Daşla fala baxmaq, Tağı Əhmədovun günü, bir də Azərbaycan SSR-in ən gözəl xanımı Featured

7-8  yanvarın təqvimi Varisin təqdimatında

 

7 yanvar.

Milad bayramı

Hər vaxtınız xeyir! Bu gün xristian dünyasının ən böyük bayramı – Milad günüdür, iki min ildir ki, insanlığın mübahisə, hipotez, güman içində müzakirə etdiyi, elmi dəlillərə və tarixi sənədlərə istinadən ortaya qoyduğu – insanın təbiət tərəfindən deyil, ilahi varlıq tərəfindən yaranması bilgisi ilə yanaşı, İsa Məsihin gerçək doğum tarixinin dəqiqləşdirilməsi də bəşər tarixində əhəmiyyətli rol oynamaqdadır. İsa Məsihin – İsus Xristosun doğum gününü Milad bayramı adı altında qeyd edən xristianlar bu doğuluşu insanlıq tarixindəki ən cahanşümül hadisə hesab edirlər, il ərzində bütün yığılıb qalan suallarını məhz bu gün Allaha yönəltməyi, il ərzində etmədikləri duaları məhz bu gün etməyi lazım bilirlər. Onlar əmindirlər ki, məhz bu müqəddəs gündə ulu Yaradan onları eşidəcək. Bu gün – e.ə.1-ci əsrdə dünyaya gəlmiş İsus Xristosun doğum günündə xristian inanclarına görə Yaradan öz dərgahının qapılarını insanlar üçün açıq saxlayır, onları dinləyir, dərdlərinə əlac edir. Axı xristian dinində İsa peyğəmbər Allahın oğludur, Allah onu insanlığın xilası naminə dünyaya gətirib.

Biz ölkəmizdə yaşayan bütün xristianları Milad bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

Daşlaşma günü

Beynəlxalq təqvim bu sayaq qeyri-adi bayramlardan da xali deyil. Daşlaşma günündə insanlar müxtəlif ölçülü, rəngli, quruluşlu daşlar yığırlar. Xüsusən uşaqlıqda dəniz kənarında daş yığmaq məşğuliyyətimiz yadımızdadır, sən demə, bunu böyüyəndə də, özü də məhz 7 yanvar günündə etmək olarmış. Mistik inanclara görə insan tapdığı daşlarda öz gələcək həyatını görə bilir. Tünd rəngli və açıq rəngli, hamar və çopur səthli daşların hər birinin öz məna yükü var. Müvafiq olaraq, qara gün və ağ gün, rahat və rahatsız həyat anlamındadır bunlar. Eləcə də rastına çıxmış birrəng və çoxrəng daşların da öz açmaları var. Səthində heç bir çalar, xətt, dairə və sair olmadan tam bir rəng bərqərar olan daş qısa ömürdən, əksi isə uzun ömürdən xəbər verir.

Pioner günü, Yeddi ot festivalı

7 yanvarda katolik ölkələrində Distaff günü qeyd edilir. Bu, bayrama təsadüf edən istirahət günlərindən sonra iş rejiminə qayıtmağı özündə ehtiva edir. İtaliyada bu gün Festa del Tricolore günüdür, açması – bayraq günüdür. Liberiyada pioner, Kambocada qələbə, bədxah qonşularımızda isə ölənlərin xatirəsi günüdür. Təbii ki, onlar torpaqlarımızı işğal edib orada qan tökərkən özləri cəhənnəmə vasil olan döyüşçülərini də şam yandırıb yad edəcək, timsah göz yaşı axıdacaqlar. Gorbagor olsunlar!

Bu gün Yaponiyada sağlamlığa dəlalət edən yeddi ot festivalı başlayacaqdır. Xalq təbabətinə, şəfalı otlara, dəniz məhsullarına bağlanmaları yaponları təsadüfi deyil ki, dünyanın ən uzunömürlü xalqı etməkdədir. Amerikalılar isə xüsusən artıq çəkidən əziyyət çəkirlər, onlar təqvimin az qala hər bir günündə bir mətbəx bayramı keçirir, ənənəyə sadiq qalıb hamin günün qayda-qanunlarına riayət edirlər. Bu gün də Milli tempura günüdür onlarda. Tempura çox faydalı qıdadır, belə ki, onların mətbəxinə yaponlardan gəlib, balıq, tərəvəz və dəniz məhsullarının miksidir, klyarda hazırlanır.

Tanınmış akademik Mirəli Qaşqayın 115 illiyi

“Böyük azərbaycanlı” adlandıra biləcəyimiz bir şəxsdir Mirəli Qaşqay. 1907-ci ildə Gəncədə doğulub, 1942-ci ildə "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasına görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb. Sonra müharibədə müsəlləh əsgərə dönüb, “Qafqazın müdafiəsinə görə”, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilib.

O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf edib. O, respublikada 220-yə qədər mineral və termal mənbələrin olduğu müəyyən edib. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas verib. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində o, Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik edərək böyük bir məktəb yaradıb, rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilib. O, 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.

