Uşaq ixtiraçılar, dünyanın ən böyük qanqsteri Al Kapone və “Hər xalq öz hökmdarına layiqdir” deyən Monteskyö Featured

17-18 yanvarın təqvimi Varisin təqdimatında

 

17 yanvar

 

Uşaq ixtiraçılar günü

 

Hər vaxtınız xeyir!

Bir dəfə 11 yaşlı uşaq Frenk Empperson təsadüfən küçədə içi limonadla dolu stəkan qoyur. Qışın şaxtalı günü idi. Məhz bu təsadüf onu çox məşhur və varlı edir. Necə? Ertəsi gün o, stəkanın içində limonadı donmuş görür, bu da onun yaddaşına həkk olunur. Frenk 18 yaşına çatanda isə “meyvə buzu”nu yaradır. Yəni, o, dondurulmuş limonad istehsalına başlayır. Və yaxud, bir dəfə 16 yaşlı Con Nisson rezin amortizatorların köməyi ilə hərbi brezenti dəmir karkasın üstünə bərkidib üzərində hoppanır, beləcə, batut kəşf edilir.

Ümumiyyətlə, uşaq ixtiraçılar az deyil, bu münasibətlə də beynəlxalq aləmdə ayrıca uşaq ixtiraçılar gününü qeyd etmək qərara alınıb. Və həmin günü ABŞ-ın qurucusu, atası, uşaqlıqdan nadir istedadı ilə seçilən Bencamin Franklinin doğulduğu 17 yanvar tarixinə salıblar.

 

Kədərli bazar ertəsi

 

Sky Travel turist kompaniyasının təbirincə, yanvar ayının 3-cü bazar ertəsi təqvimin ən ağır günü hesab olunur, bol bayramlar, yeyib-içmə, dincəlmə mərasimlərindən sonra əsl işə adaptasiya günü məhz həmin gün olduğundan onu insanlar çətinliklə, ağırlıqla keçirirlər.

Kədər təki bizlərdən uzaq olsun bu bazar ertəsində.

 

Kanat yolu günü

 

1871-ci ilin bu günündə Britaniya vətəndaşı Endrü Smit Xaliddi kanat yoluna ilk patenti alıb, odur ki, bu münasibətlə bu gün kanat yolu günü qeyd olunur. Bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır kanat yolu. Bizdə Qusarda, Qəbələdə, Xızıda, Naxçıvanda kanat yolları var. Çox təəssüf ki, bu günkü bayramda ən çox şadyanalığı bədxah qonşularımız edəcəklər. Belə ki, dünyada uzunluğuna görə ən uzun sərnişin daşıyan kanat yol – “Tatev qanadları” onlara məxsusdur. Kanat yolu Bərguşad dərəsi üzərində yerləşir, Alidzor və Tatev kəndlərini birləşdirir, uzunluğu 5,7 kilometrdir, keçdiyi ən maksimal hündürlük də 320 metrdir.

 

Martin Lüter Kinq günü

 

Tarixdə adı qalan Martin Lüter Kinq cəmi 39 il ömür sürüb, amma bu qısa müddətdə qara dərili amerikalıların insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist kimi bütün dünyada tanınıb. Xüsusən təşkilatçısı olduğu 1963-cü il Vaşinqton yürüşü ağ ağaların kürkünə birə salıb, yürüşdə o,  özünün məşhur “Mənim bir arzum var” nitqini söyləyib.

14 oktyabr 1964-cü ildə Kinq irqi ayrıseçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatına layiq görülüb. 1968-ci ildə o, "Kasıb xalqın kompaniyası" adını verdiyi və Vaşinqtonu lərzəyə gətirməyi planlayan yürüşü təşkil edərkən Memfis şəhərində qətlə yetirilib. Sonradan sübut edilib ki, onun qatili Ceyms Örl Rey hökumət agentləri ilə əlbir olubmuş və onların diktəsi ilə hərəkət edibmiş. 

Bu gün BMT-nin xətti ilə bütün dünyada bu şəxs anılacaq.

 

Özünü bağışlama günü

 

Bu gün belə bir bayram da var: Yeni il vədlərinə əməl etmədiyin üçün özünü bağışlamaq günü. Yeni ilə hamımız bol vədlər verir, yeni ildə tam dəyişəcəyimizi öhtəmizə götürürük. Küsən deyir, barışacam, kök deyir, arıqlayacam, dərdli deyir, dərddən qurtulacam, kasıb deyir, varlanacam, hüququ pozulan deyir, hüququmu bərpa edəcəm. 17 gün dəyişilmək üçün xeyli böyük müddətdir. 17 gün keçir, görürsən heç nəyi dəyişə bilməmisən, köhnə hamamdır, köhnə tas. Və bu gün də vədinə əməl etmədiyin üçün özünü əfv edirsən.

