63 yaşlı model, Ümumdünya “Çox sağ ol” Günü, bir də şahmatçıların ölüm günü Featured

10-11 yanvarın təqvimi Varisin təqdimatında

 

10 yanvar

Özünəməxsus insanlar günü

Hər vaxtınız xeyir olsun! Bir göz qırpımında gəlib yeni həftəyə yetişdik. Və bu gün Özünəməxsus insanlar gününü qeyd edəcəyik.

Dünyada insanlar iki cür olur, adi, kütlənin tərkib hissəsi olanlar, bir də qeyri-adi, kütlədən fərqlənənlər. Unikal, qəribə, fitri istedadlı, dahi insanların günüdür bu gün, onlara diqqət yönəltmək günüdür. Əlbəttə böyük kəşflərə imza atmış alimlər, şedevrlər yaratmiş mədəniyyət xadimləri barədə çox deyilib, çox eşidilib. Ginnesin rekordlar kitabına düşmüş müəyyən sahələrdə xarüqələr yaradan istedadlar barədə də az eşitməmişik. Gəlin bu dəfə zəkası və istedadı ilə deyil, qəribəliyi ilə fərqlənənlərə də nəzər yetirək. Məsələn, dünyada cəmi 50 nəfər Ambras sindromu ilə yaşayır, onların üzləri də başları kimi saç örtüyünə bürünür. Bunlardan biri hindli Supatra Sasupfandır ki, cəmiyyət onu bacardıqca bu problemdən diskomfort yaşamağa qoymur, o, bu yaxınlarda ailə həyatı da qurub. Və yaxud, anadangəlmə əl və ayaqları olmayan insanlar vardır, Tetraameliya sindromundan əziyyət çəkən belələrindən biri – məşhur Nik Vuyçiçi yəqin tanıyırsınız. Özünün bu cür çətin durumuna baxmayaqraq o, motivasiya kouçu kimi milyonlarla insanda həyata sevgi aşılayır, mahnı oxuyur, kitablar yazır, xeyriyyəçilik edir. Əl və ayaqlarında hamıdakı kimi 20 deyil, 24 barmağı olan kubalı Yoandri Ernandes, bədənində 453 pirsinq gəzdirən alman Rudolf Buxqolts, elastik dərisi nə qədər istəsən dartılan, üzərinə hətta üç bokal pivə belə qoymaq mümkün olan sirk ulduzu Harri Terner, üç yüzə yaxın plastik əməliyyatlarla az qala hər yerini dəyişən və 63 yaşında hələ də model olaraq çalışan Sindi Cekson, gözündən göz yaşı əvəzinə qan axan qızcığaz - Marni Xarvi, “dağ sindromu” ilə yaşadığından simaca əsla yaşlaşmayan, 26 yaşında belə uşaq simasını qoruyub saxlayan, klublara girərkən, marketdən siqaret alarkən şəxsiyyət vəsiqəsini göstərməyə məcbur olan Xiomunq Şin belələrindəndir. Bu qəribə dünya bu cür qəribə insanlarla daha da qəribələşib.

Qara şokolad günü

Qara şokolad (bitter) tərkibində kakao miqdarı çox olan şokolad növüdür və ən faydalı qidalardan hesab edilir. Təsəvvür edin ki, 70-85% kakao miqdarına malik 100 qram şokoladda bir çox maddələr var: 11 qram qida lifi, gündəlik ehtiyacımız olan dəmirin 67, maqneziumun 58, manqanın 98, misin 89 faizi, böyük miqdarda potassium, fosfor, sink və selenium. Qara şokolad antioksidantlarla zəngindir. Hətta bəzi araşdırmalar bu növ şokoladın tərkibindəki antioksidantların meyvə və tərəvəzin tərkibindəki miqdardan çox olduğunu göstərir. Antioksidantlar insanı xərçəng, ürək-damar, Alzheimer xəstəliyi kimi bir çox ciddi təhlükələrdən qoruyur. Qara şokolad qan təzyiqini tənzimləyir. Hər gün acı şokolad yemək qanda xolesterolun miqdarını da kəskin şəkildə azaldır. Bu da daha aşağı ürək-damar xəstəlikləri ehtimalı deməkdir. Qara şokoladın tərkibindəki flavonol maddəsi dərini günəşin zərərverici təsirindən də müdafiə edir. Belə ki, şokolad üz dərisində qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır. Yüksək miqdarda kakao qan dövranını yaxşılaşdıraraq beynin daha rahat qidalanmasını da təmin edir, yaddaş probleminə və zehni proseslərə təsir göstərir.

