Azərbaycan dili milli mənəvi dəyərimizdir! Featured

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan Respublikası müstəqil ölkədir. Məhz buna görə də ölkəmizin özünəməxsus dili və əlifbasının olması ölkəmizin müstəqillik simvoludur. Azərbaycan dili daim inkişaf edən zəngin dildir. Bu səbəbdən lüğət tərkibi hər bir hadisə və ya mövzu haqqında lazımi sözlərin tam ifadəsinin təmin olunmasına qadirdir. 

 

Azərbaycan dilinin və əlifbasının həmçinin digər tərkibli mövzuların ali təhsil səviyyələrində xüsusən öyrədilməsi də müsbət haldır. Bu fənn ali təhsil müəssəsələrində “Azərbaycan Dilində İşgüzar və Akademik Kommunikasiya” adlanır. 

Ulu Öndər Heydər Əliyev tərəfdarı idi ki, gənclər çoxlu dil bilsin. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri  öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.

Dil ölkənin milli sərvətidir. Ulu öndər demişkən: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.”

Hal hazırki əlifbaya keçid çox mürəkkəb məsələ idi. Ölkə sovet rejmindən təzə çıxdığı dövrlərdə ölkədə baxmayaraq ki, azərbaycanca danışılırdı, yazılar rus hərfləri vasitəsilə icra olunurdu. Bu  da Kiril əlifbası adlanırdı. Yeni əlifbaya keçid prosesi 90-cı illərdən başlayıb 2001-ci ilə qədər davam edib.

Heydər Əliyev deyirdi: “Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir.”

Hələ təzə əlifba gələn vaxt, baxmayaraq ki, artıq kitablar yeni əlifbayla nəşr olunurdu, hələ də əksər hissə kiril əlifbalı kitablar idi.

Günümüzdə məktəbdəki və digər tədris müəssəsələrindəki vəsait və materiallar latın qrafikalı əlifbayla, azərbaycancadır. Eynilikcə mətbuatda və rəsmi sənədlərdə də bu belədir. Azərbaycan tolerant ölkədir və bir çox xarici millət ölkəmizdə məskunlaşıb. Baxmayaraq ki, onlar xarici millətdir sənəd , ərizə və digər rəsmi-işgüzar sənədlərdə mütləqdir ki, Azərbaycanın rəsmi dövlət dilindən və əlifbasından istifadə etsinlər. Bilmədikləri halda isə tərcümə mərkəzlərindən istifadə etməlidirlər. 

Ölkəmizə əsrlər boyu işğal və tabeli hakimiyyətlərin nəticəsidir ki, lüğətimizdə alınma sözlər çoxdur xüsusilə də rus-avropa və fars-ərəb. Baxmayaraq ki, həmin sözlərin doğma lüğətimizdə qarşılığı var, əfsus ki, bir çox vətəndaş istifadə etmir. Ərəb və fars mənşəli sözlər dilimizdə əksərən ümumişlək sözlərdir . Buna görə də, fərqləndirmək çətindir. Təhsillə bağlı “kitab”, “məktəb” , “tələbə”, “şagird” və s. sözlər ərəb mənşəlidir. Halbuki, biz bunu tədris müəssələrində demək olar hər gün istifadə edirik.

Dilimizdəki say və əvəzliklər qismən, feillərin hamısı milli mənşəlidir.

Dilimizi, yəni milli mənəvi dəyərimizi qoruyaq . Ölkəmiz hücumlar nəticəsində çox alınma söz  qəbul edib, biz də bunun sayını artırmayaq. Dəyərlərimizin mümkünlük çərçivəsində saf və təmizliyini qoruyaq.

Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması da ana dilimizə önəm verilməsinin bariz nümunəsidir. Göründüyü kimi, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. 

“Ana dilimizin saflığını qorumaq müqəddəs borcumuzdur. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.” -Prezident İlham Əliyev.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.