Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İllər öncə qəzetlərdən birində diqqətimi bir yazı cəlb etmişdi, «Mütəxəssislər uğur formulasını müəyyənləşdirdilər» başlıqlı bu yazını dərhal, böyük maraqla oxumuş və kəsib saxlamışdım. İndi də bu saralmış qəzet parçası özündə çox qiymətli məlumatları qoruyub-saxlayaraq kabinetimdəki qovluqlardan birində uyumaqdadır.
Araşdırma mövzusu “Niyə heç bir əziyyət çəkmədiyi halda birinin üzünə bəxtin gülməsi, digərinin isə bütün çabalara, cəhdlərə baxmayaraq daim uğursuzluğa tuş gəlməsi» idi. «Bu ədalətsizlik haradandır?» sualına qəzet Böyük Britaniyanın Xertfordşir universitetinin professoru Riçard Vaysmanın sayəsində cavab vermək istəyirdi.
Demək, mütəxəssis uğurun sirlərini tapmaq üçün bütün dünya üzrə min nəfərdən artıq bəxtigətirən respondent arasında sorğu keçirib, topladığı materialı illər ərzində təhqiq edib. Nəticədə riyazi düsturu U=X+S+Ö şəklində olan uğur formulası yaranıb.
Burada U – şəxsi uğur; X – şəxsiyyətin xarakteristikası (o cümlədən ətrafdakılarla uyğunlaşa bilmək, psixoloji çeviklik, həyat mövqeyi); S – sağlamlıq, yaxşı maddi vəziyyət, yaxşı dostların mövcudluğu; Ö – özünəinam, özünəhörmət və yumor hissidir.
Amma bu, hələ hamısı deyil. Alim müəyyənləşdirib ki, uğur – yalnız hadisələrin müsbət cərəyanı demək deyildir, həm də insanın bunlardan istifadəsinə hazır olmasıdır, təklif olunan situasiyanın çərçivəsindən çıxmaq bacarığıdır, bir növ, şüurun genişlənməsidir.
Riçard Vaysman nisbilik nəzəriyyəsi və kvant mexanikası prinsiplərini əsas götürərək növbəti dəfə bir dəstə bəxtigətirən və bir dəstə özünü bəxtsiz hesab edən adamlar arasında eksperiment keçirib. O, həmin şəxslərə xüsusi olaraq bu eksperiment üçün çap olunmuş olduqca qalın bir qəzet verib və oradakı şəkillərin dəqiq sayını tapmağı tapşırıb.
Vaysman səhifələrin birində səhifənin yarısını tutmuş, olduqca böyük hərflərlə yazılmış belə bir elan da yerləşdiribmiş: «Sizi sınağa çəkən şəxsə – Mister Vaysmana söyləyin ki, bu elanı gördünüz. Şərtə görə, kim bu elanı görübsə, ona 250 funt-sterlinq mükafat veriləcək. Buyurun, ondan 250 funt- sterlinqlik mükafatınızı alın». Təsəvvür edin ki, sınağa bəxtigətirməyən kimi qatılmış insanlardan heç biri bu elana diqqət yetirmədən, ciddi-cəhdlə şəkilləri sayıbmış.
Qəzet yazmışdı: «Bu insanların uğursuzluğunun səbəbləri elə özləridir. Adətən, belə insanlar gərgin, əsəbi, özünə inamsız və kompleksli olurlar. Və onların daxili narahatçılığı yeni, fayda gətirə biləcək nəyisə görmək qabiliyyətini bloklayır, imkan vermir ki, öz intuisiyalarını dinləsinlər».
Riçard Vaysmana görə uğur qazanmaq üçün mütləq 3 mərhələni keçmək lazımdır:
1. Xoşbəxtliyə gedən yolda ilk addım özünün özünə söyləməyindir: «Həyatın var-dövləti sonsuzdur, özü də hamını təmin edəcək qədərdir. Mütləq orada rastımıza yüksək əmək haqlı iş yerləri, gözəl xanımlar (yaxud əliaçıq bəylər), yaxşı dostlar çıxacaqlar. Sadəcə, gözlərimizi daha geniş açmalıyıq ki, uğuru görə bilək».
2. İkinci addım həyata ağır sınaqlar mənbəyi deyil, macəra kimi baxmaqdır. Həyatdan yalnız sevinc və təltiflər gözlənilməlidir, qəfildən qarşına çıxan çətinliyi isə bu çətinlikdən çıxmaqçün düzgün qərar verib bundan məmnun olmaq naminə bir çağırış hesab etmək lazımdır.
3. Nəhayət, üçüncü addım özünə inam aşılamaqdır ki, yaşanan hər gün dörd tərəfində böyük imkanların yaranması deməkdir – sadəcə bununçün bütün qapıları usanmadan, yorulmadan döymək lazımdır. Mütləq sizə qapılardan ən azı birini açacaqlar.
Və qəzet son olaraq oxucularına bir redaksiya məsləhəti də vermişdi: «Siz vəzifəlisinizsə uğur qazanan, bəxti gətirən şəxsləri işə götürə bilərsiniz, yox sıravi adamsınızsa, belə bir şəxslərlə dostluq edə bilərsiniz. Onların uğur enerjisi sizə də keçəcək. Belələri yaxşı ideyalar irəli sürəcək, nəhəng planlar quracaq, sərfəli təkliflər tapacaqlar. Onların energisi sizi də uğura yönəldəcək».
Bax bu da oxucularım üçün daha bir tövsiyə: Qaramat basmış adamlardan, bədbin və uğursuzlardan kənar gəzib işıqlı, uğurlu insanlara yaxınlaşın. Qoy onların həyat işığı sizə də nur saçsın.
“Ədəbiyyat və incəsənət”
(31.05.2024)