BABA VƏZİROĞLU – “Çalışmışam mahnı mətni həm də normal bir şeirə oxşasın” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Nadir Yalçının Baba Vəziroğlu ilə müsanibəsi təqdim edilir.

 

 

 

70 illik yubileyi ərəfəsində tanınmış şairimiz Baba Vəziroğlu ilə yanvar ayının 22-si söhbətləşsəm də, geniş diskussiyamızı yığcamlaşdırıb isti yay günlərinin astasında sizə göndərməyə ancaq macal tapdım.

 

Hörmətlə: Nadir YALÇIN

 

80-cilərin nəsrlə parlayan nümayəndələri arasında sizin də isminiz var…

– 80-ci illər yox, hələ bir az da geri getmək lazımdır. Çünki mənim ilk ciddi nəsr yazılarım 1976-cı ildə məhz “Ulduz” jurnalında çap olunub. Ədəbiyyata gəlişim bu tarixdən hesablanır. 80-ci illərdə bu yaradıcılıq qol-qanad açdı, genişləndi. Artıq kitablarım çap olunmağa başladı.

– İlk kitabınızın enişli-yoxuşlu taleyi olub. O hadisələri necə xatırlayırsınız?

– İlk kitabım “Səhər qatarı” adlanırdı. Elə həmin kitabın bəlasına düşdüm. “Səhər qatarı”nı nəşr üçün “Yazıçı” nəşriyyatına təqdim elədim. Bəzən deyirlər, ilk kitab ilk övlad kimidi. Deyərdim, ilk kitab ilk övladdan da əzizdir. Nəşriyyatdan kitabın siqnal nüsxəsini gözlədiyim bir vaxtda Partiyanın Mərkəzi Komitəsindən və Dövlət Təhlükəsizlik Komitəsindən mənə zənglər, dəvətlər gəlməyə başladı. Sən demə, “Yazıçı” nəşriyyatında məşhur bir redaktorumuz və akademikimiz kitaba ölüm hökmü yazıblar. O zaman kitablar indiki kimi çap olunmurdu, əvvəlcə kitab müsbət rəy almalı idi. Həmin iki nüfuzlu insan mənə ölüm hökmü yazmışdı ki, burda sosialist realizmi təhrif olunur, müəllif bizim real həyatı tamam qara rəngdə göstərir, bu müəllif antisovet bir ünsürdür və onu cəmiyyətdən kənarlaşdırmaq lazımdır. Cəmiyyətdən kənarlaşdırmaq bilirsiz nə deməkdir? Onu həbs eləmək, ən yaxşı halda qara siyahıya salmaq... Qara siyahı, bəlkə də, həbsdən daha dəhşətlidir. Tək sən yox, bütün qohum-əqrəban qara siyahıya düşür, iş ala, partiyaya keçə, instituta daxil ola bilmirlər.

– Bəs sizi bu vəziyyətdən nə xilas elədi?

– Mənim dostum və qardaşım Bəxtiyar Vahabzadə işə qarışdı. Biz onda şəxsən tanış deyildik. Bu məsələni hardansa eşidib, nəşriyyata gedib, kitabı oxuyub. Həmin vaxtlarda Bayılda kirayədə yaşayırdım. Çox çətin günlər keçirirdim. Günün birində “Ədəbiyyat və incəsənət” qəzeti aldım. Gördüm, bir böyük səhifədə Bəxtiyar müəllimin yazısı çap olunub. Başlığı da belə idi: “Kökdən gələn səslər”. Göz gəzdirdim ki, görüm Bəxtiyar Vahabzadə nə yazıb. Oxudum, dəhşətə gəldim... Bəxtiyar Vahabzadə mənim qarabəxt kitabım barədə elə sözlər yazıb ki... Kitabı ucalara qaldırmışdı. Hətta yazıda şişirdilmiş təşbehlər var idi. Bəxtiyar Vahabzadə bunu bilə-bilə etmişdi, o, ədəbi qatillərə elan etdi ki, bu cavan oğlanın arxasında mən dayanmışam. Sonradan həmin yazını “Səhər qatarı”na ön söz kimi əlavə etdim... Bəxtiyar müəllim yazısı ilə qarşı tərəfə deyirdi ki, hünəriniz varsa, gəlin mənlə vuruşun. Bax belə bir debütlə ciddi nəsrə gəldim. Bəxtiyar Vahabzadənin xeyir-duası mənə yol açdı, ard-arda nəsr kitabları çap etdirdim: “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Yol”, “Ocaq” adlı kitablarım sırf nəsr nümunələrindən ibarət idi. Kitablardakı hekayələr, povestlər “Ulduz”, “Azərbaycan”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunurdu. 80-ci illərdə yeni nəslin qələm adamları sırasında mənim də adım çəkilirdi. Bu barədə İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Elçin böyük məqalələr yazmışdılar. Bu uğurlu nəsr yolu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər davam etdi.

