Nizami Rəmzini aparan avtoqəza və Mayakovskinin tikdiyi torbalar Featured

 

19 yanvarın təqvimi Varisin təqdimatında

 

Həyat yoldaşı günü

Hər vaxtınız xeyir. Çox ibrətamiz Həyat yoldaşı günündən başlayırıq.

İlk dəfə İslandiyada qeyd edilən bu gün sonradan bütün dünyada yayılıb. Eyni zamanda həm ailəli kişilərin, həm də qadınların bayramı olan Həyat yoldaşı günündə həyat yoldaşları bir-birinə sürpriz hədiyyə təqdim edirlər. Hətta son dərəcə imkanlı kişilərin bu gün öz həyat yoldaşlarına ada, özəl yaxta, təyyarə bağışladığı da məlumdur. 

Biz azərbaycanlılar bu günü qeyd etmirik, etmək fikrinə düşməsək yaxşıdır. Həştərxanda dəvə az idi ki, birini də bərə ilə gətirdilər?

Xaçsuyunasalınma

Pravoslavların, katoliklərin, protestantların və lüteranların ən vacib dini bayramlarından biridir bu. Ənənəyə görə xaçsuyunasalınma qışın ən oğlan çağına təsadüf etməlidir, bu da yanvarın ikinci yarısı hesab edilir. Miflərə görə, məhz bu gün İoan Krestitel İsa peyğəmbəri İordan çayında xaç suyuna salmışdır. 

Bu gün donmuş su hövzələrində bir nayihə açırlar və həmin o təmiz buzlu su  xaç suyuna salınma üçün baza rolunu oynayır. Yeni doğulmuş körpələr xaç suyuna salınır, böyüklər isə həmin o suda çimməklə Allaha və xristianlığa sədaqətlə xidmət etdiklərini təsdiqləyirlər.

Konserva bankası günü

1810-cu ilin 19 yanvarında briyaniyalı tacir Piter Durand konserva bankasına patent alıb, onun şərəfinə təqvimə belə bir gün salınıb. Bu gün Durandın ruhu şad olsun deyə insanlar hansısa bir konserva məhsulu alırlar, onu təntənə ilə açıb içindəkiləri yeyir, bankasını da bir müddət, bacaran lar növbəti bayramadək saxlayırlar. Evdə bayram bankasının saxlanması, deyilənə görə, ruzunu artırır. 

İnsanlar xoş gün sorağı ilə nələrə əl atmırlar?

Kokborok və Xınalıq

Yanvarın 19-u dünya xalqları arasında ən təmtəraqli bayramı hindlilər və həbəşlər keçirirlər. Hindlilərdə Kokborok günüdür, bu gün öz dilini assimilyasiyaya təslim etmədən qoruyub saxlayan kokborok tayfasının şərəfinədir. (Bizim xınalıqlıların kokboroklulardan nəyi əskikdir? Amma əfsus  ki, onların belə bir günü yoxdur). 

Həbəşlər isə Timkat gününü bayram edirlər. Bu, dini bayramdır, xristianlıq adət-ənənələrinin möhkəmlənməsinə xidmət edir.

Hər gün bir mətbəx bayramına sevinən amerikalılarda bu gün milli Popkorn günüdür.

Mayakovskinin tikdiyi torbalar

2014-cü ilin 19 yanvarında Kiyevin Qruşevsk küçəsində prezident Yanukoviçin diktatura rejimi əleyhinə silahlı üsyan başlayıb. 2001-ci ilin bu günündə Belçikada marihuananın saxlanılmasına və istifadəsinə icazə verilib. 1966-cı ilin bu günündə İndira Qandi Hindistanın baş naziri seçilib. 1963-cü ildə The Beatles qrupu ilk dəfə teleekrana çıxıb. 1938-ci ildə “Ceneral motors” kampaniyası ilk dəfə dizel mühərriklərinin istehsalına başlayıb. 

1922-ci ildə Moskvada “Müasir poeziyanın təmizlənməsi” tədbiri həyata keçirilib, şair Vladimir Mayakovski, bizim təəbircə desək, şair dostlarına “torba tikib”, onları müasir quruculuğu yaxşı işıqlandırmamaqda təqsirləndirib. 

