Günün təqvimi Varisin təqdimatında
Hər vaxtınız xeyir. Tarixi və əlamətdar hadisələrlə çox zəngin olan bir günə qədəm qoyuruq.
6 yanvar
Ümumdünya müharibədə yetim qalmış uşaqlar günü
Bu günün təqvimə salınması Fransanın SOS Enfrans en Destresses təşkilatının sayəsində baş tutub. Hər bir müharibə yüz minlərlə, milyonlarla can alır, üstəlik, yüz minlərlə, milyonlarla uşağı da yetim qoyur. Sovetlər dönəmində biz Böyük Vətən Müharibəsi adlandırılan İkinci dünya müharibəsində valideyinlərini itirmiş kimsəsiz və sərkərdan uşaqlar barədə kitablar oxuyar, filmlərə baxar, təsirlənərdik. Amma Qarabağ müharibəsi bizə bu səhnələri daha real göstərdi, hazırda ölkəmizdə şəhid övladları mövzusu çox aktualdır. Onlar hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Bu gün onlar xüsusən diqqət mərkəzində olmalıdırlar. Atası müharibədə şəhid olan hər bir uşaq arxasında Azərbaycan dövlətinin, Azərbaycan xalqının dayandığını hiss etməlidir.
Qucaqlaşma günü
Təqvim başbilənləri buyurur ki, bu gün qucaqlaşmaq lazımdır. Xüsusən, bir-birinə doğmalıq, sevgi, simpatiya hissi bəsləsələr belə cari işlərin çoxluğundan, yaxud məsafə baxımından qucaqlaşmağa təşnə ola-ola qucaqlaşa bilməyənlər üçündür bu gün. Bütün işlər, bütün məsafələr bu gün aradan çıxarılmalıdır, qucaqlaşmağa bəhanə qalmamalıdır.
Əslində, yaxşı təşəbbüsdür, nəyi pisdir ki?
Uşaqları necə tərbiyələndirmək resepti
Bəzən valideyinlər uşaqların tərbiyəsində çətinlik çəkir, uşaqları necə stimullaşdırmağın yolunu bilmirlər. Gəlin italyanların təcrübəsinə nəzər yetirək. İtaliyada bu gün La Befana günüdür. Xalq folklorunda Befana adlı xoşsima bir qadın var, Milad günü ərəfəsində - 6 yanvarda ev-ev gəzib valideyinlərdən soruşaraq yaxşı uşaqlara konfet və hədiyyələr, pis uşaqlara isə kömür parçası hədiyyə edir. Və bu münasibətlə də hər ilin bu günündə İtaliyada Befana günü qeyd edilir, valideyinlər uşaqlarını özlərini necə aparmaları barədə məlumatlandırıb, onlara Befananın adından hədiyyə, yaxud kömür parçası verirlər, uşaqların da təltifdən sevinəni il ərzində bir az da yaxşı olmağa çalışır, pərt olanı da növbəti zaman kəsimində düzəlməyə cəhd edir.
Alma günü
Hansısa xristian pritçasında sehirli qüvvələr 6 yanvar günündə insanlara ruzi-bərəkət rəmzi kimi alma ağacını hədiyyə etmişlər. İnanca görə alma ağacının bu gün əkilməsi bol məhsul gətirir. Ona görə də bu gün Alma günü kimi təqvimlərə salınaraq qeyd edilir. Biz bu mövzuda çox kompitentik, belə ki, dünyanın ən unikal alma diyarı – Quba bizə aiddir. Bu günü, daha çox haqqımız çatsa da qeyd etməsək belə, gəlin ən azı kasıb büdcəsindən mer-meyvəni bilmərrə çıxaran ailələrdəki uşaqlara bir alma alıb verək. Bu gün “Qubanın ağ alması” mahnısını zümzümə etmək də yerinə düşər.
Dini bayramlar günü
Bu gün müxtəlif xalqlarda müxtəlif dini bayramlar qeyd edilir. Xristianların Müqəddəs Soçelnik gecəsi bu gecəyə təsadüf edir, onların ən əsas dini bayramlarındandır bu. Lap biz Novruzda elədiyimiz kimi, onlar da bu gecə arzu tutacaq, səhərədək Allaha dua edəcək, xüsusi bişmiş dadacaqlar. Bayramın adı da məhz bu qidanın adından götürülüb, soçivo – buğdanın xaş-xaşla bişirilməsidir.
Xristian dünyasının bu günə təsadüf edən daha bir bayramı Üç Kral bayramıdır, İspaniya, Almaniya, Polşa, Çexiya və Andorranın katolik və protestant konfessiyalarında qeyd edilən bu bayram Milad bayramının tərkib hissəsidir, şənlənmə, zarafatlaşma, yeyib-içmə təlqin edir. İslandlar və isveçlilər isə 13-cü gecə bayramını qeyd edəcəklər, Miladın bu son 13-cü gecəsində tonqal qalayıb ətrafına yığışacaqlar.