Necə oldu nasir Baba Vəziroğlu nəzmə üz tutdu və nəsr kitabını birdəfəlik bağladı?

Keçid dövrü deyilən cəhənnəm mərhələsi başlandı. Bütün kriteriyalar yoxa çıxdı, dəyərlər eroziyaya uğradı. Ədəbiyyatla qeyri-ədəbiyyatın fərqi unuduldu, ciddi oxucu rəhmətə getdi. Belə olanda yazıçılar da ya rəhmətə getməlidilər, ya da uzaqlaşıb reanimasiyaya düşməlidilər. Bir az realist-praqmatik olan yazıçılar dövrün nəbzini tutaraq gözləmə mövqeyini seçdilər. Dedilər, bəlkə, ciddi oxucuların hamısı rəhmətə getməyib, geri qayıdanlar olacaq. Mən gözləyə bilməzdim, çünki təkcə yazı masası arxasında romantikəm. Qalan vaxtlar realistəm, cəmiyyətin fəal üzvüyəm. Bu zaman çoxdan unutduğum, amma hərdən davam etdirdiyim bir janra qayıtdım. Çünki o janrda həm dövrün tələbi var idi, həm də, az da olsa, dolanmaq üçün pul var idi. Sonra da bildim ki, elə şan-şöhrət də o janrda imiş. Bu, mahnı yaradıcılığı idi. Mənim hələ 17 yaşım olanda yazdığım şeirə bəstələnən mahnını Şövkət Ələkbərova oxumuşdu. Həmişə mahnı yaradıcılığına hobbi kimi baxsam da, bu dəfə ciddi yanaşdım. Düşündüm ki, məşhur məsəldə deyildiyi kimi, müqəddəs yer heç vaxt boş qalmır. O zaman hər yerindən qalxan bir günə mahnı düzüb-qoşub ifa edirdi. Onlar ona görə ortada cövlan eləyirdilər ki, artıq normal yazı adamları, normal şairlər ortada yox idilər,  gözləmə mövqeyində idilər, ya gedib biznesə qoşulmuşdular, ya da ayrı işlərlə məşğul idilər. Onda mənim bu mahnı yaradıcılığı fəaliyyətimin çiçəklənmə dövrü başladı və onun nəticəsində bu günə qədər mindən artıq mahnım xalqa təqdim olundu, efir üzü gördü və bu mənə şan-şöhrət, dolanışıq gətirdi. Həm də, necə deyərlər, qələmim paslanmadı, özgə bir iş dalınca getməkdən də bilmərrə əl çəkdim.

Sizcə, sovet vaxtı ədəbi mühitdə nələr əskik idi? Sıxışdırmalar özünü necə büruzə verirdi?