Bax bu gün bu unikal qidanın günüdür, büdcəmiz hər gün şokolad yeməyə imkan verməsə də məhz bu gün gün tarixi 3000 il olan, Amerika qitəsində məskunlaşmış qədim tayfalar tərəfindən ilk dəfə qida kimi istifadə edilən, kakao ilə şəkərin qatışığından hazırlanan, dünyanın hər bir guşəsində sevilən  şokolad yeməliyik.

 

Ev bitkilərinə minnətdarlıq günü

Bu gün təqvimdə daha bir neçə bayram var, Ev bitkilərinə minnətdarlıq günü onlardan biridir. Bu günü təqvimə Gardeners Network şəbəkəsinin xahişi ilə salıblar, məqsəd insanlığa ev bitkiləri barədə zəruri bilgiləri çatdırmaqdadır. 

Uşaqlıqdan bizim evimizdə müxtəlif ev bitkiləri olub, eyvanda iri dibçəkdə, pəncərələr qarşısında isə kiçik dibçəklərdə. Bu gün də bu ailəvi ənənə davam edir. Ev bitkisi təkcə bəzək deyil, gözəlliyindən feyziyab olmaq, ətrindən bihuş olmaq üçün deyil, həm də faydalıdır, sağlamlığa dəstək verir, tənəffüsü asanlaşdırır. Bitkilərin havadakı karbondioksidi oksigenə çevirdiyini hər birimiz bilirik. Oksigen isə beynimiz və vücudumuzun hər bir guşəsi üçün xüsusi önəm daşıyır. 

2009-cu ildə elm belə bir müddəa da ortaya qoyub ki, məsələn, lavanda qoxusu stress halında insan nəbzinin döyüntüsünü sürətlə aşağı sala bilir.

Bitkilər canlı varlıq olduğundan psixoloqlar onldarın evlərə ruh gətirdiyini, insana müsbət əhval-ruhiyyə bəxş etdiyini də qeyd edirlər. Gəlin həqiqətən də bu gün evimizdəki bu yaşıl canlılara minnətdarlıq bildirək.

 

“Kim, nə, harada?”, BMT və Jeep

Bu veriliş bizlərdə çox sevilir, bizim də ayrıca öz Bilicilər klubumuz var. Söhbət müdrik bayquşun proqramından - “Kim, nə, harada?”dan gedir. 1975-ci ilin 8 yanvarında Sovet Televiziyası ilk dəfə bu proqramı efirə çıxarıb. Bu gün BMT-nin də özəl günüdür. 1946-cı ilin bu günündə Londonda, Vestminsterin Mərkəzi zalında BMT-nin Baş Assambleyasının ilk iclası keçirilib.

Bizdə bütün yolsuzluq avtomobillərinə cip deyilir, halbuki Jeep yolsuzluq avtomobillərinə aid bir markadır, 1942-ci ildə Ford Motor Company onun ilk ədədini konveyerdən buraxıb; ABŞ üçün 8 dekabr xüsusi önəm daşıyır, belə ki, 1901-ci ilin bu günündə Texasda neft quyusu fontan vuraraq ABŞ-dakı neft bumunun əsasını qoyub. Amma italyanlar üçün bu tarix qara tarixdir, eramızdan əvvəl 49-cu ildə Rubikon çayını keçməklə Yuliy Sezar Romaya yürüş edərək Roma respublikasını süquta uğradıb. Elə o vaxtdan “Rubikonu keçmək” ifadəsi termin kimi dillərə düşüb. 

 

Kimlər gəldi

Tez-tez mədəniyyət xəbərlərinin içində “Yarat” Müasir İncəsənət Məkanının adı hallanır, elitar rəsm sərgilərini təşkil edən bu qurumu rəssam Aida Mahmudova təsis edib, “Yarat”ı yaradan 1982-ci ilin bu günündə Bakı şəhərində anadan olub, bu gün yubileyidir, 40 illiyidir, təbrik edirik onu. 

