Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Barbaranın tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Həmin çalışmaları sıra ilə sizlərə təqdim edirəm.
Birinci çalışma.
Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)