkdənsə, «inşallah, məndə də alınar», deyib uğura köklənmək lazımdır);

 

 - Qəzəb, nifrət və inciklik daşımayın (Bu xüsusiyyətlərin yükü çox ağırdır. Siz yönləndirdiyiniz insanlardan daha çox özünüz bu xüsusiyyətlərdən  ziyan görürsünüz).

 

 - Qətiyyətsizlik, özünə inamsızlıq sizin düşməninizdir (İnsanın ən böyük dayağı, dostu, köməkçisi o özüdür. Özünüzə güvənin, öz gücünüzə inanın. Və şübhə, inamsızlıq dumanını yarıb qətiyyətlə addımlayın).

 

 - Keçmişlə yaşamayın (Keçmiş xatirələrlə yaşamaq, keçmişdə xoşbəxt olduğunu düşünüb bu günündən imtina etmək qədər insanı bədbəxtliyə sürükləyən ikinci bir şeyə rast gəlinmir).

 

 - Gözləməyin (Heç vaxt bir insanı, bir hadisəni ideallaşdırıb, müqəddəsləşdirib həyatınızın ən vacib nəsnəsi hesab edərək gözləməyin. Çünki o insan gəlməsə, o hadisə baş verməsə ağır sarsıntı keçirəcəksiniz. Hər bir şeyə adilik prizmasından yanaşmağı öyrənin).

 

 - Gərginlikdən qaçın (Gərgin iş rejimi, gərgin ailədaxili vəziyyət, cəmiyyətdə, ölkə daxilində və xaricindəki gərginlik, dost-tanışlarla münasibətlərin gərginləşməsi... Bütün bunlar sizin əsəblərinizi tarıma çəkir, sizi stress halına gətirir. Gərginlikdən yayınmağı, qaçmağı öyrənin. Bu çox vacib şərtdir).

 

 - İdeal həyat axtarmayın (İdeal həyat axtarışı mütləq uğursuzluqla sonuclanacaq, çünki belə bir həyat yoxdur. Onu tapmayıb özünüzü sonda bədbəxt hiss etməkdənsə onu heç axtarmayın da. Öz həyatınızı yaxşılığa doğru dəyişib bu yaxşılıqlar içində də yaşamağa çalışın).

 

 - İdeal insan da axtarmayın (Sevgidə, dostluqda xəyal qırıqlığı yaşamamaq üçün insanları ideallaşdırmayın. Hər kəs öz mənfi və müsbət xüsusiyyətləri ilə mövcuddur, bunu qəbul edin. Sadəcə, sizi təmin edən insanları tapın).

 

 - Bu gündən bərk yapışın (Bizim xalqın belə bir məsəli var, «Bu günün işini sabaha qoyma!». Keçmiş və gələcək mövcud deyil, yalnız indiki zaman mövcuddur. Odur ki, çalışın, zamanı heç vaxt boşa verməyəsiniz).

 

 - Və mütləq gülün (Gün ərzində mütləq sizi güldürə biləcək lətifələr oxuyun, yumoreskalara, komedik filmlərə baxın. Gülüş ömrü həm uzadır, həm də hədəfə doğru yolda bol enerji ilə təmin edir).

 

Özünüzü xoşbəxt hiss etməlisiniz ki, uğura doğru yönələ biləsiniz. Bu, çox vacib şərtdir, əziz oxucularım.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(26.08.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.