Bu gün dünyanın mədəniyyət təqvimində yer alan önəmli festival – Bermud ifaçılıq üzrə incəsənət festivalı açılacaq. Latviyada at festivalı başlayacaq. Yunanıstanda isə liman şəhəri Patrada Apokriya festivalına start veriləcək. 

Ispaniyada Menorka milli günü, Andorrada Müqəddəs Antoniy bayramı, Şri-Lankada ayın tamlaşması günüdür. Ən nəhayət, ABŞ satıcılar üçün “Öz alıcını tanı” bayramını, eləcə də Milli isti rom içkisi gününü qeyd edəcək.

 

Kembric Universitetinin 813 yaşı tamam olur

 

1991-ci ilin bu günündə ABŞ “Səhrada tufan” əməliyyatı adı altında İraka hücum edib. 1969-cu ilin bu günündə The Beatles qrupu məşhur “Yellow Submarine” (Sarı sualtı qayıq) albomunu buraxıb. 1961-ci ilin bu günündə ABŞ prezidenti D. Eyzenhauer ilk dəfə hərbi-sənaye kompleksi yaradıb, bu anlayışı tarixə gətirib. 1961-ci ildə Konqo prezidenti, dünyaca məşhur siyasi xadim Patris Lumumba əsir götürülərək, sonradan vəhşicəsinə öldürülərək hissələrə bölünüb. 1918-ci ildə polşalı pianoçu Paderevskiy ölkənin baş naziri təyin edilib. 1904-cü ildə Çexovun “Albalı bağı” pyesinin premyerası olub. 1861-cı ildə Tomas Krepper tualet unitazına patent alıb. 1209-cu ildə Kembric Universiteti öz qapılarını tələbələrin üzünə açıb. 

 

Məhəmməd Əli, Al Kapone, Franklin və digərləri

 

Bu gün Nigar Cavid qızı Arpadarainin 40 yaşı tamam olur. 1982-ci ilin bu günündə Bakıda dünyaya gələn Nigar xanım Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri və Milli Mətbuat katibi olub. Kifayət qədər işgüzar olan və tanınan Nigar xanımı təbrik edirik.

1962-ci ilin bu günündə Amerika kinoaktyoru Cim Kerri, 1942-ci ildə əfsanəvi Amerika boksçusu, Time-ın “Tarixin ən dahi 100 şəxsiyyəti” siyahısında yer alan Məhəmməd Əli, 1899-cu ildə məşhur Amerika qanqsteri, mafiya qayda-qanunlarının ilk müəllifi, italyan mənşəli Al Kapone, 1863-cü ildə məşhur teatr xadimi, teatr nəzəriyyəsinin banisi, rus Konstantin Stanislavskiy, 1734-cü ildə fransız simfoniyasının banisi, bəstəkar Fransua Jozef-Qossek, ən nəhayət, qeyd etdiyimiz kimi, 1706-cı ilin bu günündə ABŞ-ı yaradan kişilərdən biri – Bencamin Franklin dünyaya gəliblər.

O ki qaldı bu gün vəfat edənlərə, 2018-ci ilin 17 yanvarında Azərbaycanın xalq artisti, rəqqas Böyükağa Məmmədov, 2008-ci ildə məşhur şahmatçı, şahmat üzrə 11-ci dünya çempionu, amerikalı Bobbi Fişer, 1982-ci ildə Stalin rejiminin repressiya aparatı barədə məşhur “QULAQ arxipelaqı” əsərini yazmış rus nasiri və şairi Varlam Şalamov, 1826-cı ildə İspaniya basklarının operasının yaradıcısı, “Bask Motsartı” adlı bəstəkar Arriaqa, 1595-ci ildə Osmanlı padşahı III Murad  dünyadan köçüblər. 

 

18 yanvar

 

Vinni Pux günü

 

Bu günü təqvimə məşhur uşaq bədii qəhrəmanı olan Vinni Puxun və onun dostlarının yaradıcısı olan, 1882-ci ilin 18 yanvarında Londonda dünyaya gələn Alan Aleksandr Milni xatırlamaq üçün salıblar. Bu gün onun 140 illik yubileyi qeyd olunacaq. Həqiqətən də sən bir obraz yarat və bu obraz dünyanın hər guşəsində məşhur olsun, hər il əsər böyük tirajlarla az qala bütün dünya dillərində çıxsın, ona çəkilən bədii və cizgi filmləri ən populyarlar sırasında qərarlaşsın – bu böyük hünərdir. Ruhun şad olsun sənin, ay Miln.