– Ümumiyyətlə, söz azadlığı zəif olan məmləkətlərdə həmişə bədii sənət öz pik nöqtəsinə çatır. Rejim söz-sənət adamlarını nə qədər sıxırsa, bir-birindən dəyərli, gözəl bədii sənət nümunələri yaranır. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində parlayan ədiblərin siyahısına baxsaq, görün necə gözəl imzalara rast gələrik. Yəni o dövrdə istənilən tanınmış və sevilən imza zəngin yaradıcılığı barədə sizə böyük informasiya verir. Mən də o sıradaydım və o ab-hava ilə nəfəs alırdım. Əlbəttə ki, cəmiyyətdə sovet dönəmindəki kəm-kəsirləri axtarmaq tendensiyası var və bu da normaldır. Hər bir cəmiyyətdə nöqsan, çatışmazlıqlar olur. Amma sənət bütün bunların fövqündədir. Bəli, o dövrün iqtisadi, sosial problemləri olsa da, sənət kontekstində heç bir əyər-əskiklik yox idi. Yəni elə bil o qadağalar insanları məcbur edirdi ki, yaradıcı adamlar öz demək istədiklərini bəsit informasiya ilə ötürməsinlər, insan düşüncəsinin dərin qatlarına ensinlər, sadə adamların düşüncələrini qələmə alsınlar və bədii sözün, təfəkkürün gücü ilə əsərlər yaratsınlar. Nə qədər Mərkəzi Komitədə bizi çağırıb danlayırdılar, Dövlət Təhlükəsizlik orqanları bizlə maraqlanırdı. “Qlavlit” deyilən nəhəng senzura orqanı yazılarımızı zərrəbinlə oxuyurdu. Bütün bunlara baxmayaraq, biz həqiqəti yazırdıq. Söhbət yeni ədəbiyyatın yaradıcılarından gedir. Biz bir-birindən maraqlı əsərlər ortaya qoyurduq. Düzdür, hakimiyyət orqanlarına əsərlərin əsl məğzi sonra çatırdı. Onda da heç nəyi geri qaytarmaq olmurdu. Uzaq başı, müəllifə partiya töhməti verirdilər, bir az da qonorarnı az yazırdılar. Gücləri buna çatırdı. 

– Demək, o dövrün ədəbi ab-havası sizi qane edirdi...

– O dövrün ədəbi mühitindən yerdən-göyə qədər razı idim. Çünki ədəbi meyarlar, bədii kriteriyalar var idi. Bizim təfəkkürümüz elə formalaşmışdı ki, biz yaxşı və pis ədəbiyyatı bir-birindən çox gözəl ayıra bilirdik. Hər bir yeni çıxan yaxşı hekayə, şeir hamımızın bayramına çevrilirdi. Çünki bizim nəslin təəssübkeşliyi vardı. Biz hamımızın əvəzinə sevinə bilirdik. Kiminsə yaxşı əsəri işıq üzü görəndə onu qeyd edirdik, hamımız yığışıb müzakirə edirdik. O zaman tənqiddən də heç kim incimirdi. Çayxanada oturub Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə ilə söhbətlər edirdik, belə bir çevrəmiz vardı. Ədəbi müzakirə çərçivəsində bir-birimizin qabırğasına döşəyirdik, amma bu, sırf sənət müstəvisində idi.

– İndi nələr ovaxtkı kimi deyil, dəyişən nə oldu?

– O zamanlar şəxsi qərəz, şəxsi münasibətlər fonunda təhqirə keçə bilən söhbətlər heç vaxt olmurdu. İndi bunlar adi bir normaya çevrilib. Amma o illərdə belə saf, gözəl bir ab-havada yaşayırdıq. Şeirdəki kimi: “Yadındamı, onda dünya gözəl idi...”

– Eşitdiyimə görə, “Ulduz” jurnalında yayımlanan bir hekayənizə görə təhsil aldığınız universitetdə böyük problem yaşamısınız. O hadisə yadınızda necə qalıb?

