BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Aydan Məmmədli Featured

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir. 

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

Direktor:

 

Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı  şəhərində anadan olmuşam.

1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin oldum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 2009-cu ildə keçirilən əhalinin siyahıya alınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum-  Öz işini sevərək icra edən bir kollektivi olan, Demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim  5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrfə qalibiyyətlər və s. Bu illər ərzində  2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə  final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları,) İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM də qızıl medal qazandıq.  Məktəbdə Steam və Rəqəmsal layihələri  tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti, tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla, çalışaraq, istəyərək gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da  ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm.. Məktəbimi, Kollektivimi və işimi çox sevirəm.

 

Şagird:

 

Mən, Aydan Vüqar qızı Məmmədli 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda təhsilimi məktəbin 10-cu sinfində davam etdirirəm. 2023-cü ildə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının məktəblilər arasında “Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev-100” mövzusunda keçirdiyi inşa-yazı müsabiqəsində I yerin və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş “Düşünən şagird” hekayə müsabiqəsində II yerin qalibi olmuşam.

 

Esse

 

Həyat məktəbi

 

Məktəb hər birimizə gələcək həyatımız üçün yol açan, bu yola işıq saçan bir ocaqdır. Burada biz tək biliklərə yiyələnmirik, eyni zamanda gələcəyimizin təməlini qoyuruq.

189-190 nömrəli tam orta məktəb – bu, mənim, sinif yoldaşlarımın, yüzlərlə məktəb yoldaşımın, eləcə də bu ocaqdan məzun olaraq öz yollarını seçmiş minlərlə insanın həyatının təməlini qoyan bir məkandır. Əlifbanı burada öyrənirik. “Ana” sözünü deməyə körpə vaxtı ana qucağında başlasaq da, bu kəlmənin yazılmasını 1-ci sinifdə məktəbdə öyrənirik.

Yazıb oxumağı, hesablamağı mənimsəyib, illər ötdükcə, yuxarı siniflərə qalxdıqca müxtəlif sahələrdə daha dərin biliklərə yiyələnirik. İsmin hallarından budaq cümləyə kimi, sadə hesablamalardan triqonometriyaya kimi, təcildən optikaya kimi, kimyəvi elementlərdən üzvi birləşmələrə kimi hər şeyi məktəbdə öyrənirik.

Ancaq bizim məktəbdən aldığımız tək bilik deyil, müəllimlərimiz bizi gələcək həyata da hazırlayırlar. Bir yandan yuxarı siniflərdə bizim ixtisas seçimimizə həm öz fənlərini dərindən öyrətməklə, həm də fənlərinə sevgi yaratmaqla təsir göstərirlər, digər yandan doğru yol göstərməklə bizi düzgün istiqamətə yönəldir, düzgün seçimimizə təsir göstərirlər. Eyni zamanda müəllim adını yüksək səviyyədə daşıyanlar şagirlərinə tək bilik verməklə kifayətlənmir, onlara qayğı göstərir, problemləri ilə maraqlanır, hər cür dəstək göstərməyə çalışır, dəyərli məsləhətlər verir, yol göstərir, gələcək həyata hərtərəfli hazırlayırlar. Bir sözlə, burada biz tək biliklərə yiyələnməyirik, eyni zamanda bir həyat məktəbi keçirik - bizim sabahımızı müəyyənləşdirən, həyat yolumuza nur saçan, işıq salan, mayak olan bir məktəbi.

Fənləri yaxşı oxumaqla, mənimsəməklə yanaşı bu məktəbin, müəllimlərimizin bizə öyrətdiyi hər şeydən düzgün faydalanmaqla gələcəyimizin uğurlarını təmin etmiş oluruq. Əks təqdirdə, dərslərini oxumayanlar, müəllimlərini dinləməyənlər isə həyatın keşməkeşli yollarında çox əziyyət çəkirlər. Ona görə müəllimlərimizin, məktəbimizin bizə verdiklərindən maksimum yararlanmalıyıq ki, uğurlu gələcəyimizin təməlini qoya bilək.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.