 

Tezaurus günü

 

Latıncadan mənası xəzinə olan tezaurus dilin leksikasını tam dəqiqliklə, tam geniş izah edən lüğətdir. Bu bayram 1779-cu ilin 18 yanvarında doğulmuş Piter Markın ad gününə salınıb, belə ki, Mark bütün həyatını filosoflar üçün xüsusi lüğət kitabını hazırlamağa sərf edib.

Yeri gəlmişkən, Azərbaycanda da tezauruslara ciddi ehtiyac var, biləsiniz. Bizim dilimiz gözəldir, amma o, xüsusən rus dilindən ixrac olunan sözlər və vulqar ifadələrlə (dajelər, ujelər, vapşelərlə) korlanıb. Üstəlik, fellərin əksəriyyəti (qoymaq, soxmaq, salmaq, basmaq, çalmaq və s.) “türkün sözü” sığortası ilə “ayıb ifadə” vermək anlamı daşıyır. Bu da dilə ciddi təpkidir. Dilin yeni söz yaratmaq ənənəsi də çox süni görünür. Bir ara çimərlik paltarına “geyçim”, hamam xələtinə isə “çimgey” adını vermələri yəqin ki yadınızdadır.

 

Marqarita Vengerski və Pekinsayağı ördək günləri

 

Xristian dünyası bu gün Marqarita Vengerskinin xatirə gününü qeyd edəcək. Bu, katoliklərin ənənəvi bayramıdır, Marqarita Vengerski macar kralı 4-cü Belanın qızı olub, Bizans imperatoru Nikeyin də həyat yoldaşı. Katolik kilsəsinin çiçəklənməsində, müsbət insanlıq keyfiyyətlərinin – nəcibliyin, xeyirxahlığın, düzgünlüyün bərqərar olmasında əhəmiyyətli rol oynayıb. 

Yaddan çıxarmayaq ki, bu gün Amerikadakı mətbəx bayramı ikidir: Milli qurmanlar üçün kofe günü, bir də Milli Pekinsayağı ördək günü. 

 

Versal sülh konfransının ildönümü

 

1919-cu ilin 18 yanvarında Parisdə, Versalda Paris Sülh Konfransı öz işinə başlayıb. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi.

Burada 27 ölkə, o cümlədən də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın və İtaliyanın baş nazirləri Jorj Klemanso və Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri təşkil edirdi.

Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Əlimərdan bəy Topşubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. 

Müharibəni məğlubiyyətlə başa vuran "Dördlər ittifaqı"nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib tərəf -Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi. Bu elə bir zaman idi ki, məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər. Nümayəndə heyətimizə Parisə getməyə viza belə verilmirdi, bununla belə fədakar və vətənpərvər həmyerlilərimiz bütün çətinliklərə baxmayaraq Paris sülh konfransına ilk gündən olmasa da, hər halda qatıla bildilər, 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Bununla belə, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram libasına büründü.

 

“Bentli”ni aşıran məmur qohumu

 

1996-cı ilin bu günündə Digital Video Disc – yəni DVD yaranıb. 6 diskdən ibarət CD –ROM-da yerləşən məlumatlar bir DVD diskində yerləşdirilib.

1995-ci ilin 18 yanvarı yaponlar üçün qara gəlib, Kobede baş verən 7,2 ballıq zəlzələ nəticəsində 6,5 min nəfər həlak olub. 1991-ci ildə Bundestaq dalbadal 4-cü dəfə Helmut Kolu federal kansler seçib. 1964-cü ildə The Beatles ilk dəfə ABŞ hit paradında yer alıb, “I want to hold your hand” mahnısı ilə. 45-ci olan mahnı cəmi iki həftə sonra artıq 1-ciliyə yüksəlib.

Siqaret qutularının üzərinə yazılan “Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyanlıdır” yazısının mənşəyini bilirsinizmi? 1964-cü ilin 18 yanvarında ABŞ həkimləri Konqresə çağırış ediblər ki, siqaret qutularının üzərinə onların ziyanı barədə mütləq qeyd yazılmalıdır, Konqres də belə bir tapşırıq verib. Sonra bu ənənə ÜST-ün də xoşuna gəlib, bütün dünyada yayılıb. 