SSRİ-nin ən nüfuzlu “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, “Oktyabr İnqilabı” ordenləri və medallarla təltif olunan Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib, 1-ci Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!

Kilintonla Levinskinin ildönümü

2015-ci ilin 7 yanvarında Parisdə islam terrorçuları “Charlie Ebdo” satirik jurnalının redaksiyasına basqın edib 12 nəfəri güllələyiblər. Bu gün dünya bu hadisəni xatırlayıb islam dininə növbəti həqarətini yaxacaq, halbuki, həmin hadisə heç də boşuna baş verməmişdi, həmin jurnal islam dinini təhqir edən karikaturalar dərc etmişdi. 1999-cu ilin bu günündə ABŞ prezidenti Bill Klintonun Monika Levinski ilə “kişi-qadın münasibətlərində ifratçılığa yol verməsi” səbəbindən impiçmenti məsələsi üzrə dinlənilmələr başlayıb. 1992-ci ildə AT & T telefon kompaniyası tarixin ilk videotelefonunu istehsala buraxıb. Qiyməti 1499 dollar olub. 1979-cu ildə sovetin köməyi ilə Vyetnam qoşunları Kombodcada Pol Pot rejimini deviriblər. 1949-cu ildə ABŞ-ın Cənubi Kaliforniya Universiteti ilk dəfə genlərin fotosunu əldə etməsi barədə elan verib. 

Yadınızdadır, Sovet dövründə üçbucaq karton paketlərdə süd satılırdı? 1929-cu ildə Nyu-Yorkda ilk dəfə üçbucaq karton paketlərdə süd satmağa başlayıblar. “Tarzan” filmi vaxtında çox sevilib, tarixin ilk macəra komiksi sayilir, o, ilk dəfə ekrana 1929-cu ilin bu günüdə çıxıb. 1924-cü ildə Odessada – Milad yarmarkası zamanı yerli millətçilər tərəfindən yəhudilərə qarşı qətliam həyata keçirilib. 1887-ci ildə amerikalı Tomas Stivens tarixdə ilk velosipedlə dünya səyahətinə çıxıb. 1610-cu ildə Qalileo Qaliley Yupiterin ilk peyklərini kəşf edib. 

Eden Hazarddan Rafiq Əlizadəyəcən

Bu gün, İsa Məsihlə eyni gündə dünyaya gələnlərə gəlincə, 1991-ci ildə zəmanəmizin ən yaxşı futbolçularından biri sayılan belçikalı Eden Hazard, 1979-cu ildə “Çölçü” sosial klubunun yaradıcısı, çox istedadlı və təkrarsız azərbaycanlı Eltən Qədimbəyli, 1964-cü ildə məşhur amerikalı kinoaktyor, rejissor və prodüsser Nikolas Keydc, 1954-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (harada soruşdunuz, cavab verdim ki, Şəmkirdə), 1834-cü ildə alman fiziki, telefonu kəşf etmiş İoqann Reys, 1501-ci ildə Roma Papalarından ən məşhuru, Qriqorian təqvimini tətbiq eləyən 13-cü Qriqoriy doğulublar.

Bu gün dünyadan köçənlərə gəlincə, ötən ilin bu günündə Azərbaycan futbolçusu, bir vaxtlar “Neftçi”də oynayarkən hamının “penalti” təxəllüsünü vermiş Rafiq Əlizadə dünyadan köçüb. 1999-cu ilin bu günündə Azərbaycan ədəbiyyatının iki tanınmış nümayəndəsi - yazıçı Çingiz Ələkbərzadə 62, şair Rəfiq Zəka Xəndan isə 60 yaşında vaxtsız vəfat ediblər. “Tesla” sözü indi çox məşhurdur. İlon Maskın enerjiylə işləyən avtomobillərinə qoyulmuş bu adın bəs mənşəyi nədir? 1943-cü ilin 7 yanvarında serb və amerikalı fizik, ixtiraçı, sabit cərəyanı, yarımfaza sistemini və elektrik mühərrikini kəşf etmiş Nikolas Tesla dünyadan köçüb, bax bu həmin o Tesladır.

8 yanvar

Metro günü

Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır. 

Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.

Metro sözünü işlədəndə nədənsə hər bir azərbaycanlı üçün bu sözün sinonimi kimi Tağı Əhmədovun da adı xatırlanır. Görəniniz olsa, onu da metro günü münasibəti ilə təbrik edin. Nə olsun ki, eksdir. Axtarsan, bəlkə də hər stansiyanın divarına, hər qatar vaqonunun oturacağına onun – Bakı metropoliteninə 16 il krallıq etmiş şəxsin adı cızılıb.

Arqayl günü

Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.

Yer kürəsinin fırlanması günü

Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb. 

İşdə gözəllik və poeziya günü

Deyim ki, çox romantik bir bayramdır. Bu cümə günündə iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm. 

Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?

“Zolotoy klyuçik”

Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar  sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi? 

Azərbaycan SSR-in ən gözəl xanımı

Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş. 

1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır. 

1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.

Və ən nəhayət...

Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.