Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Necə zəngin olmaq olar? Təbii ki, bu sual hamını maraqlandırır. Kasıb varlanmaq, varlı daha varlı olmaq istəyir. Biri də var, milyoner, milyarder olasan. Əslində, birdən-birə kapitalını xeyli yüksəltmək sırf təsadüflərdən asılı olur.
Mən sizə bir hadisə barədə danışmaq istəyirəm. 2015-ci il. 1 dollar 0,78 manatdır. Dubayda yaşayan bir şəxs Bakıdakı tanışına 1 milyon dollar yollayır ki, onun 780 min manatlıq borcunu ödəsin. Tanışının başı ailə işlərinə qarışır, iki gün bu işi icra edə bilmir. Üçüncü gün isə yuxudan duranda eşidir ki, dollar bahalaşıb, artıq 1 dollar 1,5 manat olub. Dərhal beynində necə hərəkət edəcəyinin sxemini qurur. Dubaydakı zəng edib pulu ödəyib ödəmədiyinini soruşunca “hələ ödəməmişəm, rəhmətə gedəniz oldu, başım qarışdı” deyir. Təbii ki. Yalandan “ödəmişəm” desə qarşı tərəf bunu yoxlaya bilər. Amma ardınca da deyir ki, elə həmin gün pulu manata çevirmişəm, 780 mini sabah ödəyəsiyəm.
O, 520 min dollar 780 min manatı alıb borc yiyəsinə verir, 480 min manatı isə qoyur başının altına. Nə yuğurdum, nə yapdım, hazırca kökə tapdım bax budur.
Pandemiya dövrü də çox sayda insana hazır kökə bəxş etdi. 2020-ci il gözlənilməzliklərlə dolu oldu. Dünyanın varlılar siyahısı yetərincə zənginləşdi. 573 yeni milyarder peyda oldu, bu, hər 30 saatda yeni milyarderin peyda olması deməkdir. Elə həmin il isə dünyada eyni sürətlə 263 milyon insan həddindən artıq yoxsulluğa qərq oldu. Bu barədə Oxfam International şirkətinin icraçı direktoru Gabriela Bucher Davos Forumunda bildirmişdi. Beynəlxalq Xeyriyyə Təşkilatının rəhbəri hesab edir ki, cəmiyyətin aşağı təbəqələrini dəstəkləmək üçün zənginləri vergiyə cəlb etmək vaxtıdır.
Gabriela Bucher Davosda söyləyirdi:
-Biz bütün bu problemləri, müxtəlif səviyyələrdə baş verən bu böhranları görürük, bu, qarşısıalınmaz görünə bilər, amma ümid də var, çünki pul var. Yalnız o, ədalətsiz paylanıbdır. Deməli, bu bərabərsizliyi azalda biləcək tədbirlər var. Məsələn, aşağı faizlə vergitutma, biz 2% - ə çatan milyonerlər üçün vergini 5%-ə qaldıra bilərik. Bunun sayəsində bu dərin sosial problemləri həll etmək üçün kifayət qədər pul toplaya bilərik.
Daha əvvəl, dünyanın müxtəlif yerindən 150 milyonçu zənginlərə vergilərin artırılması yolu ilə həyat dəyərini böhrandan qurtarmaq çağırışı ilə İqtisadi Forum nümayəndələrinə açıq məktub göndərmişdi, onlar kasıbı varlının hesabına xilas etməyi məqsədyönlü saymışdı.
Onların bəziləri Davosa gəlmişdilər və orada sol fəallarla birlikdə etiraz aksiyasında da iştirak etmişdilər. Amma çi fayda. Zənginlər daha da zənginləşməkdə ikən yoxsullar da daha da yoxsullaşmaqdadırlar. Belə olduqda ümid orta təbəqənin yuxarıdakılaramı, aşağıdakılaramı doğru meyillənməsinədir.
Bu isə ayrıca söhbət mövzusudur.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)