1956-cı ilin 10 yanvarında Cəlilabadda dünyaya gələn gözəl müğənnimiz, xalq artisti Ağadadaş Ağayev xüsusən mənim tələbəlik illərimdə məşhur idi, hər yeni kasetini hamı səbirsizliklə gözləyirdi, statistika aparılsaydı onun “Qoy dolanım başına pərvanə tək” mahnısı 80-lərin sonları – 90-ların əvvəllərində bütün rekordları qırardı.

1954-cü ildə İsmayıllıda lirik şeirləri ilə qəlbləri oxşayan Baba Vəziroğlu dünyaya gəlib, o Baba Vəziroğlu ki, bu Ayrılıq himni də ona məxsusdur:

Nə söyləsəm saxlamaz göz yaşlarım Səni.
Hara getsən qoruyar baxışlarım Səni.
Haçan dönsən, onu bil, bagışlaram Səni…

Bu günə daha bir yubiley təsadüf edir, bu gün 1952-ci ildə Samux rayonunda anadan olan, hazırda iqtisadiyyat nazirinin müavini vəzifəsini daşıyan Sahib Ələkbərovun 70 illiyidir. Məni bir zamanlar komsomola keçirən Sahib müəllim indi daha çox ölkə prezidentinin köməkçisi Anar Ələkbərovun atası kimi tanınsa da Azərbaycanın iqtisadi-siyasi həyatında daim üzdə olub, seçilib. Onu da gəlin təbrik edək.

1945-ci ildə ingilislərin musiqi əfsanəsi, 70-ci illərdə ölkənin rok kralı sayılan Rod Stüart, 1938-ci ildə Amerika alimi, muasir proqramlaşdırmanın atası sayılan Donald Knut, elə həmin ildə “Gecələr bulaq başı”, “Yoxluğunu bilə-bilə” və “Ağlamasın salxım söyüd” kimi şedevr mahnılarla musiqi xəzinəmizi zənginləşdirmiş bəstəkar Elza İbrahimova dünyaya gəliblər. Davamı da var, 1936-cı ildə Amerika fiziki, mikrodalğalı kosmik şüalanmanın kəşfinə görə Nobel mükafatı almış Robert Vilson, 1929-cu ildə görkəmli dilçi-alimimiz, hazırkı latın qarafikalı əlifbamızın müəllifi Afad Qurbanov və ən nəhayət 1883-cü ilin bu günündə “Əzablı yollarla” romanı ilə məşhurlaşan, 3 dəfə Stalin mükafatı almış nadir şəxslərdən biri - rus yazıçısı Aleksey Tolstoy doğulub.

 

Kimlər getdi

2017-ci ilin bu günündə Honkonqda 105 yaşında əfsanəvi hərbi müxbir, İkinci dünya müharibəsi barədə ilk xəbəri yazmış Kler Qollinqvort, 1971-ci ilin bu günündə dünyaşöhrətli fransız kuturyesi, modanın əfsanəsi, “Tayms”ın 20-ci əsrin yüz ən nüfuzlu insanı siyahısında yer almış Koko Şanel, 1862-ci ildə Amerika sənayeçisi və silah konstruktoru, “kolt” revolverlərinin yaradıcısı Samuel Kolt, 1778-ci ildə isə isveçli mütəfəkkir, bitki və heyvanların tarixdə ilk təsnifatını vermiş Karl Linney dünyadan köçmüşlər.

 

11 yanvar

 

Ümumdünya “çox sağ ol” günü

World Thank you day! Təqvimdə daha bir tərbiyəedici, didaktik gün. Kiməsə sənə, qeyrisinə etdiyi yaxşılığa görə minnətdarlıq bildirmək çox vacibdir. Bizlər bunu “sağ” ol sözüylə ifadə edirik, “sağ” ol, yəni yaşa. Rusların işlətdiyi “spasibo” sözünün mənşəyi isə “spasi boq”, yəni “Allah, xilas elə” ifadəsindəndir.

“Çox sağ ol” sehirli qüvvəyə malik sözdür, onu işlədəndə xeyirxahını məmnun edir, xəsislik edib işlətməyəndə isə onu peşman edirsən. İndiki qəddar və zalım zamanda, onda ki, yaxşılıq edənlərin sayı durmadan azalır, altruistlər qəhətə çıxır, bu sehirli sözü işlətmək çox vacibdir. Gəlin, ürəkdən “sağ ol” deməyi öyrənək.