Əlbəttə, o hadisəni yaxşı xatırlayıram. O zaman “Ulduz” jurnalının baş redaktoru olan unudulmaz dostumuz Yusif Səmədoğlu hətta bu münasibətlə mənim fotomu da çəkmişdi. Allah ona qəni-qəni rəhmət eləsin... Hə, fotonun altında öz xətti ilə yazmışdı: “Əhvalati-mütəqəlqəl Baba Vəziroğlu”. O vaxtlar çap olunan silsilə nəsr nümunələrim arasında “Qardan sonra” adlı bir hekayəm var idi. Deməli, hekayədə qar yağandan sonra birdən-birə həyat dəyişir. Gənc jurnalist rayona gedir. Hər yan ağappaq, qar yağıb, hər şey təmiz, gözəl xatirələr yada düşür. Amma sonra hər şeyin iç üzünü görür. Görür ki, ona bəslənən münasibət səmimi deyil, ətrafındakılar onunla nəyə görəsə belə danışırlar, arxada tamam başqa cürdülər. Təbiət özü belə o ağappaq, gözəl, təmiz dünyadan sonra çirkli, palçıqlı bir mühitə çevrilir, küçələr zığla dolu olur, havanın sifətindən zəhrimar yağır. Yəni qardan sonra günəş parıldayır və təbiətdə belə bir mənzərə ilə səni qarşılaşdırır. Universitetdə Əliş Nəbili isimli müəllimim vardı. Allah ona qəni-qəni rəhmət eləsin, jurnalistikadan bizə dərs deyirdi. Hekayədə bir epizod vardı: yenə hər şey təkrarlanacaq, yenə Əliş müəllim bizi çənəsinin altına salacaq. Yəni həyatın monotonluğu yenidən qayıdacaq. Biz o zaman realizmin ifratına varırdıq. Elə düşünürdük ki, müəyyən adları dəyişsək, əsərə xələl gələcək. Hətta kənd camaatı da məndən çox incik düşmüşdü. Çünki hamı özünü tanımışdı, çoxunun adı reallığa uyğun gəlirdi. Əliş müəllim əvvəl reaksiya vermədi. Çünki normal bir şey idi. Sonra onun ətrafında olan məni istəməyən adamlar Əliş müəllimi qızışdırırlar ki, Baba səni təhqir edib. Əliş müəllim də bir az emosional adam idi. Rəhmətlik götürdü Mərkəzi Komitəyə, Yazıçılar İttifaqının rəhbərliyinə yazdı.

– Mərkəzi Komitə nəsə tədbir gördü?

– Əlbəttə... Xırda bir məsələ o dərəcədə böyüdü ki, Mərkəzi Komitədən Yusif müəllimi məcbur elədilər ki, jurnalda xüsusi bir şey versin. Yazsın ki, filan vaxt filankəsin filan hekayəsində çox şey səhv gedib. O vaxtlar da mətbuatda belə üzrxahlıqlara rast gəlinmirdi. Dəhşət idi, belə şey olmamışdı, amma oldu.

– Bu hadisə sizə necə təsir etdi? Hiddətləndiz, ya əksinə?..

– Bu mənə bir dərs oldu, adlar məsələsində bir az ağıllandım. Yəni kənddəki Səmid kişinin adını Həmid kişi qoyanda nə olacaq ki?! Sonrakı bütün hekayələrimdə, povestlərimdə və romanlarımda bu məsələyə ciddi əməl elədim.

– Siz vaxtilə Azərbaycan Yazıçılar Birliyində işləmisiz. O illərdən danışaq…

– O zaman Azərbaycan Yazıçılar İttifaqı SSRİ Yazıçılar İttifaqının filialı idi. Bu, bir tərəfdən yaxşı idi. Bütün pullar ordan gəlirdi. Bizim rus mətbuatı vasitəsilə bütün dünyaya çıxmağımızda o ittifaqın böyük rolu olurdu. Sizə deyim, pis ittifaq deyildi. Bütün rejimlərdə Yazıçılar İttifaqı ziyalıların isti, doğma ocağı olub. Mən heç vaxt o ittifaq haqqında konyukturaya uyğun pis söz işlətmərəm. Yazıçılar İttifaqı nə edirdi? Şüar kimi deyilirdi ki, sosializm realizminə əməl eləmək lazımdı, nə bilim nə. Amma hər kəs öz bildiyini edirdi. Masa arxasında oturanda yazıçının əlindən tutmurdular ki, bunu yazma, bunu yaz. Yəni bunlar hamısı diletant münasibəti idi. O ittifaqın kifayət qədər istedadlı, tanınmış üzvü var idi. Yazıçılar İttifaqı onlara ev, maşın, yardımlar verirdi, yazıçı kimi dünyanı gəzdirirdi. Təyyarənin trapında belə səni tərcüməçi və maşın qarşılayırdı. Yəni turist səfərləri deyildi. Bütün SSRİ-nin bölgələrinə yaradıcılıq ezamiyyətləri verirdilər. Hər il ya Krımda, ya Baltik sahillərində su qiymətinə bir aylıq istirahət şansı yaradırdılar ki, gedib istirahət edəsən, təzə əsərlərinlə qayıdasan. Yəni sovet hökuməti öz yazıçılarına çox yaxşı baxırdı və mən də Yazıçılar İttifaqında bütün imkanlardan öz cavan dostlarım üçün istifadə edirdim. Çünki Yazıçılar İttifaqının rəhbərliyində təmsil olunurdum. Əvvəl dəftərxana müdiri idim. Sonra isə nəsr üzrə məsləhətçi oldum. Eyni zamanda müxtəlif illərdə sədrlərin referenti idim. Əvvəl İmran Qasımovun, sonra Mirzə İbrahimovun, İsmayıl Şıxlının referenti oldum. Yaxşı illər idi. Həmin vaxtlar öz dostlarıma əlimdən gələn köməklikləri elədim; maşın, ev almaqlarına, əsərlərinin çap olunmasına, Yazıçılar İttifaqına üzv olmaqlarına... Mənim də gücüm ona çatırdı. Sədrlərimiz yaxşı adamlar idi. Xüsusən İmran Qasımov cavanların, yeni ədəbiyyatın ən yaxın dostu idi. Elə işə də o məni götürmüşdü.

