Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət"
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Bu gün “Bu dünyanın qara daşı göyərməz” söyləyən, qadınsız yaşamağı, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməməyi əzab sayan xalq şairi Musa Yaqubun doğum günüdür.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib.
1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.
İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Şair ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.
2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adına layiq görülüb.
O, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmiş, Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür.
Parkinson xəstəliyindən əziyyət çəkən şair 2021-ci il mayın 7-də dogum gününə 3 gün qalmış İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişmiş və vəsiyyətinə əsasən yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, valideynlərinin və həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)