Top-10: Yay fəslinin ən çox oxunan detektivləri və trillerləri Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sirr deyil ki, bədii ədəbiyyat nümunələri arasında detektivlər çoxoxunma statistikası ilə öyünürlər. Elə bizim ölkədə ən çox satılan kitablar listəsinə baxanda orada Çingiz Abdullayevlə Elxan Elatlının detektivləri həmişə ön sıralarda olur. Bu yay günlərində istirahət zamanı təbii ki, yüngül ədəbiyyat janrı hesab olunan bu janrlara müraciət edənlər çoxdur. Bəs indi ən çox hansı detektiv və triller nümunələri oxunur? Dünyanın ən populyar kitab platformalarından biri olan “Litres”in bu sahədə araşdırmasını “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə təqdim edirik.

 

1. Aleksandra Endryus, "Mod Dikson kimdir?"

Florens Mod Dikson təxəllüsü altında gizlənən bir yazıçının köməkçisi olaraq çalışır. Bir gün qadınlar Mərakeşdə qəzaya uğrayırlar. Mod itir və Florens xəstəxanada özünə gəldikdən sonra özünü Mod kimi qələmə verməyə qərar verir. Patrisiya Haysmitin milyonlarla oxucusu olan "İstedadlı Mister Ripli" romanı ruhunda yazılmış  psixoloji trillerdir.

 

2. Viktor Metos, "Gecə məxluqatları”

Bu, “Qatilin arvadı" adlı bestsellerin davamıdır. Jessika Yardli - Federal prokurorun köməkçisidir. Onun həyat yoldaşı isə seriya qatilidir və o, bunu başa düşməkdə acizdir. Cesika layiq olduğu vəzifəni daşıdığını sübut etmək üçün şəhəri lərzəyə gətirən növbəti manyakın tutulmasında iştirak etməyə başlayır. Manyak qurbanlara hədsiz əzablar verir və cinayətlərin yerlərində Sarpong rəsmləri ruhunda iz qoyur. Jessika növbəti qanlı bir qurban olmağa risk edir. Və görəndə ki, manyak onun həyat yoldaşıdır... Gerisini sadəcə oxumaq gərəkdir.

 

3. Meri Kubik, "Digər xanım"

Netflix-in ekranlaşdırmağa hazırlaşdığı, The New York Timеs-ın bestsellerləri sırasında qərarlaşan bu roman dedikcə maraqlı və çəkicidir, həyəcan verir və nəfəs kəsir. Uill və Seydi Foust uşaqlarıyla birlikdə Uillin dədə-babadanqalma köhnə evində məskunlaşıblar. Uillin bacısı illər öncə çardaqda özünü asaraq öldürüb, qardaşsa keçmişin mistikasına qapanmaq haqda düşünmək istəmir. Amma nahaq. Gələcəkdə bu evdə yaşadıqca ailəni yaxşı bir şey gözləməyəcək. Bir gün Seydi bir mesaj alacaq: "Ölməlisən". Başqa bir gün kimsə onların qonşusunu öldürəcək...

 

4. Cennifer Mikmaxon, "Məni qorxutmayın”

“Qış insanları” və "Məni içəri dəvət edin" trillerlərinin müəllifindən yeni bir şedevr. Neptun ləqəbli seriya qatili kiçik bir şəhəri qorxu içində saxlayır. O, qadınları oğurlayır, sonra isə cəsədləri polis binasının yaxınlığında qoyur. Reginanın anası beləcə itir, lakin 20 il sonra onu evsizlər üçün sığınacaqda sağ tapırlar. Bu bir mesaj deyilmi? Neptunun yeni məqsədi Taranı ovlamaqdır, Reginanın dostunu.