– Nəğmələriniz dillər əzbəridir. İlk hansı şeirinizə musiqi bəstələnib, kim bəstələyib, kim oxuyub? O yayımlananda hansı hisslər keçirmisiz?

– İlk mahnıları, dediyim kimi, çox gənc yaşlarında yazmışam. Universitetin birinci kursunda oxuyurdum, 17 yaşım vardı. Rəhmətlik bəstəkar Telman Hacıyev ailəvi dostumuz idi. Onun vasitəsilə iki bəstəkarla tanış oldum; Firəngiz Babayeva və Oqtay Rəcəbov. Onlarla Telman müəllimgilin evində görüşmüşdük. Elə orda bir söhbət açıldı ki, melodiya var, söz yoxdu. Telman müəllim dedi ki, söz oturub yanımızda. Elə ordaca hər iki mahnının sözlərini yazdım. Biri bu gün də dillər əzbəri olan “Töhfə” mahnısı, biri də “Sevərsən” mahnısı idi. “Töhfə” mahnısının bəstəkarı Firəngiz Babayeva, “Sevərsən” mahnısının bəstəkarı Oqtay Rəcəbov idi. Təsəvvür edin ki, o zaman mahnılar dekabrın 31-i gecəsi ilk dəfə dövlət televiziyasında səsləndirildi. Bizim böyük sənətkarımız Şövkət xanım hər iki mahnını proqramda ifa etdi. Mən artıq yeni il tətilindən sonra universitetə gedəndə məşhur idim. O zaman yeniyetmə bir oğlanın nəğməkar şair kimi gündəmə gəlməsi çox gözlənilməz hadisə idi. Mənim məşhurluq, şöhrət tarixim o zamandan başladı. Bəlkə də, mahnı tarixçəm ona görə bu qədər uğurlu alındı ki, ilk dəfə professional bəstəkarlarla çalışmağa başladım. Ara musiqisinə söz yazsaydım, fişəng effekti ilə tez parlayıb, tez də sönərdim. Bəxtim onda gətirdi ki, sonradan da bu tendensiyanı eyni keyfiyyətlə davam etdirdim. Elza İbrahimova, Emin Sabitoğlu, Ramiz Mirişli, Eldar Mansurov, Faiq Sücəddinov, demək olar, Azərbaycanda yazıb-yaradan bütün bəstəkarlarla çalışdım. Mindən artıq mahnının söz müəllifiyəm. Son zamanlar əziz dostum, gözəl bəstəkarımız Kamalla olan yaradıcılıq tandemim xüsusi diqqətə layiqdir. Çünki birlikdə əllidən çox mahnı yazmışıq və onlar hamısı dillər əzbəridir. Bu, milyonlarla dinləyicimiz üçün uğurlu bir iş birliyi oldu. O mahnılar vətən sərhədlərindən çox-çox kənarda səslənir.

– Baba müəllim, özünüzlə baş-başa qalanda hansı mahnını, melodiyanı zümzümə edirsiz?

