Saqif Qaratorpağın sevdiyi şeir Hüseyn Arifdəndir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

ÜLVİYYƏ ƏBÜLFƏZQIZI:

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının sevimli şair qonağı

“Nəfəs aldıqca batır ürəyimin başına,

İndi əlinlə sınan ümidin qəlpələri”, - deyən, digər şeirində:

Ayağını sürüyür,

Asta- asta buludlar,

Baharın göz yaşından,

Sırqa taxıb göy otlar”, -söyləyən, ayrı bir şeirində isə:

"Gəlinlik donunu geyib əyninə,

Gecələr yuxuma gələn qonaqsan”, -deyə şikayətlənən, hər misrasında poetik tül ilə ruhumuzu bəsləyən şair Saqif Qaratorpaqdır.

Xoş gördük, dəyərli Şairimiz.

"Şair üçün predmeti bilmək, memar üçün tikinti materialını bilmək qədər vacibdir."( S. Conson)

Əziz Saqif bəy, yaradıcılığınıza səfər edən zaman öz dünyamızdan qopub Sizin şair dünyanızda özümüzü yenidən tapırıq. Sözlərdən mükəmməl istifadəniz şeirlərinizi qəlbəyatan edir. Şeirlərinizin poetik qüdrəti həssas qəlbləri küləkdən küsən yarpaq kimi titrədir. 

Bu rubrikamızda isə biz Saqif bəyin elə bu an üçün qəlbindən keçən şeiri oxucularına çatdırmaq istəyirik. Bəli, Saqif bəy, "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

 

SAQİF QARATORPAQ:

Xoş görduk, Ülviyyə xanım! Bu şeir bir şairin taleyinin ağrısıdı. Kədərlə yoğrulsa da, başdan başa işıq selinin içindədir. İnsanı mərhəmətə, şəfqətə səsləyən şeirdi. İnsan da təbiətin, kainatın bir parçasıdır. Bir qarışqanın ölümü belə ekosistemin tarzlığını poza bilər... Hüseyn Arif deyir ki, ağac da, daş da insan kimidir, ağrıya bilər, ağlaya bilər, acıya bilər. Tanrının yaratdığı hər canlının qayğıya, mərhəmətə, şəfqətə ehtiyacı var. Gəlin bu qayğını təbiətdən əsirgəməyək. Kiçik bir diqqətsizlik, laqeydlik insanın və insanlığın həyatında böyük müsibətlərə yol aça bilər. Sairin də, şeirin- sənətin də məramı dünyanı qorumaq deyilmi?! Gəlin, Dünyamızı qoruyaq!

 

Hüseyn Arif  

“Bir dağ kəli yaraladım zirvədə”

 

Bir dağ kəli yaraladım zirvədə,

Baş titrədi, ayaq əsdi, daş axdı.

Bir canlını candan saldı bir zədə,

İki gözdən iki damla yaş axdı.

 

Düşünmədim, anadır, ya baladır,

Ovçu atar ov bərədən keçəndə.

Ala tula qanlı daşı yaladı,

O sönürdü tikanlığın içində.

 

Qabaqlaşdıq sökülməmiş qızıl dan

Mən silahlı, o silahsız bu yerdə.

Yarı yolda ayrı düşdü qatardan

Mən günahlı, o günahsız bu yerdə.

 

Öz halına təkcə özü ağladı

Kimi var ki, kim dayana yanında.

Dil uzadıb, nəm torpağı yaladı,

Sumu keçdi xəyalından son anda?

 

Dodaq yanır, yanaq yanır, üz yanır,

Buludumu, dumanımı əyləsin?

Boylandıqca baxış yanır, od yanır,

Bu yanğıyla sellər, sular neyləsin?

 

Ağır-ağır dartıb bükdü dizini

Muncuqladı kirpiklərdə donan tər.

İndən belə toz basacaq izini,

İndən belə nə yürüş var, nə səfər.

 

Birdən-birə elə çırpdı özünü,

Sağ buynuzu qopub qaldı qayada.

Ey Hüseyn, qısa elə sözünü,

Bu qan səni tutasıydı, tutdu da...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.