 

5. Nita Prouz, "Qulluqçu"

 

Kanadalı ədəbi redaktorun debüt romanıdır. Molli Grey erkən valideynlərini itirib və nənəsinin nəzarəti altında böyüyüb. Qız qapalıdır, insanlardan qaçır, amma tapmacaları sevir. Bəli, bəli. Tapmacaları sevir. Oteldə qulluqçu işləyən Molli bir dəfə iş növbəsi zamanı otelin nömrələrindən birində Mister Blekin meyitini aşkar edir. Polis Mollini əsas şübhəli hesab edir. O, təqsirsizliyini necə sübut etsin?

 

6. Jan-Kristof Qrange, "Tanrıların vədləri"

Berlində, 1939-cu ildə yüksək zümrədən olan qadınları öldürməyə başlayırlar. Onların hamısı qapalı kluba gedirlərmiş və hansısa Mərmər insan barədə yuxu görürmüşlər. İşi gizli polisə və mülki psixiatrlara verirlər, çünki ənənəvi təhqiqat üsullarına bu cür işdə etibar etmək olmaz. Nəticə başgicəlləndirici olur...

Tarixi dekorasiyalarda triller yazmaq tanınmış Fransa detektiv ustası Qrange üçün bir sınaq olub. Deyək ki, çox maraqlı və canlı çıxıb.

 

7. Tani Frenç, “Feytful-Pleys”

Məşhur müəllifdən çoxdan gözlənilən daha bir yenilik. Frenç janrın pərəstişkarlarına "Arxasında kölgə" və "Gizli yer" kimi bestsellerlər hədiyyə edib. Buna görə də bu növbəti romanı çoxları oxumaq həsrətində olublar. Feytful-Pleys küçənin adıdır və buradakı tərk edilmiş evlərdən birindən bir köhnə çamadan tapılır. Dublində yaşayan  detektiv Frenk Makki çamadandakı ilk sevdiyi qızın əşyalarını tanıyır. 20 il əvvəl o, səhərə qədər Rozini gözləmişdi. Sevgililər birlikdə xoşbəxtliklərinin ardınca qaçmaq istəyirdilər, amma qız gəlməmişdi. Nə baş verdiyini anlamaq üçün Frank keçmişə qayıtmaq məcburiyyətində qalır...

 

8. Stiven Kinq, "Billi Sammers"

Qəhrəman – Billi Sammers ABŞ dəniz piyadalarının keçmiş snayperidir, eləcə də əxlaq kodeksinə malik muzdlu qatildir. O, yalnız pis insanları təmizləyir. Sammers bu işdən uzaqlaşmağa qərar verir, amma son əmri yerinə yetirmək lazımdır – prinsipsiz killer Alleni öldürmək.

 

9. Kamilla Lekberq və Henrik Fekseus, "Mentalist".

Stokholmda qılınclarla deşilmiş sirk qutusu tapılır. İçində də qadın cəsədi. Kim özündən dəhşətli bir sehrbaz obrazı təsəvvür edib?

Müfəttiş Mina Dabiri məsləhətçisi qismində illüzionçu Vinsenti cəlb edir. Hər ikisi komandada işləməyə öyrəşməyiblər, amma indi ortada çox məsuliyyətli bir iş var: günahsız həyatın qırılması.

 

10. ANONUMİS layihəsindən ikinci roman, "Mixail Bulqakovun gizli gündəliyi” Bu layihənin kitabları ikiqat xəfiyyəçilik vərdişləri tələb edir. Müəllifliyi göstərilmədən çıxan kitabları oxuyan oxucular yalnız cinayətkarın kimliyini deyil, müəllifin də kimliyini axtarmış olurlar. Orest Volinin yeni istintaqı - Moskva Muzeyindəki bir qətldir. Bıçaqlanmış bir naməlumun cəsədi aşkar edildikdən sonra mistik bir şəkildə yoxa çıxıb. Bunun arxasında kim dayanır və Bulqakovun qeydlərinin bura nə dəxli? Oxuduqca heyrətlənir və heyrətlənirsən.

 

“Ədəbiyyat  və incəsənət “

(02.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.