Bizim gənclər onu elə də tanımazlar, sovet poeziyasının simvolu olub bu şəxs. Bu şeirini də hər bir sovet vətəndaşı əzbər bilməli idi:

Alın a, yana-yana qalın a, mən Sovet vətəndaşıyam!

1907-ci ilin 19 yanvarı isə kinosevərlər üçün əlamətdar gündür, ilk kino resenziyası “Varyete” jurnalında dərc edilib. 

Cavad Mircavadov reallığı

Bu gün dünyaya gəlmiş məşhurlara keçid alaq. 1945-ci ilin 19 yanvarında əfsanəvi Deep Purple musiqi qrupunun rəhbəri, ingilis rok ulduzu Rod Evans, 1943-cü ilin 19 yanvarında blüz və rok-n-rollun şahzadəsi titulunu qazanmış Jenis Joplin dünyaya gəliblər. 

1923-cü ildə görkəmli Azərbaycan rəssamı, rəngkarlığımızda novatorluq məktəbinin yaradıcısı Cavad Mircavadov anadan olub. Çox təəssüf ki, "Mən Azərbaycanda doğulmuşam, lakin yaradıcılığımla Qolfstrimlə Sakit okeandan, Eskimoslar torpağı ilə Afrika qitəsindən gələn küləklərin qovuşduğu yerə ucalmışam" söyləyən bu böyük şəxsiyyət sağlığında layiqli qiymətini ala bilməmiş, 69 illik ömrü qürbətdə, Kopenhagen – Moskva sürət qatarında qırılmışdır.

1809-cu ildə ədəbiyyatda “qorxu novellası” janrının yaradıcısı, “Qırmızı ölüm maskası”,”Qara pişik” kimi əsərlərdə tanınan Amerika şairi və yazıçısı Edqar Po, 1736-cı ildə buxar mühərrikini kəşf etmiş şotland ixtiraçısı Ceyms Vatt doğulublar.

Nizami Rəmzinin anım günü

19 yanvar günündə vəfat edən tanınmışlardan 5-nin adlarını çəkmək istəyirəm: 2006-cı ildə görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, professor Kamal Talıbzadə dünyasını dəyişib. 

1990-ci ilin bu günündə hind filosofu və mistiki Oşo, 1980-ci ilin bu günündə  görkəmli hərbi xadim, Türkiyə Silahlı Qüvvələrində generallığa yüksələn yeganə azərbaycanlı Səməd bəy Rəfibəyli vəfat ediblər.

Və ən nəhayət...

1997-ci il yanvarın 19-da Bakı şəhərində - 28 May prospektində ağır yol nəqliyyat hadisəsi baş verdi, bu hadisə iki meyxana ustasını – Nizami Rəmzini və Kəbir Azərini işıqlı dünyadan qopardı.

Nizami Rəmzini bu gün tək meyxana ustaları yox, əksər azərbaycanlı gözəl xatırlayır,  cəmi 50 il ömür sürən bu şəxs ölkəmizin ən məşhur meyxanaçılarından biri kimi tarixə düşüb. İlk dəfə 1989-cu ildə televiziyada meyxananın səsləndirilməsi onun adı ilə bağlıdır, “Dalğa” proqramında baş verib bu ilk. Nizami Rəmzi həm də ölkəmizdə musiqili meyxananın, habelə caz-meyxana stilinin yaradıcısı hesab edilir. O, həm də gözəl qəzəllər müəllifi idi.

Tərifə layiq olan dostlara tərif demişəm,

El sevən kimsələri mən də arifanə dedim

Leylinin surəti məftun eləmiş Məcnunu,

Meyl edib Leyliyə Qeys, düşdü biyabanə dedim.

Asudə qoymadılar, puç edibən dövranımı,

Nizami Rəmzi gəlib tarixi-dövrana dedim,

 - deyən şair əlbəttə ki, əcəlin belə tez gələcəyini gözləmirdi. O qədər yarımçıq işləri qaldı ki.

Kaş ki insanlar ölümün hansı küçədə, hansı dalanda, tində gizlənib onları gözləyəcəyindən xəbərdar olardılar. Ən azından, yollarını dəyişib onunla qovuşmağı yubadardılar.

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.