 

Dost sirləri günü

Qəribə təyinatı var bu günün. Ürəyində sirr kimi saxladığını bu gün dostunla bölüşürsən, o da sənin sirrini bilib nədəsə sənə köməklik lazım olarsa bunu əsirgəmir. Dost öz sirrini dostuna da açmayacaqsa bəs kimə açacaq ki? 

Amma sirri saxlamağa da xüsusi dözüm, iradə lazımdır, arzu edək ki, sizlərin sirr açdıqlarınız axırda Makedoniyalı İsgəndərin dəlləyinin gününə düşməsin. Rəvayətə görə, İsgəndərin başını qırxan dəlləyi onun buynuzu olduğundan xəbərdar imiş, bu sirri nə qədər içində saxlasa da bir dəfə dözə bilmir, gedib qamışlıqda “İsgəndərin buynuzu var, buynuzu” deyə bağıraraq ürəyini boşaldır. Ordakı qamışlıqdan ustalar qamış kəsib tütək qayırırmışlar, tezliklə bütün tütəklər “İsgəndərin buynuzu var, buynuzu” çağırırlar.

 

Yaponların motisi və amerikalıların teddisi

İnsanların ağıllarına nələr gəlməz ki. Budur, bu gün Gölməçədən su sıçratmaq günüdür. Bunu xoş əyləncə hesab edənlər düşünüblər ki, həqiqətən yağış gölməçəsinin suyunu sıçratmaq insanı şənləndirir.

Bu gün həm də “Morze əlifbası ilə öz adını öyrən” günüdür, çünki Samuel Morze ilk dəfə 1938-ci ilin bu günündə Morze əlifbasını nümayiş etdirib. Ukrayna və Rusiyada bu gün Milli Qoruqlar günüdür, Sovetdən qalan bu ənənə davam etdirilir, təbiətin ecazkarlığı və təkrarsızlığı öz flora və faunası ilə birgə qorunur. Kanada Ser Makdonalds gününü qeyd edəcək, Makdonalds Kanadanın ilk baş naziri olub. Alman almaları günüdür, mərakeşlilərin müstəqillik, tunislilərin uşaqları müdafiə günləridir. Nepalda birlik və bərabərlik festivalı, Yaponiyada Kaqami biraki festivalı başlayır. Birlik və bərabərliyi anladıq. Yaxşı, bu kaqami-biraki nədir bəs? Yaponların ən sevdiyi desert moti adlanır, düyü unundan hazırlanan bu yumru qoğal rəngbərəng olur, göz oxşayır, həm də çox dadlı olur. Demək, bu gün hamı moti bişirib bir-biri ilə paylaşmalıdır.

Bəs gözlərinə döndüyüm amerikalılar? Onların mətbəxə aid bayram keçirməyəcəklərini düşünürsünüz? Əsla elə deyil. Onlarda bu gün həm Milli isti toddi günüdür, həm də Milli süd günü. Əlbəttə ki, toddi sözü məşhurdur, yəqin ki eşitmisiniz, bu içkini likör (viski də olar), bal, limon və çayın qarışığından hazırlayırlar, qışda içilir, ən məşhur qüvvətləndiricilərdən sayılır.

 

Almaniyada 20-ci illərdə niyə nasizm yaranıb?

SSRİ kosmonavtikasının bu gün 60 yaşı tamam olur. 1962-cı ilin 10 yanvarında SSRİ-də Kosmonavt Hazırlığı Mərkəzi fəaliyyətə başlayıb; Versal müqaviləsi ilə 1-ci dünya müharibəsində məğlubiyyəti rəsmiləşən Almaniya Avropa dövlətlərinə ömürlük təzminat vermək boyunduruğunda ikən 1923-cü ilin 10 yanvarında vergi ödəyə bilməyib deyə Fransa və Belçika ordusu kömür hasilatının 70 faizini verən Rur vilayətini işğal ediblər (ümumən, bütün güclər o zaman almanların əleyhinə birləşmişdilər); 1922-ci ildə 14 yaşlı kanadalı Leonard Tompson insulinin köməyi ilə diabet ölümündən qurtulan ilk kəs kimi tarixə düşüb; 1775-ci ildə ABŞ-da ilk dəfə yəhudi dövlət qulluğuna gətirilib. Bu, Cənubi Karolinada Frensis Salvadorla baş verib; İtaliya bu gün də keçmişini matəmlə qeyd edəcək. 1693-cü ilin 10 yanvarında Siciliyada püskürən Etna vulkanı 60 min insanın ölümünə səbəb olub.