– Mahnının dilindən, müəllifindən, millətindən asılı olmayaraq, ovqatıma görə ya hansısa mahnını ürəyimdə xatırlayıram, ya da zümzümə edirəm. Allah mənə normal səs verməyib, ona görə ürəyimdə oxuduğum mənim özümə çox xoş gəlir. Bir az ucadan oxumuram ki, ovqatım korlana bilər. Yəni başqalarının üzündə bir qeyri-adekvat reaksiya görsəm, o mənim də əhvalıma təsir edər. Bəzən görürsən, qürurlu vaxtlarımda, xüsusən də başqa millətlərin yanında xəyalımdan Kamalla yazdığım “Sən elə bir zirvəsən” mahnısı keçir. Çünki məmləkətimizin keçdiyi o əzablı yollar mənim gözümün qabağında olub. Mən bilirəm ki, Azərbaycan üçün hansı ssenari hazırlanmışdı. Ölkəmiz bölünmək üzrə idi. Ona görə də dostum Kamalla birgə həmişə Ulu öndər Heydər Əliyevin müstəsna obrazını yaratdığım üçün özümü xoşbəxt hesab etmişəm.

Bəzən “Səndən nigaranam” mahnısını dinləyirəm. Çünki mən, ümumiyyətlə, çox nigaran adamam. Bakıda yaşasam da, həmişə fikirləşirəm ki, kəndimizdə nə var, nə yox? Yağış yağırmı, qar yağırmı? O köhnə ata evində qalan balaca qardaşım necədi? Mənim kəndçilərim necə dolanır? Əzizlərim, valideynlərim uyuyan o kəndin qənşərindəki təpədəki məzarlıqda vəziyyət necədir?

Bəzən “Küçələrə su səpmişəm” mahnısını zümzümə edirəm... “Qəmərim” xalq mahnısı da tez-tez zümzümə elədiyim mahnılardandır... Elmira Rəhimovanın oxuduğu “Gün olar, gündüz olar” mahnısını zümzümə edirəm. Belə mahnılar çoxdur, xatırlamağım isə ovqatımla bağlıdır.

– Heç olubmu ki, mahnı bəstələnib, amma ifa sizin xoşunuza gəlməyib, razılaşmamısız?

Mahnı yaradıcılığının mətbəxi çox mürəkkəbdir. Hətta rus şairi Anna Axmatovanın təbirincə desək, çox çirkli bir mətbəxdir. Yəni estetik görünüşü xoşa gəlməyən bir mətbəxdir. Anna Axmatova demişdi ki, poeziya bilsəz hansı mətbəxdə, hansı çirkli bir yerdə yaranır, siz onu oxumaqdan bilmərrə əl çəkərsiniz. Mahnı yaradıcılığı da belədir. Amma bu, dinləyicini maraqlandırmır, ortaya gözəl bir məhsul çıxmalıdır. Mahnı mətbəxində çox qızğın proseslər gedir. Bəstəkar, şair, ifaçı, aranjemançı... Ağız deyəni qulaq eşitmir. Amma xoşbəxtlik ondadır ki, sonda dinləyiciyə gözəl bir əsər təqdim olunur. Mən həmişə demişəm ki, mahnıların taleyi də insan taleyi kimi bir şeydi. Bəzən bəstəkar, şair oturur, öz aləmlərində gözəl bir əsər yaradırlar və deyirlər ki, bu əsər artıq eşidilən kimi dillər əzbəri olacaq. Bir də görürsən ki, mahnı bir dəfə, iki dəfə, üç dəfə səsləndi, taleyi gətirmədi, unuduldu, rəfə qoyuldu. Amma bəzən heç uğur gözləmədiyin bir mahnı az bir müddətdə dillər əzbəri oldu. İnsan taleyi də belədir. Yəqin, bu, İlahidən gələn bir şeydir... Dünyanın fani olduğunu dərk etdiyim üçün heç kimin qəlbinə dəymək olmaz. Belə fikirləşirəm ki, kim hansı mahnını oxuyubsa, öz bacarığını, qabiliyyətini qoyub ora. Nə cür deyə bilərsən ki, sən yaxşı oxudun, sən pis oxudun. Ümumiyyətlə, mən elə bilirəm ki, sənətdə müqayisə çox qüsurlu bir şeydir. Hər kəs özünü oxuyur və yaxud özünü oxumur. Kor kişinin oğlundan Koroğlu olmağı tələb eləmək olmaz axı. Məsələn, bəstəkar Kamalla heç vaxt heç kimə tabu qoymuruq. Kim istəyir, oxusun... Biz mahnını yazdırırıq, artıq o, xalqın malı olur. Zaman özü hər şeyi ələyəcək.

