Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən kənddə doğuldum, sənsə şəhərdə,
Sən beşikdə yatdın, mənsə yəhərdə.
Yatdım boz otlaqda boz dovşan kimi...
Gözümüz dünyaya açılan kimi
Mən çomaq götürdüm, sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm bir aləm...
Dolandı sənələr, dolandı aylar,
Gah dondu, gah coşdu, bulandı çaylar.
Zaman hökm elədi... Bir qərib axşam
Yolun məskənimə düşdü nagahan.
Səni oğul kimi o yerdə mənsiz
Bağrına basdımı ana kəndimiz?
Xoşuna gəldimi Kürün kənarı?
Gördünmü, gördünmü göy çinarları?
Görürəm, səfalı bir yaz axşamı
Çinarın dibinə yığışır hamı.
Bu saz məclisindən olanlar halı –
Kəndin ağsaqqalı, qarasaqqalı
Oraya toplanıb... Sən də bu axşam
Orda, uşaqların arasındasan.
Ortada vüqarla aşıq gəzişir,
Danışır arabir, deyir arabir.
Bir qoca yerindən səslənir bu an:
– Aşıq, bir nağıl de, səsinə qurban!
Hamı vəcdə gəlir... Bu məsləhəti
Bəyənib dəyişir aşıq söhbəti;
Bir dastan başlayır coşqun həvəslə,
Min yerdə xal vurur yanıqlı səslə.
Xalqın əzəməti, fikri, xəyalı,
Onun hissi, zövqü, ağlı, kamalı
Sanma bir qılıncda, bir hünərdədir,
Onlar bu sazlarda, bu sözlərdədir!..
Bu günün qəlbinə girmək istəsən,
Durduğun pillədən hələ bir az en.
En! Uçan alçalar, enən ucalar!
En! Yerin təkində xəzinələr var.
Demə, köhnə sözün mənası nədir?
Hər söz, anlayana bir qərinədir!..
Hər fikir mülkündə zərrin tac yatır,
Hər meyvə tumunda bir ağac yatır.
Hər kiçik bayatı xalqın səsidir,
Kamal dünyasının xəzinəsidir.
Bahar gecələri enib sahilə
Uçan ləpələrin səsini dinlə!
Gümüş dalğalarda Ay baxan zaman
Düşün, gör nə deyir çay axan zaman?
Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək.
Gətir ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini.
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar...
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Gətir, yollarına müntəzirəm mən!
Gətir, bu fürsəti vermə əlindən!
Ana yurdumuzun nəyi var gətir –
Məhəbbət, sədaqət, etibar gətir!..
Bu gün xalq şairi Osman Sarıvəllinin anım günüdür.
Osman Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Daha sonra təhsilini Moskva Dövlət Universitetinin Filologiya fakültəsində davam etdirib.
İlk ədəbi fəaliyyətinə 1933-cü ildə “Gənc işçi" qəzetində dərc olunan "Ayaqsız" adlı şeiri ilə başlayıb. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
O, eyni zamanda tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib.
Şair 1990-cı ildə iyulun 2-də vəfat edib və doğma kəndində dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.07.2024)