 

Mustafa Sandaldan Andrey Malaxova qədər

2009-cu ilin bu günündə vaxtı ilə Bakı meri olmuş Rəfael Allahverdiyev dünyadan köçüb. İmanımı yandıra bilmərəm, deyilənə görə, pis adam olmayıb. 2008-ci ilin bu günündə Yeni Zelandiyalı tədqiqatçı və alpinist, tarixə Everesti ilk dəfə fəth eləyən adam kimi düşmüş Edmund Xilları haqq dünyasına qovuşub. 

1970-ci ilin bu günündə “Suç bende”si, “Araba”sı, “İştə”si ilə pərəstişkarlarını məmnun edən türkiyəli müğənni Mustafa Sandal doğulub.

Bu gün həm məşhur Amerika kinoaktrisası Amanda Pit (“Sevgidən artıq sevgi” filmində yaratdığı obraz heç unudularmı?), həm də məşhur rus telejurnalisti Andrey Malaxov (“Qoy danışsınlar” tok-şousunu yəni izləməyən var?) özlərinin 50 illik yubileylərini qeyd edəcəklər.

Bakıdakı “Rus evi”nin rəhbəri var, milliyyətcə tatar İrek Zinnurov. Olduqca maraqlı insandır, su polosu üzrə Olimpiya mükafatçısıdır. Azərbaycana böyük sevgi bəsləyəndir. Siyasi post tutsa da, Dövlət Dumasının deputatı olsa da vaxt tapan kimi ödənişsiz qrup yaradaraq uşaqlarımıza su polosunun sirlərini öyrədir. Bu gün onun 53 yaşı tamam olur, təbrik edək onu.

1938-ci ilin bu günündə AFFA-nın ilk prezidenti kimi tarixə düşmüş Fuad Musayev doğulub. Yeni qurulan AFFA indiki kimi deyildi, həqiqətən futbolun uğrunda mücadilə aparırdılar o vaxtkı AFFA məmurları, harda bir istedadlı uşaq görürdülərsə küçədən götürüb yaşıl meydançaya salırdılar. Futbolumuz barədə danışanda göz yaşı silməyə dəsmal tapılmır deyə ağlamaqdan vaz keçib növbəti mövzuya adlayıram. 1843-cü ilin 11 yanvarında ABŞ himninin müəllifi, şair Frensis Skot Ki dünyasını dəyişib. Və ən nəhayət, 1755-ci ilin 11 yanvarında Aleksandr Hamilton – ABŞ-ın qurucularından biri, ölkənin ilk xəzinədarlıq katibi dünyaya gəlib.

 

Iki məşhur şahmatçını aparan gün

Şahmatla maraqlananlar alman şahmatçısı Emanuel Laskerin adını çox eşidiblər. O, 27 il şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlamaqla tarixə düşüb. Laskerin qabağına çıxmağa o dövrdə handa adamın cürəti çatmazdı. 1941-ci ilin 11 yanvar günü bu böyük şahmatçının dünyadan köçdüyü  gündür.

Azərbaycan şahmatsevərləri üçünsə bu 11 yanvar tarixi fenomenal bir gənc şahmatçımızın – Planetin 1-ci Qran-pri turnirinin qızıl mükafatçısı, Avropa çempionu, qroystmeyster Vüqar Həşimovun itkisi ilə yaddaşlarda qalıb. Həm böyük şahmatda, həm rapiddə, həm blitsdə, həm gözübağlı oynamaq üzrə rəqib tanımayan Vüqar cəmi 28 il yaşayıb, amma bir ömür xatirə qoyub. Allah ona rəhmət eləsin.

Bilirsiniz, həyat bəzən çox sərt, çox qəddar olur, ölmək istəyənə toxunmur, yaşamaqdan doya bilməyənə qıyır. 

Həyat nəyi necə eləmək barədə əksərən doğru qərar verə bilmir əfsus ki.∂

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.