Bədxah qonşularımızın təqvimlərində də bu gün qara gəlmiş bayramdır, Erməni Apostol Kilsəsi Milad bayramını bu gün qeyd edəcək.
Ulduzlar da bu axşam səndən danışdı...
Bu gün Latviyada Ulduzlu gün qeyd ediləcək. Zvaigznes diena adlı bu gündə insanlar mütləq gücə ulduzlara baxıb müdrik diləklər diləyəcəklər. Əsatirə görə, 6 yanvar gecəsi Uç Müdrik ulduzların göstərdiyi yolla gedib Vifleemə çıxıblar.
Meksikada bu gün tibb bacısı, İraqda silahlı qüvvələr, Almaniyada Volxvov piroqu günüdür. Almanlar qidaya aid bayram keçirməklə amerikalıların kurasiyasında olan bir sahəyə müdaxilə etsələr belə amerikalılar da öz amplualarındadırlar, bu gün onlarda iki mətbəx bayramı qeyd edilir: Milli şəkərli peçenye günü və Milli paxlalı bitkilər günü.
Qoşa nə isələr
2015-ci ilin bu günündə Litva öz ərazisində RTR Planeta, Ren TV və NTV-Mir kimi üç Rusiya telekanalının yayımını qadağan edib. Buna səbəb bu kanalların Ukrayna hadisələrini təhrif etmələri göstərilib. Düzü, mən həmişə pribaltlara qibtə eləmişəm. Bir baxın, Ukraynaya görə rus telekanallarına “get” deyirlər, bizsə hətta özümüzə görə bunu etmirik, bütün günü ermənipərəst mövqe tutub bizə iftira atan, həqarət nümayiş etdirən rus telekanallarına “getmə gözümdən, gedərəm özümdən” deyirik. Nə isə.
1978-ci ilin bu günündə ABŞ Macarıstanın təkidi ilə macarlara onların milli sərvəti, milli atributu sayılan Müqəddəs İştvanın tacını geri qaytarıb. Bu qiymətli əşyanı amerikalılar İkinci dünya müharibəsi zamanı ələ keçirmişdilər. İcazə verin yenə gileylənim. Bizim nə qədər milli mədəni sərvətimiz var, qədim kitabələr, qiymətli əntiq əşyalar, xalçalar, rəsm əsərləri, bunlar o yana, Gəncənin qədim qala qapıları var, onlar xarici ölkələrin muzeylərini bəzəyir, birini geri almağa təşəbbüs göstərmirik, göstərəndə də bunu elə edirik ki, nəticəsiz qalır. Amerika o yana, adicə gürcüdən öz haqqımızı geri ala bilmirik. Yenə nə isə.
Andrey Yakuboviçi tanıyırsınız da, “Pole çudes” verilişinin aparıcısı, “Azərsun” holdinq ona “Azərçay” reklamına görə başgicəlləndirici məbləğdə qonorar da verib yadınızdadırsa. Onun verilişinə bizdə maraqla baxılır, amma əksəriyyətimizin xəbəri yoxdur ki, bu, heç də orijinal veriliş deyil, ruslara aid deyil. Yəni, bu, şələbığ Yakuboviç kafasının məhsulu ola biməz. “Pole çudes” Amerikanın “Wheel of Fortune” adlı verilişinin təqlididir, həmin veriliş də ilk dəfə NBC telekanalının ekranına 1975-ci ilin 6 yanvarında çıxıb. Bir “nə isə” də buna düşürmü?
Kimlər gəldi...
6 yanvar ingilislər üçün heç də xoş xatirə günü deyil, 1928-ci ildə Temza çayı sahillərindən çıxaraq Londona həmlə edib, evlər dağılıb, insanlar tələf olub, Vestminster sarayına, Tauer qülləsinə, Teyt qalereyasına xətər toxunub, şəhərin telefon əlaqəsi tam sıradan çıxıb; Bugünkü tarix boksçular üçünsə əziz tarixdir, 1681-ci ilin bu günündə ilk boks matçının keçirilməsi barədə tarixi mənbələrdə məlumatlar gedir. Həmin matç İngiltərədə baş tutub, saray əyanı ilə hersoqun qəssabı döyüşüblər. Təbii ki, qəssab qalib gəlib.
