Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Qreqori Petrovun "İdeal müəllim" əsəri, təhsil və müəllimlik mövzusunu dərin bir şəkildə analiz edən və oxucuları bu mövzuda düşünməyə vadar edən bir əsərdir. Əsərin əsas ideyası və qayəsi "yaxşı müəllim necə olmalıdır?" sualına cavab axtarmaqdır.
Əsərdə yer alan Raçinski obrazı, yalnız elmi nailiyyətlərə deyil, eyni zamanda insani dəyərlərə, əxlaqa və maarifləndirmə arzusuna sahib bir ideal müəllim prototipidir. Raçinski Moskva Universitetində uğurlu bir karyera qurmaq əvəzinə, kənd məktəblərində işləməyi seçir. Bu seçim müəllimlik peşəsinin mənəvi tərəfini vurğulamaqla yanaşı, müəllimlərin cəmiyyət üçün nə qədər böyük bir əhəmiyyət daşıdığını, nəlrə edə biləcəyini göstərir. O, kənd uşaqlarını maarifləndirmək üçün öz komfort zonasından çıxaraq, çətin və məsuliyyətli bir yola qədəm qoyur. Bu, onun fədakarlığını və müəllim peşəsinə olan dərin bağlılığını simvolizə edir.
Kitabda kənd məktəblərinin vəziyyətinə diqqət çəkilməsi bizim kimi bir çox cəmiyyətlərdə hələ də bu mövzularda problemlərin aktual olduğunu göstərir. Raçinski kimi müəllimlər yalnız bilik ötürmək deyil, həm də uşaqları əxlaqlı və cəmiyyət üçün faydalı bir fərd kimi formalaşdırmaq vəzifəsini daşıyırlar. Məncə, günümüzdə müəllimlər bu örnəyi nümunə götürməyi bacarsa, gələcək nəsillərin formalaşmasında fəal rol oynaya bilərlər.
Əsərin bədii təhlilində vurğulanması lazım olan əsas məqamlar bunlardır:
-Müəllimlərin cəmiyyət üçün fədakarlığı:
Müəllimlər yalnız bilik ötürən deyil, həm də dəyərləri formalaşdıran əsas fiqurlardır.Professor Raçinski obrazı vasitəsilə müəllimlərin fədakarlığı və cəmiyyət üçün gördükləri işlərin önəmi vurğulanır.
-Maarifləndirmə:
Kitab maarifləndirmə yolu cəmiyyətin dəyişdirilə biləcəyini və bu dəyişikliklərin kənd məktəblərindən başlamalı olduğunu göstərir.
-Sosial ədalət:
Kitabda kənd uşaqlarının təhsil hüququna və sosial ədalətin təmin olunmasına xüsusi diqqət yetirilir.
"İdeal müəllim" əsəri hər bir müəllimin öz peşəsinə və missiyasına yenidən baxmasına səbəb ola biləcək bir əsərdir. Kitabın verdiyi mesajları daha yaxşı anlamaq və bu mesajı həyatımıza tətbiq etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)