1926-cı ildə Arbatdakı “Xudojestvennaya” kinoteatrında Sergey Eyzenşteynin “Potyomkin zirehli gəmisi” filminin premyerası olub. Bu film SSRİ-nin ilk kult filmidir, eləcə də dünya kino tənqidçiləri hər zaman onu bəşəriyyətin ən dəyərli filmləri sırasına salırlar. 

Bir dəfə eşitdik ki, bir icra hakiminin qardaşı oğlu nəşəli halda “Bentli” avtomobilini aşırıb. Dünyanın ən bahalı avtomobilləri sırasında qərarlaşan “Bentli”nin aşması, əlbəttə ki o ailənin vecinə olmadı, varlığa nə darlıq, gedib yenisini aldılar. Bu əhvalat niyə yadıma düşdü? Çünki 1919-cu ilin bu günündə Londonda “Bentli Motors” kompaniyası yaranıb.

1825-ci ilin 18 yanvarında dünya mədəniyyəti tarixində əhəmiyyətli yer alan bir hadisə baş verib, Moskvada memar İosif Bovenin klassisizm stilində tikdiyi Böyük Teatr fəaliyyətə başlayıb.

1654-cü ilin 18 yanvarında isə Pereyaslav Radası Ukrayna və Rusiya ərazilərinin birləşdirilməsi barədə qərar qəbul edib.

 

Tanınmış rəqqasə Afaq Məlikovanın 75 illiyi

 

Azərbaycanın xalq artisti Afaq Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq uşaqlıqdan rəqs etməyi sevirdi, rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyublar. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlib.

O, 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, sonradan həm də məşqçi pedaqoqu olub, 1982-ci ildən isə ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Azərbaycan xalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Türkiyə, Polşa, Fransa, Almaniya, İspaniya, Kanada kimi bir sıra xarici ölkədə çıxışlar edən rəqqasə 2001-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb. Afaq xanımı yubileyi münasibəti ilə təbrik edirik!

 

İki yazarın anım günü

 

1941-ci ilin bu günündə mərhum dahi kinorejissorumuz (tək elə “Bir cənub şəhərində” filmi nəyə desəniz dəyər) Eldar Quliyev, 1933-cü ilin bu günündə videomaqnitafonu kəşf etmiş Rey Dolbi, 1876-cı ildə bir vaxtlar abidələri ucaldılan, rayonlar, küçələr adı ilə adlandırılan, əslində Azərbaycanın müstəqillik haqqını əlindən alıb ruslara verməkdə yardımçı olan Məşədi Əzizbəyov dünyaya gəliblər.

18 yanvar həm də iki tanınmış Azərbaycan yazıçısının vəfatı günü kimi yaddaşlarda qalıb. 2018-ci ilin bu günündə yazıçı, Azərbaycan Respublikası Xatirə kitabının baş redaktoru Nahid Hacızadə 82 yaşında dünyadan köçüb.

1983-cü ilin bu günündə isə yazıçı-dramaturq, “Onun bəlalı sevgisi” filmi ilə, eləcə də “Kəcil qapısı” romanı ilə milyonların rəğbətini qazanmış Seyfəddin Dağlı 61 yaşında vəfat edib.

Ruhları şad olsun.

 

Gəlin, Şarl Monteskyönü anaq

 

Ən nəhayət, 1689-cu ilin 18 yanvarında dünyaşöhrətli fransız mütəfəkkiri, dillər əzbəri olan “Hər xalq öz hökmdarına layiqdir” kəlamının müəllifi Şarl Lui Monteskyö dünyaya gəlib. Mən bu dahinin daha bir neçə kəlamını diqqətinizə çatdırmaq istəyirəm:

Mütaliə etmək – darıxma saatlarını həzz saatlarına çevirmək deməkdir.

Azacıq bilmək üçün lap çox öyrənmək lazımdır.

Ən böyük tiranlıq – Ədalət bayrağı altında, Qanun adı ilə həyata keçirilən tiranlıqdır.

“Sabah hər şey yaxşı olacaq” deyiminə yalnız sabah azad olmaqla çatmaq olar.

Şəxsiyyətin azadlığı ilə vətəndaşın azadlığı həmişə üst-üstə düşmür.

Demokratiya prinsipi təkcə cəmiyyətdə bərabərlik ruhu yaratmaq demək deyil, həm də bu bərabərlik ruhunun elə bir həddinə çatması deməkdir ki, hər kəs özünə rəhbər seçdiyi şəxslə də özünü bərabər sana bilsin.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.