6 yanvar tarixi bir çox məşhuru dünyaya gətirən bir tarixdir, biləsiniz. Başlayaq elə ən cavanından – bizim komik aktyorumuz, “Bozbash Pictures”lə məşhurlaşan, indi əksər teleproqramlarda, komediya filmlərində yer alan, 1983-cü ilin 6 yanvarında Salyanda dünyaya vəsiqə qazanan İlkin Misgərlidən. Yeri gəlmişkən, deyilənə görə, pullu və təbii ki, vəzifəli kişilər yeyib-içəndə yaxşı qonorar müqabilində İlkini Hamlet obrazında dəvət edirlər ki, gəlib “nə gedər, nə gedər” şəbədəsini çıxarsın. Bizdə incəsənət hər halda qiymətləndirilir, görürsünüzmü? Burda bir gülümsəyən smaylik. Və davam edək. 1946-cı ilin bu günündə əfsanəvi “Pink Floyd” qrupunun üzvü Sid Barret, 1939-cu ildə sovet futbolunun ən görkəmli nümayəndəsi, futbol dühası, məşqçi Valeri Lobanobvski dünyaya gəliblər. 1938-ci ildə İtaliyada dünyaya gələn müğənninin adını isə xüsusi təntənə ilə çəkmək istəyirəm. Sovet dönəmindən bütün ölkədə, o cümlədən Azərbaycanda sevilən, indinin özündə də filmləri və mahnıları gündəmdən düşməyən məşhur Adriano Çelentano. Təsəvvür edin, eşitdiyimə görə, Lerikin bir ucqar kəndində bir ailədə dünyaya gələn uşağa Çelentanonun adını qoyublar.
1926-cı ildə Nobel mükafatçısı olan, 1997-2003-cü illərdə Koreya prezidenti, məşhur siyasi xadim Kim De Çjun, 1905-ci ildə ingilis fantast yazıçısı Erik Frenk Rassel, 1872-ci ildə rus bəstəkarı Aleksandr Skryabin, 1655-ci ildə “inteqral”ı kəşf edən isveçrəli riyazıyyatçı Yakob Bernulli, 1596-cı ildə Ukrayna getmanı Boqdan Xmelnitski və 1412-ci ildə Fransanın milli qəhrəmanı Janna Dark dünyaya gəliblər.
Kimlər getdi...
6 yanvarda dünyadan köçən məşhurlar da az deyil. 2009-cu ildə pank-musiqinin yaradıcısı, The Stooges qrupunun gitaraçısı Ron Eşton, 1993-cü ildə Sovet-Briyaniya baletmeysteri Rudolf Nureev (o, 1961-ci ildə heç kəsin cürət etmədiyi bir işə qol qoymuş, Briyaniyada qasrtolda olarkən geriyə - SSRİ-yə qayıtmaqdan imtina etmişdi), 1976-cı ildə tanınmış Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli, 1945-ci ildə məşhur Ukrayna və sovet filosofu Vladimir Vernadski, 1938-ci ildə... İcazə verin bir pauza edim burda. 1938-ci ilin 6 dekabrında Stalinin, qırmızı kommunizmin qəddar diktatura rejimi “xalq düşməni” adı altında şair Mikayıl Müşfiqi güllələyib. O Mikayıl Müşfiqi ki, indi şeirləri dillər əzbəridir, əsərləri dövlət varidatı elan edilib. Qəbri belə yoxdur bu böyük şairin. ”Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daş kəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim” deyən, heç sonradan da qırmızı rejimin, satqın və xain ətrafının əlindən xoş gün görməyən, cəmi 32 il ömür sürən Müşfiq, əslində Azərbaycan ədiblərinin tarixən bir talesizlik simvoludur. Çünki bizim ən böyük ədiblərimiz heç vaxt xoşbəxt olmayıblar.
1919-cu ilin 6 yanvarında Nobel mükafatçısı, ABŞ-ın prezidenti Teodor Ruzvelt, 1918-ci ildə çoxluq nəzəriyyəsini kəşf etmiş alman riyazıyyatçısı Qeorq Kantor, 1884-cü ildə moraviyalı bioloq, katolik qulluqçu, müasir genetikanın banisi Qreqor Mendel, 1831-ci ildə virtuoz fransız skripkaçısı Rudolf Kreyser axirət dünyasına köç ediblər. Bir kəlmə də bu sonuncu şəxs – Kreyser barədə deyim. O, zamanında o qədər populyar imiş ki, şöhrəti el-el gəzirmiş. Hətta dahi alman bəstəkarı Lüdviq van Bethoven onun ifa etməsi üçün məxsusi bir əsər də yazıbmış, həmin əsər dünya musiqi xəzinəsinin bir hissəsidir, Kreyser sonatası adını almış 9-cu simfoniyadır. Amma Kreyser bu əsəri ifa etməkdən imtina etmiş, onu bəsit hesab etmişdi. Siz bir dünyanın gərdişinə baxın.
Kor və karlar barədə ballada
Ən nahayət, bu gün 1883-cü ildə Livanda dünyaya gəlmiş, ərəb ədədbiyyatının ən görkəmli nümayəndəsi, yazar, filosof Cübran Xəlil Cübranın xatirə günüdür. Bu şəxsin həqiqətən də yaddaşlara yazılası kəlamları vardır, istəyərdim, onlardan üçünü sizlərə söyləyim:
“Bir-birinizi sevin, amma sevgini bir müqaviləyə çevirməyin”.
“Dostunuz danışmağı dayandırsa, ürəyiniz onun ürəyini dinləməyi davam etdirsin”.
“Yalnız ortaya çıxan işığı görə bilirsənsə və yalnız deyilən sözü eşidə bilirsənsə, demək, əslində sən nə görürsən, nə də eşidirsən”.
Şərhsiz.