Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Fikrət Sadıq yadigarı- qızı, AYB-nin üzvü, Prezident təqaüdçüsü sevimli yazar, publisist, pedaqoq Aysel xanım Fikrətdir.
ÜLVİYYƏ ƏBÜLFƏZQIZI
İsti yay günlərində xoş gördük Sizi, dəyərli Aysel xanım.
Aysel xanım, yaddaşların sadiq qalıb unutmadığı misralarda söylənilir ki:
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (Səməd Vurğun)
Aysel xanım üçün " Dünya" nədir? Aysel xanımın öz "Dünya"-sı ilə real Dünya arasında hansı fərqlər var, onun dünyası hansı rənglərlə boyanıb? Bu əvvəlinci sualım.
Allah, yuxum gəlir,
Söndür Dünyanı yatım.
Acı dadan ruhumu,
Şəkərə, qəndə qatım.
Elə çox yuxum gəlir,
Sökülür gözümdə dan,
Bir anlıq yer üzünü,
Yelləncəkli nənni san.
Dünyanın saman olmuş,
Diləyindən əl çəkdim.
Suyundan, Havasından,
Çörəyindən əl çəkdim.( Aysel Fikrət)
Aysel xanım, " Dünya"-nı niyə söndürək? Bu da növbəti sualım.
AYSEL FİKRƏT
Dünya indi çox soyuq yerdi mənim üçün. Yaşa dolduqca doğmalarımı itirdikcə, dostlarım yox olduqca, ayrılıqlar artdıqca, insanlıq azaldıqca yalanı həqiqətdə daha tez parladıqca bu baş verdi.
Əvvəllər isə ipisti idi ana, atamın, qardaşlarımın doğma səsləri gələn evimizin ətrində bu dünya son dərəcə gözəl və işıqlı idi, gələcəyimi hələ bilmədiyim üçün sehrli idi.
Nə yalan deyim ki, zamanla özümü bu dünyanın içində hiss etmədim. Həmişə sevincimin önündə kədər oldu. Mən bu dünyanın havasından suyundan heç ürəklə yararlanmadım. Etmədiyim, bacarmadığım o qədər olmazlar oldu ki, axırda anladım ki, mən bu dünyanın doğması deyiləm. Öz işıqlı əmin dünyamı yaratdım, orda söz-söz, şeir - şeir yaşamaq üçün. Ən çox Allaha yaxın olmaq üçün, yəni. Mən dünyayla heç düz gəlməyən bir bəndəyəm - bu dəqiq gəldiyim qənaətdir.
Dünya güvənimi, sevgimi qazanmadı düzdür. Yalnız mən gözümü açdığım gözəl ata, anamı, ailəmi, övladlarımı, dostlarımı, əzizlərimi axı burda görmüşəm, ona görə dünyaya da şükür edib minnətdar olmağa çalışıram.
Belə tamamlayım: mən daha çox Allaha yaxınam, dünyaya yadam.
Öz dünyam haqqa sığınır, Allaha sığınır.
Fərqi də odur ki, saf və təmizdir. Məncə, ruhu çirkli olan şeir yaza bilməz. Çox təəssüf ,indi ədəbiyyat aləmində təsadüfi insanlar çoxdur, onlar ədəbiyyatı içəridən yeyir həşərat kimi. İçi qaranlıq adamlar ədəbiyyatı basıb, halbuki ədəbi aləm cəmiyyətin həyatda qalmağına mənəviyyata qulluq etməlidir. Çox yazıçının yazdığı şəxsiyyətini tamamlamır. Natamam şəxsiyyətin ədəbi aləmdə olması faciədir.
Mənim dünyam həm ətrində həm rəngində doğmalıq olan bir yerdir. O dünya Allah, söz ve məndən ibarətdir. Allahın lütfü olan yer nə rəngdə olar? Əlbəttə, ışıqlı rənglərdə.
Dediyiniz şeirdə dünyanı söndürüb yatmaq istəyən adam var, sadəcə. Yox, söndürməyin xoşbəxt, yaşayın, əzizim.
Mən Azərbaycan gənclərinin gözəl və sağlam düşüncəsinə, səhvsiz və məqsədli həyatına inanıram və belə görmək istəyirəm .
Amma özüm dünyanı söndürüb yuxuya getmək istəyirəm. Görünür, daha yorulmuşam. Təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)