Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ayrı-ayrı psixoloqlar, sosioloqlar, alimlər illər uzunu liderlik təlimləri yaradıblar. Effektiv liderliyin universal stilinin müəyyənləşdirilməsinin bu cür ənənəvi konsepsiyaları dünya tarixinin inkişafında müəyyən rol oynayıblar, bu, istinasızdır. Bəsitdən mürəkkəbə, ibtidaidən aliyə təkmilləşən bu təhqiqatların öncə yarananlarında qeyd olunurdu ki, istənilən şəraitdən asılı olmayaraq lider müəyyən aparıcı xüsusiyyətlərə malik olmalıdır ki, məhz bunlar liderliyi şərtləndirməlidir. Sonrakı dövrdəki təlimlərdə isə daha çox şəraitin qiymətləndirilməsinə önəm verildi.
Liderlik – bir çox alimlərin təhqiqat obyekti olduğundan artıq bu gün liderlik problemlərinin öyrənilməsinin əsas teoretik yanaşmaları formalaşdırılmışdır.
Beləliklə, effektiv liderliyin ən vacib faktorlarının müəyyənləşməsi üçün 3 klassik metod mövcuddur: davranışa görə yanaşma, şəxsi keyfiyyətlər mövqeyindən yanaşma, şəraitə uyğun yanaşma.
Bu üç metoddan ən çox önəm veriləni davranış metodu hesab olunur. Liderliyin davranış əsası 2-ci Dünya muharibəsi ərəfəsindən başlayaraq ötən əsrin 60-cı illərinə qədər davam edib. Liderlik keyfiyyətlərinə davranış yanaşılmasının ən vacib fərqli cəhəti bu konsepsiyanın liderlərin xüsusi proqramlarla hazırlanmasını nəzərdə tutmasıdır. Davranış yanaşması konsepsiyalarının ən geniş yayılmışları bunlardır: ABŞ-ın Ohayo ştatı Universitetinin təhqiqatları, ABŞ-ın Miçiqan universitetinin təhqiqatları, Laykert idarəçilik sistemi, Bleyk və Moyton idarəçilik çərçivəsi, təltif və cəzalandırma konsepsiyası, liderliyin əvəzlənməsi konsepsiyası.
Təbii ki, bütün bu konsepsiyaların üzərində ayrı-ayrılıqda dayanmağımız qeyri-mümkündür, kitabımızın bütün səhifələri buna bəs etməz. Qısaca olaraq onu deyək ki, məhz davranış yanaşması hesabına hazırda çox aktual olan rəhbərlik stili kvalifikasiyası əsasları yaranıbdır ki, bu kvalifikasiya da əksəriyyətimizə yaxşı bəllidir: demokratik rəhbərlik, avtoritar və liberal rəhbərlik. Üstəlik, bu yanaşma hesabına davranış stilləri də müəyyənləşdirilib. Amma bu metodda şəxsin əsas götürülməsi, konkret şəraitə önəm verilməməsi qüsurlu yanaşma hesab olunur.
Şəxsi keyfiyyətlər mövqeyindən yanaşma metodu davranış metodundan da əvvəl yaranıb, daha çox öz bəsitliyi və sxematikliyi ilə seçilir. Bu metodda lider şəxsin uğur qazanmaq formulu onun ətrafdakı digər insanların malik olmadığı müsbət keyfiyyətlər toplusuna malik olması üstünlüyü hesab olunur. Ancaq hətta ən müsbət keyfiyyətlərə malik olsa belə, lider ola bilməyən insanların hansı səbəbdən mövcudluğuna, təbii ki, bu metod aydınlıq gətirə bilməz.
Bu metodların hər ikisi nəzərə almayıb ki, motivasiyanın bilavasitə liderliyin dualist təbiətinə aidiyyatı var, nəzərə alınmayıb ki, kim və necə pozision liderliyə, kim və necə prosesual liderliyə yüksələ bilər.
Amma, oxucularımın nəzərinə onu da çatdırmaq istəyirəm ki, hazırda bir çox böyük korporasiyalar, menecment təsisatları öz fəaliyyətində bu liderlik konsepsiyalarını əldə rəhbər tutmaqdadırlar.
Təşkilati səviyyədə liderlik təliminin ən uğurlusu liderin korporativ mədəniyyətin qurulmasında və idarəçiliyində rolunu nəzərə alan, habelə liderlik stilinin təşkilatın həyat nəbzinin döyünməsindən asılılığına önəm verən şəraitə uyğun yanaşma metodu hesab oluna bilər. Amma bu metodda da subyektivliyə istinad obyektivlikdən kənarlaşmaya səbəb olub. Xüsusən, qloballaşma şəraitində liderliyin milli stilinə maraq, təhqiqatların multikultural orientasiyaya yönəliliyi, irrasional komponentlərə istinad kimi faktorların nəzərə alınmaması bu metodun qüsuru hesab edilə bilər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)