– Baba Vəziroğlu ruhunu ən yaxşı hansı bəstəkar duyur?

– İş prinsiplərini iki bölümə ayırardım; sovet dönəmi, müstəqillik dövrümüz. Həyat elə gətirmişdi ki, sovet dönəmində bəstəkarlarımızın hamısı rus dilində təhsil almışdı. Bəstəkarlar o qədər də poeziyanın dərinliklərinin fərqində deyildilər. Ona görə də onlarla işləmək bir az çətin idi, axırı birtəhər yola gətirirdik ki, bu söz mütləq burda olmalıdır, bu ifadə işlənməlidi. O zaman bəstəkarlar deyirdilər ki, bu söz notdan qırağa çıxır. Təki sözün hecası notun hecası ilə düz gəlsin. Mətndə dağdan danışırsan, bağdan danışırsan, o qədər də onları maraqlandırmırdı. Düzdü, özləri milli idilər, amma dil sarıdan bir az korluq çəkirdilər. Neyləsinlər, rus məktəbində oxumuşdular. Amma şükür Allaha ki, bu gün bizim milli bəstəkarlıq məktəbimiz formalaşmaq üzrədir. Bəstəkarlarımız milli musiqi məktəbinin aparıcı simalarına çevrilirlər.

Çalışmışam ki, mahnının mətni həm də normal bir şeirə oxşasın. Rus deyimidir, mahnının mətnini melodiyadan çıxartmaq olmaz. Amma hərdən bu lazım olur. Mətni musiqidən ayırıb kənara qoyanda normal şeirə oxşamalıdır. Yəni bu prinsip məndə həmişə olub və çalışmışam ki, əməl edim. Artıq müstəqillik illərində bəstəkarlarla iş prinsipində sırf milli əsaslarla, poeziyanın dəyərlərini qorumaqla bağlı müxtəlif irəliləyişlər var. Bu gün poeziyanı çox dərindən duyan bəstəkarlarımız var. Bəstəkar Kamalı xüsusilə qeyd etməliyəm. O, poeziyanı çox gözəl bilir. Həmişə əlində bir şeir kitabı görərsən. Ramiz Rövşəni, Əli Kərimi oxuyur. Bəstəkar poeziyanı yaxşı bilirsə, poetik dilə yaxşı bələddirsə, o həmişə sözün keyfiyyətinə, öz musiqisinə fikir verəcək.

Eldar Mansurovu misal gətirə bilərəm. Məsələn, o, “Məndən bir də olmayacaq” şeirimə mahnı bəstələdi. Çoxları deyirdi ki, bu, eqoizmdir, necə yəni  “məndən bir də olmayacaq?” Sonralar müstəqillik dövründə bu mahnıya neçə-neçə nəzirə yazıldı. Amma Eldar Mansurov o mətni necə duydu və kamil bir sənət əsəri yaratdı.

Faiq Sücəddinovun, Cavanşir Quliyevin də söz duyumu mükəmməldir. Onların sözlərimə bəstələdiyi mahnıların mətnləri bunun bariz nümunəsidir.

– Bu yaxınlarda 70 illik yubileyiniz oldu. 70 yaşın təəssüratı necədi? Zamanın sürəti sizi təəssüfləndirmir ki?

– Heç bir təəssüratım yoxdur. Bu illər mənim üçün sadəcə rəqəmlərdir. Mən heç vaxt şan-şöhrət həvəskarı olmamışam. Həmişə ad günümü evdə qeyd etmişəm. Dostlar, qohumlar, kim bilirsə, gəlir, mən yediyim bir tikə çörəkdən o da kəsir. Bir az da hal əhli olan dostlar mənlə 50 qram tünd maye qəbul edir. Ad günlərimdə də həmişə məşhur frazam var. Çox vaxt o franzanı sitat gətirirəm. Mənim həyatdan çox cavan getmiş, gözəl bir dostum vardı, gözəl şair idi: Malik Fərrux. Onun məşhur bir şeiri var: “Bu gün ad günümdür, adi günümdü...” Bax, mən bütün ad günlərimi belə qarşılayıram, belə yola salıram və ad günüm də mənim adi günlərimdən biri olur. Dünən nə iş görürəmsə, bu gün də o işi görürəm. Sabah da o işi görəcəyəm. Bax belə...

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.